Əraqçının açıqlamasının PƏRDƏARXASI KONKRET

08.12.2025

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və İran arasında birgə mənafelər kifayət qədər genişdir. Bunu İranın xarici işlər naziri Abbas Araqçı Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Tehran Azərbaycan Prezidentinin İrana səfərini gözləyir. Maraqlı sual yaranır: Prezident İlham Əliyevin Tehrana səfəri iki ölkə münasibətlərində hansı dəyişikliklərə səbəb ola bilər?

Mövzu ilə bağlı politoloq Taleh Əliyev KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycan–İran münasibətlərində normallaşma istiqamətində addımlar müşahidə olunsa da, proses hələ də tam etimad mühitinin formalaşmasına gətirib çıxarmayıb:

“Azərbaycanla İran arasında münasibətlərin normallaşdırılması hər iki dövlət üçün faydalıdır və normal qonşuluq əlaqələrinin inkişafı baxımından müsbət tendensiyadır. Lakin təəssüflər olsun ki, İran dövlət quruluşunun spesifikliyi , əsas söz sahibinin ölkənin ali dini lideri olması bu prosesə təsirsiz ötüşmür. Onun çevrəsinə daxil olan şəxslər tərəfindən zaman-zaman Azərbaycana qarşı səsləndirilən qərəzli və təhdid xarakterli fikirlər etimadı sarsıdır, səmimiyyətə kölgə salır”.

Politoloq hesab edir ki, hələlik mövcud gərginlik tam aradan qalxmayınca Prezident İlham Əliyevin Tehrana səfəri real görünmür:

“Belə bir səfərin baş tutması üçün mütləq münasibətlərdə yeni mərhələ başlanmalıdır. İran XİN rəhbərinin Bakıya səfəri, sərhəd zonasına və Şəhidlər xiyabanına ziyarəti, eləcə də ortaq maraqlara dair səsləndirdiyi fikirlər normal münasibətlərin bərpasına yönəlmiş mesajlardır. Ümid etmək olar ki, İrandakı radikal, mühafizəkar dairələr bu prosesə mane olmayacaqlar”.

Taleh Əliyevin sözlərinə görə, tərəflərin başladığı dialoq və qarşılıqlı etimad təşəbbüsləri hər iki ölkə vətəndaşlarının maraqlarına xidmət edən münasibətlərin bərpasını sürətləndirə bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью