Əraziləri işğal edilən Ukraynanın NATO ya üzv edilməsini düşünmək çox böyük bir absurd olardı

04.03.2025

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna prezidenti Volodimir Zelenski dövlət başçısının dəyişdirilməsinin çətin proses olacağını deyib. Zelenski qeyd edib ki, bu ancaq müharibəyə son qoyularaq, Ukraynanın NATO-ya üzvlüyü baş verdiyi halda real ola bilər. "Vəzifədən getməyə gəlincə, məni əvəzləmək asan olmayacaq. Yəni, sadəcə olaraq seçki keçirmək kifayət deyil, mənə mane olmalısınız. Bu, bir az daha çətin məsələdir. Belə çıxacaq ki, mənimlə danışıqlar aparmalısınız, mən də deyirəm ki, mən NATO ilə əvəz oluna bilərəm. NATO varsa və müharibə bitibsə, deməli, missiyamı yerinə yetirmişəm"-deyə Zelenski qeyd edib. Volodimir Zelenski eyni zamanda Ukraynanın qərarlarına təsir göstərməyə cəhd edə biləcək beynəlxalq tərəfdaşların təzyiqindən də danışıb. Prezident bu cür yanaşmaları tənqid edərək, onların demokratik prinsiplərə zidd olduğunu qeyd edib.

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün Ukraynadakı seçkilər mövzusu təkcə Ukrayna torpaqlarını tutan Rusiya tərəfindən səsləndirilən bir məsələ deyil.

Tural İsmayılov

“Artıq biz açıq aydın görürük ki, Amerika Birləşmiş Ştatlarının yeni administrasiyası Zelenskinin hakimiyyətinin legitimliyi məsələsini şübhələndirməyə çalışır. Həm Trampın, həm vitse-prezident Cadwensin, həm də eyni zamanda İlon Maskın açıqlamaları da bu fondadır. Ukraynanın daxilindəki seçkilər prosesi Amerika Birləşmiş Ştatlarının indiki yanaşması üçün əsas və həssas bir məsələ olaraq görünür. Faktiki olaraq Amerika Birləşmiş Ştatlarının idarəetmə rəhbərliyi çalışır ki, bu seçkilər məsələsində daha çox təzyiqlər edərək, istədiyi nəticəyə nail olsun”-deyə Tural İsmayılov vurğulayıb.

Politoloq qeyd edib ki, bütün bunlara baxmayaraq Ukraynadakı seçkilərin təxirə salınmasına səbəb aydındır:  “Ölkədə fövqəladə vəziyyət hökm sürür. Eyni zamanda Rusiya ilə müharibə vəziyyəti var. Təbii ki, müharibə vəziyyətində dünyanın istənilən ölkəsində seçkilər təxirə salınır və başqa vaxtda keçirilir”.

Tural İsmayılovun fikrincə, hətta Qərb özü də yaxşı bilir ki, Rusiya ilə müqavilə imzalamaq özü də Ukrayna ilə Rusiya arasında əbədi və davamlı bir sülh demək deyil. Hətta Rusiya ilə imzalanan çərçivə sazişindən, müqaviləsindən sonrakı dövrdə də Ukraynanın qarşısında ciddi çağırışlar və sınaqlar var.

Tural İsmayılov hesab edir ki, önümüzdəki 4-5 il ərzində Zelenski hakimiyyəti Ukraynada seçkilər keçirməkdə o qədər istəkli deyil.

Politoloqun fikrincə, Ukraynanın NATO ilə bağlı heç bir şansı yoxdur.

“Ümumiyyətlə, “Maydan” ssenarisi baş verəndə də bəlli olan məsələ idi ki, heç kim Ukraynanı nə Avropa İttifaqına, nə də NATO-ya üzv etməyəcək. Xüsusilə, əraziləri işğal edildikdən sonra Ukraynanın NATO-ya üzv edilməsini düşünməyin özü çox böyük bir absurd olardı”-deyən Tural İsmayılov vurğulayıb ki, Ukraynada hakimiyyətdə kimin olmağından asılı olmayaraq, Ukrayna heç vaxt nə Avropa İttifaqına, nə də NATO ya üzv qəbul edilməyəcək.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью