Ərazisində ABŞ yə məxsus hərbi bazanın yerləşdiyi Türkiyənin İrana hərbi müdaxilədən narahat olması əsaslıdır

27.01.2026

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan hesab edir ki, ABŞ artıq İrana çox təzyiq göstərir. “Sanksiyalar İran iqtisadiyyatına həqiqətən zərər verir. Buna görə də insanlar etiraz edirlər. Lakin İran danışıqlara hazırdır. Bu danışıqları aparmaq üçün düzgün yol tapmalıyıq", - deyə türkiyəli nazir bildirib.Türkiyə ABŞ-İran münasibətlərində niyə bu qədər həssaslıq göstərir?

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyənin İran məsələsində həssaslığı anlaşılandır, çünki İranda vəziyyətin qarışması və pis ssenarilər region ölkələrinə, o cümlədən Türkiyəyə də kifayət qədər mənfi neqativ təsir edə bilər.

Oqtay Qasımov

“İran Türkiyə ilə qonşu ölkədir. Türkiyə ərazisində NATO və dolayısı ilə Amerika Birləşmiş Ştatları hərbi bazasının da olduğunu nəzərə alsaq, bu mövqe anlaşılandır.

Digər tərəfdən, Türkiyə bütün dövlətlərin, o cümlədən də İranın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyən ölkələrdən biridir və Türkiyə İranda baş verə biləcək dəyişikliklərin dinc yolla həyata keçirilməsindən yanadı və hərbi müdaxiləni istisna edir və buna qarşı çıxır”-deyən politoloq hesab edir ki, Hakan Fidanın son açıqlaması da məhz bunu göstərir.

Oqtay Qasımov qeyd edib ki, İranda ən pis hərbi ssenari, genişmiqyaslı əməliyyatlar variantı işə düşərsə, bu da Türkiyə üçün zərərlidir: “İran tərəfindən Amerika Birləşmiş Ştatlarının bazalarının vurulacağı ilə bağlı təhdidlər var və eyni zamanda bu Türkiyə ərazisinə 100 minlərlə, bəlkə də milyonlarla qaçqının gəlməsinə səbəb ola bilər ki, bu da Türkiyənin onsuz da hazırkı çətin durumunda vəziyyəti daha da mürəkkəbləşdirə bilər”.

Oqtay Qasımov hesab edir ki, İran daxilindəki istənilən xaos, iğtişaş və vətəndaş qarşıdurmasının Türkiyə üçün də kifayət qədər neqativ təsirləri olacaq.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью