Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Ərdəbilin imam cüməsi Həsən Amuli “Səhər TV”də çıxışı zamanı 20 Yanvar faciəsi barədə danışıb.
Bakupost.az Tribuna.az-a istinadən xəbər verir ki, əyalət mollası bu dəfə həmin faciəyə yeni “ad” qoyub.
Həsən Amuli bildirib ki, 20 Yanvar hadisələri təkcə faciə deyil, eyni zamanda “Dünya Müsəlman Azərbaycanlılarının Birliyi Günü” kimi dəyərləndirilməlidir. Bununla da kifayətlənməyən molla daha irəli gedərək iddia edib ki, həmin günlərdə ABŞ sovet qoşunlarına dəstək verib.
Bu açıqlama istər tarixi faktlar baxımından, istərsə də siyasi məntiq nöqteyi-nəzərindən ciddi suallar doğurur. Sovet qoşunlarının törətdiyi qırğınların həyata keçirilməsində ABŞ-nin SSRİ-yə hansı köməyi dəyə bilərdi ki?
Xatırladaq ki, 1990-cı il hələ “Soyuq müharibə”nin tam bitmədiyi, ABŞ ilə SSRİ-nin bir-birinə geosiyasi rəqib olduğu dövr idi. Vaşinqtonla Moskva arasında hərbi, ideoloji və siyasi qarşıdurma onilliklər boyu davam etmişdi. Belə bir şəraitdə ABŞ-nin sovet ordusunun Bakıda həyata keçirdiyi qanlı əməliyyata hansı formada və hansı mexanizmlə dəstək verməsi mümkündür? Nə arxiv sənədləri, nə beynəlxalq hesabatlar, nə də dövrün diplomatik yazışmaları bu cür bir “dəstəyi” təsdiqləyir.
Əksinə, Qərb ölkələri, o cümlədən ABŞ, 20 Yanvar hadisələrindən sonra insan hüquqlarının kobud şəkildə pozulması ilə bağlı Sovet İttifaqına qarşı tənqidi mövqe nümayiş etdirmişdi. Bu faktlar ortadaykən, ABŞ-ni sovet qırğınına ortaq kimi təqdim etmək yalnız siyasi manipulyasiya və məsuliyyəti əsas günahkardan yayındırmaq cəhdi kimi görünür.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Musavat.com-a bildirib ki, Amuli İran-ABŞ ilə münasibətlər fonunda bu cür əsassız fikirlər səsləndirir:
“Amerikanı dünyada harada hər hansı bir gərginlik, qarşıdurma və ya faciə baş verirsə, onunla əlaqələndirməyə çalışırlar. Ola bilsin ki, dünyanın böyük dövlətlərinin hamısının tarixində bu və ya digər formada belə hallara rast gəlinir. Lakin konkret olaraq 20 Yanvar hadisələri ilə bağlı ABŞ-nin roluna dair iddia irəli sürmək tamamilə əsassızdır və heç bir faktla təsdiqlənmir”.
Onun sözlərinə görə, ikincisi isə ondan ibarətdir ki, Həsən Amulinin fikirlərinə ümumiyyətlə, əhəmiyyət verməyə dəyməz:
“O, onsuz başdanxarab, cahil və dünyadan bixəbər bir adamdır. Ağlına nə gəlirsə, ölçüb-biçmədən danışır. Azərbaycanlı olsa belə, nə şiəliyin, nə də insanlığın mahiyyətini dərk edə bilən bir səviyyədə deyil, əksinə, hər ikisinin ən aşağı mərtəbəsində dayanan adamlardandır. Bu baxımdan onun söylədikləri nə ciddi qəbul edilməli, nə də geniş müzakirə mövzusuna çevrilməlidir. Ona görə də bu cür şəxslər haqqında danışmağa ümumiyyətlə dəyməz”.