Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Antalyada keçirilən COP31 Liderlər Zirvəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kipr Rum Administrasiyasının lideri Nikos Xristodulidesi şəxsən qarşılamaması müzakirələrə səbəb olub.
Bakıvaxtı.az "Haber Global"a istinadən xəbər verir ki, Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş sammitdə iştirak edən liderləri birlikdə qarşılasa da, Xristodulidesin gəlişi zamanı Ərdoğan qarşılanma məntəqəsində olmayıb.
Hadisə Yunanıstan və Kipr mətbuatında diplomatik hörmətsizlik kimi qiymətləndirilib.
Görüntülərə əsasən, Kipr Rum Administrasiyasının lideri zirvə görüşünün keçirildiyi əraziyə çatdıqda rəsmilər ondan gözləməsini xahiş ediblər. Bundan dərhal sonra ekranlarda böyük Türkiyə bayrağı əks olunub.
Həmin vaxt qonaqları qarşılama zonasında yalnız BMT-nin Baş katibi Antonio Quterreş qalıb. Bir müddət gözlədikdən sonra Xristodulides Quterreşin dayandığı yerə yaxınlaşıb.
Quterreşlə Xristodulidesin söhbəti canlı yayım kameralarına düşüb. Görüntülərdə söhbət zamanı Kipr Rum Administrasiyasının liderinin üz ifadəsinin dəyişdiyi diqqət çəkib. Lakin onların müzakirəsinin məzmunu barədə rəsmi açıqlama verilməyib.
Yunanıstan mediası baş verənləri “Antalyada sərt diplomatik gərginlik” başlığı ilə işıqlandırıb. Yunanıstan hökumət mənbələri isə Ərdoğanın qarşılama mərasimində iştirak etməməsini Xristodulidesə qarşı “hörmətsizlik əlaməti” kimi dəyərləndirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi etdiyi sammitdə altı qitədən 95 ölkəni təmsil edən 102 lider iştirak edib.
Murad İsmayıl