Azpost saytına istinadən Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran ətrafında yeni gərginlik təhlükəsinin artdığı bir vaxtda ABŞ Prezidenti Donald Trampa Ankaranın Vaşinqtonla Tehran arasında vasitəçilik edə biləcəyini bildirdiyini açıqlayıb.
“Bu məsələləri ABŞ Prezidenti cənab Donald Trampla müzakirə etdim və narahatlıqlarımızı ona çatdırdım. Sülhə və diplomatiyaya yol açmaq üçün vasitəçi kimi çıxış etməyə hazır olduğumuzu bildirdik”, – deyə Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib.
Türkiyə lideri Ankaranın İrana qarşı yeni hücum dalğasının başlamasını və regionda sabitliyin daha da pozulmasını istəmədiyini vurğulayıb. Onun sözlərinə görə, Türkiyə problemlərin dialoq və diplomatiya yolu ilə həllinin tərəfdarıdır və gərginliyin qarşısını almaq üçün bütün mümkün səyləri göstərir.
Ərdoğan bildirib ki, vəziyyətin mənfi istiqamətdə inkişaf etməsi ilə bağlı Türkiyənin narahatlıqlarını Trampa çatdırıb.
O, tərəflərin sağlam düşüncə nümayiş etdirəcəyinə və regionun daha böyük qarşıdurmadan yayına biləcəyinə ümid etdiyini deyib. Prezidentin sözlərinə görə, yeni toqquşmalar regiona əlavə itkilər gətirəcək və münaqişənin nəticələri yalnız birbaşa qarşıdurma iştirakçılarına təsir etməyəcək.
Ərdoğan mümkün müharibənin nəticələrinin geniş coğrafiyaya yayıla biləcəyini qeyd edib. Onun fikrincə, bu nəticələr Türkiyədən və Fars körfəzi ölkələrindən İraq, Suriya, Avropa və Asiyaya qədər böyük əraziləri əhatə edə bilər.
Post navigationPrevious: Özgür Özəl İlham Əliyevə zəng etdi – “Azərbaycanın sevinci sevincimizdir”