Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən COP31 Liderlər Sammitində dünya liderlərini qarşılayarkən Cənubi Kiprin lideri Nikos Xristodulidisi qarşılamayıb. Ərdoğan qarşılanma məkanını tərk etdikdən sonra Xristodulidisi BMT-nin Baş katibi Antonio Quterreş qarşılayıb.
Türkiyənin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində keçirilən Liderlər Sammitində diqqətçəkən görüntülər qeydə alınıb.
Bizim.Media xəbər verir ki, sammitdə iştirak edən dövlət və hökumət başçıları Antalyadakı toplantı məkanına gəlməyə başlayıblar. Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş liderləri qarşılayıb, onlarla əl sıxaraq xatirə şəkilləri çəkdiriblər.
Lakin Cənubi Kiprin lideri Nikos Xristodulidisin gəlişi zamanı fərqli mənzərə yaranıb. Ərdoğan qarşılanma məntəqəsində olmadığı üçün onu yalnız Quterreş qarşılayıb. Onlar əl sıxdıqdan sonra kameralar qarşısında şəkil çəkdirib və qısa söhbət ediblər.
Kipr mətbuatının məlumatına görə, Ərdoğan Xristodulidisin gəlişindən əvvəl qarşılanma məntəqəsini tərk edib.
Ərdoğanın Xristodulidisi qarşılamaması Kipr Administrasiyasında da reaksiyaya səbəb olub. Hökumətinin sözçüsü Konstantinos Letimbiotis Ərdoğanın qarşılanma məntəqəsindən ayrılmasını tənqid edərək, bu davranışı Birləşmiş Millətlər Təşkilatına qarşı hörmətsizlik kimi qiymətləndirib.
Ərdoğanın qarşılanma məntəqəsində olmamasının səbəbi ilə bağlı Türkiyə rəsmiləri tərəfindən rəsmi açıqlama verilməyib. Buna görə də baş verənlərin əvvəlcədən planlaşdırılmış diplomatik etiraz olub-olmadığı hələlik məlum deyil.
Sammitdə diqqət çəkən digər məqam Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanın qarşılanması olub. Erhürmanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb. Həmin vaxt BMT-nin Baş katibi Quterreş qarşılanma məntəqəsində olmayıb.
Beləliklə, Şimali Kipr lideri Tufan Erhürmanla Cənubi Kipr lideri Nikos Xristodulidisin qarşılanma qaydaları arasındakı fərq diqqət çəkib.
Xatırladaq ki, noyabrın 9-dan 20-dək Türkiyənin ev sahibliyi ilə keçirilən COP31 çərçivəsində Liderlər Sammiti noyabrın 11-12-də baş tutur.
Prezident Ərdoğanın ev sahibliyi etdiyi sammitdə dövlət və hökumət başçıları iqlim dəyişikliyi ilə mübarizəyə dair milli hədəflərini açıqlayırlar.
Görüşlərin gündəliyində təmiz enerjiyə keçid, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və Paris Sazişinin icrasının sürətləndirilməsi kimi məsələlər yer alır. Antalyadakı tədbir iqlim danışıqları ilə yanaşı, dövlət başçıları arasında diplomatik təmaslara da ev sahibliyi edir.
Bizim.Media