Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin müdafiə sənayesinin inkişafını dayandıra bilməyəcəyini və əsas məqsədin bu sahədə tam müstəqilliyə nail olmaq olduğunu bildirib.
Xəbəri “Anadolu” verib.
Ərdoğan deyib: “Müdafiə sənayemizi inkişaf etdirməyi dayandıra bilmərik. Məqsədimiz müdafiə sənayesində tamamilə müstəqil bir Türkiyədir. Bu məqsədə çatana qədər fasiləsiz və dincəlmədən işləməyə davam edəcəyik”.
Dövlət başçısı Ankaradakı Prezident Sarayında keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib. Prezidentin sözlərinə görə, görüşdə Türkiyədə və dünyada baş verən mühüm hadisələr, eləcə də qlobal iqtisadi transformasiya kontekstində Türkiyə sənayesinin gücləndirilməsinə yönəlmiş layihələr müzakirə olunub.
“Biz, hökumət olaraq, Türkiyəni, onun sənayesini inkişaf etdirməyə, rifahı artırmağa, ərzaq təhlükəsizliyini, sülhü təmin etməyə sadiqik. Biz ardıcıl olaraq investisiya, istehsal, məşğulluq və ixraca əsaslanan davamlı artım strategiyasını həyata keçiririk. İstehsal gücünün qorunması bizim əsas prioritetimiz olaraq qalır”, - deyə o qeyd edib.
Ərdoğan xatırladıb ki, 12-ci İnkişaf Planının müddəaları nəzərə alınmaqla hazırlanmış yenilənmiş Orta Müddətli İqtisadi Proqram ictimaiyyətə təqdim edilib.
P.ƏMİRCANOV
XQ