Icma.az bildirir, GlobalInfo portalına istinadən.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin ABŞ ilə İran arasında gərginliyin azaldılması üçün vasitəçi rolunu üzərinə götürməyə hazır olduğunu açıqlayıb. O bildirib ki, Ankara bu istiqamətdə diplomatik təmaslarını davam etdirəcək.
Globalinfo.az xəbər verir ki, Ərdoğan bu fikirləri Səudiyyə Ərəbistanının “Asharq Al-Awsat” qəzetinə müsahibəsində səsləndirib.
Türkiyə lideri vurğulayıb ki, rəsmi Ankara İran əleyhinə hər hansı hərbi addımları qəbulolunmaz hesab edir.
“İran və ABŞ arasında gərginliyin azaldılması və problemlərin həlli üçün vasitəçi rolunu oynamağa hazır olduğumuzu təsdiqləyirik və bu istiqamətdə əlaqələrimizi davam etdirəcəyik”, – deyə Ərdoğan bildirib.
Diplomatik səylərə toxunan Türkiyə prezidenti qeyd edib ki, Ankara bu məsələdə regiondakı tərəfdaşları ilə kordinasiyalı şəkildə hərəkət edir. Onun sözlərinə görə, Türkiyənin Səudiyyə Ərəbistanı və Pakistan da daxil olmaqla dost ölkələrlə təmasları var.
Ərdoğan əlavə edib ki, Türkiyə məsələyə bloklar və ya hərbi-siyasi ittifaqlar prizmasından yanaşmır və əsas məqsəd regionda sabitliyin qorunmasıdır.
Əliyar Xəlil