Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini ifadə edən mühüm hadisədir. Türkiyə və Azərbaycan sevincdə də, kədərdə də bir-birinin yanında olan dövlətlərdir. Türkiyə Prezidentinin Azərbaycan tarixinin ən şanlı qələbələrindən biri olan Qarabağ Zəfərinin ildönümündə Azərbaycanda olması məhz bu qardaşlığın və müttəfiqliyin təbii təzahürüdür.
Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi general-mayor Yücel Karauz 8 Noyabr – Zəfər Günü münasibətilə Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gözlənilən səfəri ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, bu səfər yalnız rəsmi mərasimdə iştirak deyil, Azərbaycan xalqının tarixi qələbəsinə Türkiyənin verdiyi mənəvi və siyasi dəyərin, iki ölkənin sarsılmaz müttəfiqliyinin aydın ifadəsidir:
“Şuşa Bəyannaməsi ilə rəsmiləşmiş müttəfiqlik münasibətləri ortaq tarixə, ortaq dəyərlərə və gələcəyə dair ortaq məsuliyyətə söykənir. Türkiyə Prezidentinin Zəfər Günü ərəfəsində Azərbaycan xalqına çatdırdığı təbrik və səfər qərarı bu bağlılığı bir daha nümayiş etdirir.
Bu davranış dosta güvən, düşmənə isə çəkindirici mesaj verir: Azərbaycan tək deyil, Türkiyə ilə müttəfiqliyi möhkəm və davamlıdır. Eyni zamanda, istər daxildən, istərsə də xaricdən Azərbaycan–Türkiyə qardaşlığına xələl gətirməyə, münasibətlərdə ixtilaf görüntüsü yaratmağa çalışan dairələrə verilən ən gözəl cavab iki dövlətin yüksək səviyyədə nümayiş etdirdiyi birlikdir. Bu birlik emosional şüardan ibarət deyil. Siyasi iradəyə, hüquqi müttəfiqliyə və ortaq strateji maraqlara əsaslanır.
Prezident Ərdoğanın 8 Noyabrı Azərbaycan xalqı ilə birlikdə qeyd etməsi Qarabağ Zəfərinin sevincinin Türkiyədə də yaşandığını və iki xalqın taleyinin bir-birinə bağlı olduğunu göstərən güclü qardaşlıq mesajıdır”.