Ərdoğanın Yaxın Şərq planı: ABŞ, Rusiya və İran...

04.02.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslanan münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişafı məmnunluq doğurur.

Məhz diplomatik-siyasi, iqtisadi-ticari, enerji və hərbi təhlükəsizlik sahələrində ikitərəfli münasibətlərin möhkəmlənməsi həm Ankara, həm də Ər-Riyad üçün xüsusi əhəmiyyət kəsb edir. 

Hazırkı dövrdə Türkiyə və Səudiyyə Ərəbistanı arasında dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi Yaxın Şərqdə hazırkı geosiyasi proseslərdə iki ölkənin əməkdaşlığına da yol açır.

Bildirək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 3-də Səudiyyə Ərəbistanına rəsmi səfər edib. Səfər çərçivəsində Türkiyənin dövlət başçısı Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman Əl Saudla görüşüb.

Hər iki liderin görüşündə ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri, həmçinin energetika, müdafiə sənayesi, investisiyalar, ticarət və texnologiyalar sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər regional və qlobal proseslərə də diqqət ayırıblar. Belə ki, Türkiyə lideri Fələstində humanitar böhranın mümkün qədər tez aradan qaldırılması üçün səylərə hazır olduğunu vurğulayıb, Suriyada sabitliyin və ərazi bütövlüyünün qorunmasının əhəmiyyətindən danışıb.

Prezident Ərdoğan Ankaranın Suriyanın bərpası məsələlərində Ər-Riyadla əməkdaşlığa hazır olduğunu da qeyd edib. Ayrıca olaraq Yəməndə mövcud vəziyyət və Şərqi Afrika ölkələrində baş verən hadisələr müzakirə edilib, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında dörd saziş imzalanıb, həmçinin birgə bəyanat yayımlanıb. 

Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Türkiyə və Səudiyyə Ərəbistanı arasında münasibətlərin genişlənməsi hər iki ölkənin maraqlarına uyğundur:

“Bir zamanlar iki ölkənin münasibətlərində problemlər olub, amma son illər Ankara və Ər-Riyad ikitərəfli münasibətlərin normallaşması, eyni zamanda bu münasibətlərin daha da inkişaf etməsi üçün ciddi səy göstərilir.

Bu gün Səudiyyə Ərəbistanı Körfəz bölgəsinin lider ölkələrdən bidirir, Türkiyə isə yerləşdiyi coğrafiyada geosiyasi proseslərin aktiv və aparıcı oyunçusudur. 

Hər iki ölkə arasında münasibətlərin və əməkdaşlığın möhkəmlənməsi Yaxın Şərqin təhlükəsizliyinin, o cümlədən qlobal müstəvidə təhlükəsizliyin təmin edilməsi baxımından önəmlidir.

Bununla paralel olaraq, hər iki ölkə iqtisadi-ticari, enerji və hərbi təhlükəsizlik sahələrində də münasibətləri genişləndirir. Ərdoğanın Ər-Riyada səfəri çərçivəsində hər iki ölkənin rəsmiləri arasında bu sahələrdə birgə əməkdaşlıqla bağlı müqavilələr imzalanıb”.

Onun sözlərinə görə, Türkiyə Prezidnti Rəcəb Tayyib Ərdoğanın Ər-Riyada səfəri qlobal gündəmdəki proseslərdən qaynaqlanır:

“Burada ən önəmli məsələ İran ətrafında cəriyan edən proseslərdir. Türkiyə ABŞ ilə İran arasında toqquşmanın baş verməsini istəmir. Səudiyyə Ərəsbistan da buna qarşıdır. Ankara və Ər-Riyadın Yaxın Şərqin gələcək taleyi ilə bağlı gündəliyi eynidir.

İrandakı mövcud rejimin siyasəti hər iki ölkənin regional siyasət strategiyasına uyğun olmasa da, Tehran regionda hər iki ölkəyə qarşı problemlər yaratsa da, İranda genişmiqyaslı müharibənin baş verməsi nə Ankara, nə də Ər-Riyadın maraqlarına uyğun deyil.

Həm Ankara, həm də Ər-Riyad İran ilə ABŞ arasındakı problemlərin yalnız danışıqlar masasında həll olunmasının tərəfdarıdır. ABŞ-nin İrana hərbi müdaxiləsinin gözləndiyi bir zamanda Ərdoğanın Ər-Riyada rəsmi səfəri onu deməyə əsas verir ki, hər iki ölkə müdaxiləyə qarşıdır və belə bir halın qarşısının alınması istiqamətində birgə addımlar atmaq niyyətindədir”.

Politoloq qeyd edib ki, Türkiyə və Səudiyyət Ərəbistanı Qəzza məsələsində də eyni mövqedən çıxış edirlər:

“Hesab edirəm ki, hər iki ölkənin münasibətlərinin genişlənməsi və möhkəmlənməsi İran və Qəzza ilə bağlı məsələlərin sülh şəkilində həll olunmasına töfhə verə bilər. Hər iki ölkənin regional siyasi müstəvidə attıdığı birgə addımlar buna söykənir”. 

Yunis Abdullayev
“Cebheinfo.az”

Açar sözlər: Ərdoğan Asif Nərimanlı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью