Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Noyabrın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfərinin 6-cı ildönümü münasibətilə Azərbaycana səfər edib. Prezident Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan müşayiət edib.
Prezident Ərdoğanı daşıyan təyyarə günorta saatlarında Qarabağ bölgəsində yerləşən Füzuli Beynəlxalq Hava Limanına enib.
Ərdoğan hava limanında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, eləcə də azərbaycanlı və türkiyəli rəsmilər tərəfindən qarşılanıb.
Qarşılanma mərasimindən sonra qol-qola addımlayan Ərdoğan və Əliyev onları gözləyən nümayəndə heyətlərini salamlayıblar. İki liderin səmimi görüntüləri və söhbət anları diqqət çəkib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanla yanaşı, bir sıra rəsmi şəxslər də Azərbaycana gəliblər.
Belə ki, Prezidenti həyat yoldaşı Əminə Ərdoğanla yanaşı, Türkiyənin xarici işlər naziri Hakan Fidan, kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran, Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç, Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr üzrə sədri Kürşad Zorlu, eləcə də Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım müşayiət edir.