Ərəb dilində cəmi 78 259 söz varmış

21.08.2026

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ərəb dilinin minillik tarixini, sözlərin mənşəyini və zamanla keçdiyi dəyişiklikləri bir araya gətirən nəhəng tarixi-etimoloji lüğət hazırlanıb. 127 cilddən ibarət əsər dünyanın ən böyük tarixi-dil layihəsi kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.

Azpost.info bildirir ki, “Ərəb dilinin tarixi lüğəti” ərəb dilinin bütün lüğət tərkibini əhatə edən genişmiqyaslı elmi layihədir. Lüğətdə sözlərin yalnız müasir mənaları deyil, onların mənşəyi, etimologiyası, müxtəlif dövrlərdə istifadəsi və mənbələri də araşdırılıb.

Layihənin əsas xüsusiyyətlərindən biri sözlərin tarixinin mümkün qədər qədim mənbələrə qədər izlənməsidir. Hər bir sözün digər sami dillərindəki qarşılıqları da göstərilir. Bu isə lüğəti sadəcə ərəb dilinin söz bazası deyil, eyni zamanda Sami dillərinin tarixi və qarşılıqlı əlaqələrinin öyrənilməsi baxımından mühüm mənbəyə çevirir.

Beş tarixi dövr araşdırılıb

Lüğətdə sözlərin inkişafı beş tarixi dövr üzrə izlənilir.

Araşdırma islamdan əvvəlki dövrə aid kitabələrdən başlayır və ərəb dilinin müasir istifadəsinə qədər davam edir.

Qeyd olunan məlumata əsasən, ərəb dilində 12009 kök söz var. Bu köklərdən real olaraq törəmiş 78259 söz təsbit edilib.

Sözlər onların köklərinə əsasən sistemləşdirilib. Hər bir sözün izahı isə orijinal tarixi mənbələrdən götürülmüş sitatlarla təsdiqlənib.

Belə yanaşma tədqiqatçılara sözün hansı dövrdə meydana çıxdığını, necə istifadə edildiyini və zaman keçdikcə mənasında hansı dəyişikliklərin baş verdiyini izləməyə imkan verir.

Lüğətin başqa mühüm xüsusiyyəti ərəb sözlərinin digər Sami dillərindəki qarşılıqlarının göstərilməsidir. Bu, sözlərin yalnız ərəb dili daxilində deyil, daha geniş dil ailəsi kontekstində araşdırılmasına şərait yaradır.

Layihəyə Şarja əmiri rəhbərlik edib

Layihəyə şəxsən dr. Sultan bin Muhəmməd əl-Qasimi rəhbərlik edib və onun maliyyələşdirilməsini də üzərinə götürüb. Əl-Qasimi Şarja əmiri, BƏƏ Ali Şurasının üzvü və Şarja Ərəb Dili Akademiyasının sədridir.

Lüğətin hazırlanması uzun illər davam edib. Layihədə ərəb dili üzrə mütəxəssislər, tədqiqatçılar və Sami dilləri üzrə alimlər iştirak ediblər. Beləliklə, müxtəlif elmi istiqamətləri birləşdirən böyük tədqiqat qrupu ərəb dilinin tarixi inkişafını mümkün qədər geniş şəkildə sənədləşdirməyə çalışıb.

127 cildlik əsər necə rekord oldu?

“Ərəb dilinin tarixi lüğəti” 2024-cü ilin oktyabrında tamamlanaraq nəşr olunub.

Ümumilikdə 127 cilddən ibarət olan layihə 18 dekabr 2024-cü ildə Ginnesin Rekordlar Kitabı tərəfindən rəsmi şəkildə təsdiqlənib. Layihəyə “dünyada ən böyük və ən əhatəli tarixi dil layihəsi” titulu verilib.

127 cildlik bu əsərin əhəmiyyəti yalnız onun həcmi ilə məhdudlaşmır. Lüğət ərəb dilindəki sözlərin keçdiyi tarixi yolu sistemli şəkildə göstərməklə dilin minillik inkişafını sənədləşdirən böyük elmi arxiv funksiyasını da daşıyır.

Dil tarixində sözlərin mənşəyini və dəyişməsini müəyyənləşdirmək mühüm elmi məsələlərdən biridir. Çünki sözlər yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda xalqların tarixi, mədəniyyəti və müxtəlif sivilizasiyalar arasındakı əlaqələr haqqında məlumat daşıyır.

Bu baxımdan 127 cildlik “Ərəb dilinin tarixi lüğəti” ərəb dilinin keçmişindən müasir dövrə qədər uzanan geniş elmi xəritə yaratması ilə diqqət çəkir.

https://almojam.org/?fbclid=IwY2xjawT1OxRwZG9mAWV4dG4DYWVtAjEwAGJyaWQRMUZUUDk4SHlHVWNBWFBQcG5zcnRjBmFwcF9pZBAyMjIwMzkxNzg4MjAwODkyAAEeZRWbUa9W5lzaQiIJyrQk1yAIfMs3bxosQqgNlU3iAv98z0TuCFo8OOp_VlY_aem_7V4_UjvqaqEJgjC8k48FDA

N.Talıblı

AzPost.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью