Ərəb Dövlətləri UNRWA nın mandatının uzadılması üçün keçirilmiş səsvermə nəticələrini alqışlayıb

08.12.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qahirə, 6 dekabr, AZƏRTAC

Ərəb Dövlətləri Liqası BMT Baş Assambleyasında cümə günü Fələstin Qaçqınlarına Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) mandatının üç il müddətinə uzadılması üçün keçirilən səsvermə nəticələrini alqışlayıb.

AZƏRTAC Qətərin QNA agentliyinə istinadla xəbər verir ki, Ərəb Dövlətləri Liqası bu gün verdiyi bəyanatda UNRWA-nın fəaliyyət göstərdiyi beş ərazidə milyonlarla fələstinli qaçqının yaşayış və iş təminatında mühüm rol oynadığını vurğulayıb.

Bundan başqa, bəyanatda qeyd olunur ki, son iki il ərzində müharibə nəticəsində Qəzza sektorunda yaranan fəlakətli humanitar vəziyyət BMT agentliyinin fəaliyyətini daha da zəruri edib. UNRWA imkanları və əməkdaşlarının təcrübələri ilə Qəzzada humanitar yardım və bərpa prosesində ən vacib qurum olaraq qalır.

Ərəb Dövlətləri Liqası bu vacib səsvermənin UNRWA-nın rolunun yenilənməsinə və ona fəaliyyətinə dəstək verilməsinə bir başlanğıc olacağına ümid edir.

Eyni zamanda, Liqa bütün donor ölkələri UNRWA agentliyinin 200 milyon dollar həcmindəki maliyyə çatışmazlığını aradan qaldırmaq üçün təcili tədbirlər görməyə çağırıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью