Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ərəb dünyasının varlı şəxslərinin milyonlarla dollar dəyərində alışları diqqət çəkir. Onların arasında rekord qiymətə alınan avtomobil nömrəsi, lüks yaxta və dünya şöhrətli rəsm əsəri də var.
Axşam.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda ərəb milyarderlərinin və şahzadələrinin ən bahalı alışlarından bəziləri təqdim olunub.
14 milyon dollarlıq avtomobil nömrəsi
BƏƏ-li iş adamı Səid Əbdül Qaffar Xuri Əbu-Dabidə keçirilən hərracda “1” nömrəli avtomobil nişanını 14 milyon dollara alıb. Bu alış dünyanın ən bahalı avtomobil nömrələrindən biri kimi tarixə düşüb.
80 şahin üçün təyyarə oturacaqları
Səudiyyə Ərəbistanından olan bir şahzadənin 80 şahininin təhlükəsiz daşınması üçün təyyarədə onlara ayrıca yerlər aldığı bildirilir. Bu hadisə sosial şəbəkələrdə varlı ərəb ailələrinin qeyri-adi xərcləri sırasında tez-tez xatırlanır.
500 milyon dollarlıq yaxta
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın “Serene” adlı lüks yaxtanı təxminən 500 milyon dollara aldığı barədə məlumatlar yayılıb. Yaxta dünyanın ən bahalı və dəbdəbəli gəmilərindən biri hesab olunur.
450 milyon dollarlıq rəsm əsəri
Leonardo da Vinçinin müəllifliyi ilə əlaqələndirilən “Salvator Mundi” əsəri hərracda təxminən 450,3 milyon dollara satılıb. Əsəri Səudiyyə şahzadəsi Bədr bin Abdullahın aldığı bildirilir. Bu satış rəsm əsərləri üzrə hərrac tarixinin rekordlarından biri olub.
3 milyon dollarlıq dəvə
Körfəz ölkələrində dəvə yarışlarına və damazlıq dəvələrə böyük maraq var. Məlumatlara görə, xüsusi cinsə və yarış göstəricilərinə malik dəvələrdən biri təxminən 3 milyon dollara satılıb.
Bu alışlar regionun varlı şəxslərinin dəbdəbəli həyat tərzini və bəzi ənənələrə verdikləri əhəmiyyəti əks etdirir.