Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çində kişi həyat yoldaşını möhkəm qucaqlayaraq onun beş qabırğasını sındırıb.
Bakıvaxtı.az xəbər verir ki, Vietnam.vn-nin məlumatına görə, qadın qucaqlaşmadan sonra şiddətli ağrı hiss edib və ayağa qalxa bilməyib. Xəstəxanada aparılan kompüter tomoqrafiyası müayinəsi nəticəsində onun beş qabırğasının sındığı, daha bir qabırğasının isə çatladığı müəyyən edilib.
Kişi baş verənlərə görə dərin təəssüf hissi keçirdiyini bildirib. O, sadəcə həyat yoldaşını möhkəm qucaqlamaq və sevgisini göstərmək istədiyini, belə bir nəticənin olacağını gözləmədiyini deyib.
Həkimlər bildirirlər ki, qəfil və güclü qucaqlaşma, eləcə də insanı arxadan qaldırmaq döş qəfəsinə qeyri-bərabər təzyiq göstərə bilər. Xüsusilə beşinci və səkkizinci qabırğalar arasındakı nahiyədə zədələnmə riski nəzərə alınmalıdır.
Mütəxəssislər qucaqlaşmaqdan imtina etməyə ehtiyac olmadığını, lakin fiziki təzyiqin gücünə nəzarət etməyin vacibliyini vurğulayırlar. Onlar döş qəfəsini sıxmamağı, qucaqlaşarkən qolları bel və ya kürək ətrafında tutmağı tövsiyə edirlər. Arıq, sümük sıxlığı aşağı olan və ya əvvəlcədən döş qəfəsində ağrı hiss edən insanlarla daha diqqətli olmaq lazımdır.
Həkimlər sümüklərin möhkəmliyini qorumaq üçün kalsium və proteinlə zəngin qidalar qəbul etməyi, müntəzəm fiziki fəaliyyətlə məşğul olmağı və D vitamini səviyyəsinə diqqət yetirməyi məsləhət görürlər.
Murad İsmayıl