Erkən evliliyin qarşısının alınması dövlətin vəzifəsi sayılacaq

28.01.2026

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Uşaqlar barəsində dövlət siyasətinin məqsədləri və uşaqların hüquq və azadlıqlarının təmin edilməsi sahəsində dövlətin əsas vəzifələri müəyyənləşəcək.

Redaktor.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan “Uşaq hüquqları haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, uşaqlar barəsində dövlət siyasətinin məqsədləri aşağıdakılar olacaq:

uşaqların hüquq və azadlıqlarının təmin edilməsi, uşaq hüquqlarının təminatının hüquqi əsaslarının formalaşdırılması; uşaqların hüquq və azadlıqlarının müdafiəsi üçün institusional mexanizmlərin yaradılması, onların pozulmuş hüquqlarının bərpası; uşaqlara qarşı ayrı-seçkiliyə yol verilməməsi və bütün uşaqlar üçün bərabər imkanların yaradılması; çətin həyat şəraitində olan uşaqların sosial müdafiəsi; uşaqların fiziki, əqli, mənəvi və əxlaqi inkişafı, onların vətənpərvərlik, vətəndaşlıq, sülhpərvərlik, milli adət və ənənələrə hörmət ruhunda tərbiyə olunması; uşaqlarda hüquq mədəniyyətinin formalaşdırılması; uşaqların sağlamlığına və inkişafına zərər vuran məlumatlardan qorunması.

Həmçinin, uşaqların hüquq və azadlıqlarının təmin edilməsi sahəsində dövlətin əsas vəzifələri aşağıdakılar olacaq:

uşaqların hüquq və azadlıqlarının müdafiəsinə dair normativ hüquqi bazanın formalaşdırılması və təkmilləşdirilməsi; uşaqların mənafelərinin üstünlüyü prinsipindən irəli gələrək dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, dövlət büdcəsinin proqnozlaşdırılması; uşaq hüquqlarının təmin edilməsi sahəsində dövlət proqramlarının və bu kimi digər sənədlərin işlənib hazırlanması və həyata keçirilməsi zamanı bu tədbirlərin uşaqların hüquqi vəziyyətinə təsirinin qiymətləndirilməsi mexanizminin yaradılması və tətbiqi; uşaqların hüquq və azadlıqlarının müdafiəsini təmin edən dövlət orqanlarının (qurumlarının), təhsil, tibb, sosial xidmət müəssisələrinin təsis edilməsi, uşaqların inkişafı və asudə vaxtının təşkili üzrə infrastrukturun yaradılması və təkmilləşdirilməsi; sosial dəstək mexanizmlərinin tətbiqi vasitəsilə uşaqların sosial xidmət müəssisələrindən ailələrinə qaytarılması, qəyyumluğa (himayəyə), himayədar ailəyə verilməsi və ya övladlığa götürülməsi, eləcə də onların sosial xidmət müəssisələrinə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görülməsi və həmin müəssisələrdə olan uşaqların fərdi inkişafının təmin edilməsi; təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrində və penitensiar müəssisələrdə uşaqlarla müntəzəm təmasda olan şəxslərin (mütəxəssislərin) peşəkarlığının təmin edilməsi; uşaqlara qarşı ayrı-seçkiliyin, zorakılığın bütün formalarının və erkən evliliyin qarşısının alınması; uşaqların hüquq və azadlıqlarını, habelə qanuni mənafelərini pozan, onlara zərər vuran şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması; uşaqların hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi.

Uşaqlar barəsində dövlət siyasəti normativ hüquqi bazanın təkmilləşdirilməsi, dövlət proqramlarının və bu kimi digər sənədlərin işlənib hazırlanması və həyata keçirilməsi, təhsil, səhiyyə, sosial müdafiə və digər sahələrdə əlaqələndirmə və qurumlararası əməkdaşlıq çərçivəsində, vətəndaş cəmiyyəti institutlarının və media subyektlərinin iştirakı ilə həyata keçiriləcək.

Uşaq hüquqlarının müdafiəsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətlərinin əlaqələndirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Dövlət uşaq hüquqları sahəsində normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsinə, uşaqların mənafeyinin üstün tutulmasına və ayrı-seçkiliyin yolverilməzliyinə nəzarət edəcək. Uşaq hüquq və azadlıqlarının həyata keçirilməsinə dövlət nəzarətinin məqsədi uşaqların Konstitusiya və qanunlarla müəyyən edilmiş hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin qorunması, uşaq hüquq və azadlıqlarının təmin edilməsi üçün əlverişli mühit yaradılması, uşaq hüquq və azadlıqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması və səbəb ola biləcək halların qarşısının alınmasıdır. Uşaq hüquq və azadlıqlarının həyata keçirilməsinə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə qəyyumluq və himayəçilik orqanı və qanunla müəyyən edilmiş hallarda prokuror nəzarət edəcək.

Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirəcək (Trend). 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью