Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Salyan rayonunda yerləşən şadlıq saraylarının birində yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi barədə daxil olmuş müraciət üzrə polis tərəfindən araşdırma aparılıb.
Faktla bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri bütün tədbirlər icra olunub.
Araşdırmalar zamanı qızın 16 yaşının tamam olması məlum olub. Polis əməkdaşları oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar, qeyd edilən halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Planlaşdırılan toy məclisi isə təxirə salınıb.
Bu istiqamətdə aparıan təbliğat və maarifləndirmə kampaniyalarına baxmayaraq, nikah yaşına çatmayan bəzi yeniyetmələr hələ də ailələri tərəfindən evlənməyə sövq edilirlər.
Bəs ailələrin yeniyetmələri erkən nikaha yönəltməsinin əsas sosial səbəbləri nələrdir?
Sosioloq Əhməd Rəhmanov “Cebheinfo.az”-a bildirib ki, hər bir cinayətin və ya pozuntunun səbəbini araşdırmaq lazımdır:
“Erkən yaşda ailə quranlar əsasən aztəminatlı təbəqənin nümayəndələri və rayon sakinləridir. Bunun qarşısını almaq üçün rayonlarda iş yerlərinin sayı artırılmalıdır ki, həmin yetkinlik yaşına çatan qızlar özlərini dolandıra bilsinlər.
Valideyn də anlasın ki, “qızımın əli çörəyə çatır”. Ola bilər ki, qız ali məktəbə qəbul olmasın, amma hansısa sənətin sahibi olsun və bunun sayəsində işləyə bilsin. Kişilər hazırkı vəziyyətdə 30-35 yaşdan tez evlənmirlər.
Bunun da səbəbi odur ki, Azərbaycanda bir neçə ildir insanlar gələcəyə ümidlərini itiriblər. İşsizlik böyük fəlakətdir, əsasən də insanın təhsili yoxdursa, dil bilmirsə. Əvvəllər rayonlarımızda peşə məktəbləri vardı, bu gün isə onlar yoxdur.
Hazırda ümumilikdə rayonlarda heç 10 peşə məktəbi yoxdur. Bəzi mülahizələr irəli sürülür ki, guya bu kimi halların qarşısını ictimai qınaqla almaq olar. Bunun qarşısını bu yolla almaq mümkün deyil. Niyə mümkün deyil? Çünki ictimai qınaq alternativ təklif ediləndə təsirli olur”.
Sosioloq qeyd edib ki, əgər bu gün hansısa gəncə alternativ yol, ona “16 yaşında ərə getmə, get, haradasa oxu” deyə bilmiriksə, o zaman burada ictimai qınaq da bir işə yaramaz”.
Aişə
“Cebheinfo.az”
Açar sözlər: nikah Əhməd Rəhmanov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin