Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Baş keşiş Qareginin və çevrəsinin davakar mövqeyinə hüquqi qiymət veriləcək
Dünən Armavir vilayətinin Vaqarşapat şəhərində yerləşən birinci instansiya ümumi yurisdiksiya məhkəməsində Erməni Apostol Kilsəsinin (EAK) rəhbəri, bütün ermənilərin katolikosu və ali patriarxı II Qareginin, eləcə də cinayət işi üzrə təqsirləndirilən Ali Ruhani Şuranın daha 6 üzvünün məhkəmə prosesi başlayıb.
Məhkəmə binası qarşısına II Qaregini dəstəkləyən kilsə tərəfdarları, parlamentdəki müxalif “Ermənistan” və “Güclü Ermənistan” fraksiyalarının nümayəndələri, eləcə də bir sıra ictimai xadimlər toplaşıblar. Onun məhkəmə binasına daxil olması zamanı tərəfdarları alqışlar səsləndirib, “patriarx” şüarları səsləndiriblər. Toplaşan din xadimləri isə dini ayinlər oxuyaraq dua ediblər.
Vəkil Ara Zöhrabyanın sözlərinə görə, saat 16:00-da başlayan iclasda əvvəlcə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. İşə hakim Akop Manukyan sədrlik edib. Vəkilin iddiasına görə, dövlətin yeparxiya primatının (rəhbərinin) vəzifədən geri çağırılması və yepiskop statusundan məhrum edilməsi ilə bağlı II Qareginin qərarlarına müdaxiləsi, guya, kilsənin muxtariyyətinin, dövlət–kilsə münasibətlərini tənzimləyən konstitusiya prinsiplərinin və dini azadlığın fundamental prinsipinin pozulması deməkdir. Vəkilin iddiasına görə, məhkəmə bu cinayət işi çərçivəsində təkcə ayrı-ayrı şəxslərə qarşı irəli sürülmüş ittihamları deyil, həm də başqa bir vacib məsələni araşdıracaq: dünyəvi hakimiyyət kilsənin daxili işlərinə müdaxilə edə və bütün ermənilərin katolikosunun kanonik səlahiyyətlərinin həyata keçirilməsinin cinayət məsuliyyəti doğurub-doğurmayacağını hesab edə bilərmi?
Qeyd edək ki, cinayət işi üzrə təqsirləndirilənlər Ali Ruhani Şuranın üzvləri, arxiyepiskop Natan Ovannisyan, arxiyepiskop Haykazun Najaryan, yepiskop Muşeq Babayan, yepiskop Ovnan Akopyan, yepiskop Makar Akopyan və yepiskop Vaan Ovannisyandır. Məhkəmə iclası zamanı hakim Akop Manukyan şəxsi həyata aid bir məsələnin müzakirə olunacağını əsas gətirərək prosesin həmin hissəsinin qapalı keçirilməsinə qərar verib. Təxminən 20 dəqiqə davam edən iclasdan sonra hakim özünə etiraz (özünü prosesdən kənarlaşdırma) verdiyini açıqlayıb və işə baxmaqdan imtina edib.
Vəkil Ara Zöhrabyan jurnalistlərə bildirib ki, hakim əvvəllər vəkil kimi fəaliyyət göstərib və vəkillik lisenziyasını məhz onun əlindən alıb: “Hakim əvvəllər vəkil kimi fəaliyyət göstərib və vəkillik lisenziyasını ona mən təqdim etmişəm. Hakim isə bunun gələcəkdə onun qərəzsizliyinə dair şübhələr yarada biləcəyini hesab etdi”. Zöhrabyan isə bu halın hüquqi baxımdan özünə etiraz üçün əsas olmadığını iddia etsə də, hakimin qərarını alqışlayaraq onun “utancverici prosesin iştirakçısı olmaq istəmədiyi” iddiasını irəli sürüb.
Xaricdən sifarişli müdafiə
Bu arada II Qaregin və onun ətrafının informasiya müstəvisində fəallaşdıqları diqqəti cəlb edir. Katolikosun müdafiəsi məqsədilə müxtəlif kilsə qurumları, din xadimləri və ayrı-ayrı təşkilatlar ard-arda bəyanatlar yayaraq məhkəmə prosesini siyasi motivli kimi təqdim etməyə çalışırlar. Həmin açıqlamalarda II Qareginə qarşı irəli sürülən ittihamların əsassız olduğu iddia edilir, onun kilsənin daxili səlahiyyətlərini həyata keçirdiyi vurğulanır. Eyni zamanda, beynəlxalq dini təşkilatlar və tərəfdaş kilsələr prosesə münasibət bildirməyə çağırılır. Beləliklə, məhkəmə zalında gedən hüquqi çəkişmə ilə yanaşı, ictimai rəydə də II Qareginin müdafiəsinə yönəlmiş kampaniyanın genişləndirildiyi müşahidə olunur.
Belələrindən biri də amerikalı vəkil Robert Amsterdamdır. O, II Qareginə qarşı aparılan məhkəmə prosesini gözdən salmağa və onu siyasi müstəviyə çıxarmağa çalışan növbəti bəyanatla çıxış edib. Amsterdamın iddiasına görə, bütün ermənilərin katolikosuna qarşı cinayət işi “mənəvi fəlakət” və “xəyanət” xarakteri daşıyır. Onun təbirincə desək, əsrlər boyu erməni xalqının dövlətçiliyi olmadığı dövrlərdə kilsə, guya, xalqın dayağı, milli kimliyinin qoruyucusu və yaşamasının təminatçısı olub. Bu səbəbdən, II Qareginin məhkəmə qarşısına çıxarılması, onun iddiasına görə, “erməni xalqının tarixi yaddaşına və milli ləyaqətinə vurulan zərbə” kimi qiymətləndirilməlidir.
Amerikalı vəkil daha sonra avqustun 7-də keçirilən ilk məhkəmə iclasını Ermənistan üçün “təhlükəli dönüş nöqtəsi” adlandırmağa çalışıb. Özünü erməni xalqının çoxəsrlik irsinə hörmətlə yanaşan beynəlxalq hüquqşünas kimi təqdim edən Amsterdam baş verənlərə biganə qala bilmədiyini bildirib. Onun iddiasına görə, söhbət adi məhkəmə araşdırmasından deyil, guya, Ermənistanın konstitusiya quruluşuna və beynəlxalq hüququn əsas prinsiplərinə qarşı yönəlmiş addımdan gedir.
Amsterdam bəyanatında Ermənistan Konstitusiyasına və beynəlxalq sənədlərə istinad edərək kilsənin dövlətdən ayrıldığını və dini qurumların muxtariyyətinin təmin olunduğunu önə çəkib. O, məhkəmə prosesini siyasi təzyiq vasitəsi kimi təqdim etməyə çalışaraq iddia edib ki, dövlət məhkəmə sistemindən dini lideri təqib etmək üçün istifadə etdikdə ədalət mühakiməsi öz mahiyyətini itirir. Bununla da amerikalı vəkil II Qaregin ətrafında formalaşdırılan müdafiə kampaniyasına qoşularaq, məhkəmə prosesini beynəlxalq müstəviyə çıxarmaq cəhdini davam etdirib.
Kilsə şəbəkəsi səfərbər edilib
Böyük Kilikiya Evinin katolikosu I Aram II Qareginin məhkəməyə çağırılmasını qəbuledilməz və qınanılası addım kimi qiymətləndirib. O, Ermənistan hakimiyyətini EAK-a və II Qareginə “hörmətlə yanaşmağa” çağıraraq, mövcud fikir ayrılıqlarının qarşılıqlı anlaşma şəraitində müzakirə edilməsinin vacibliyini iddia edib.
Oxşar mövqe Qüds Erməni Patriarxlığı tərəfindən də səsləndirilib. Patriarxlığın bəyanatında II Qareginə qarşı cinayət təqibinin dayandırılması tələb olunur. Qurumun iddiasına görə, hakimiyyətin kilsənin daxili işlərinə hüquq-mühafizə orqanları vasitəsilə müdaxilə etməsi dövlət–kilsə münasibətlərində “təhlükəli presedent” yaradır və guya siyasi təzyiq təsiri bağışlayır. Bəyanatda həmçinin iddia edilir ki, II Qareginə münasibət gələcəkdə EAK-ın digər dini mərkəzlərinin fəaliyyətinə də mənfi təsir göstərə bilər.
II Qareginin müdafiəsinə qoşulan digər qurumlardan biri də onun doğma qardaşı patriarx eksarx Yezrasın rəhbərlik etdiyi Rusiya və Yeni Naxçıvan yeparxiyası olub. Yeparxiya məhkəmə prosesini “mənəvi terror” kimi qələmə verərək, Ermənistan hakimiyyətini sərt ittiham edib. Qurumun iddiasına görə, dövlət, guya, hüquq-mühafizə və məhkəmə mexanizmlərindən din xadimlərinə və fərqli mövqedə olan şəxslərə qarşı təzyiq vasitəsi kimi istifadə edir. Bəyanatda hakimiyyət əleyhinə kəskin ifadələr işlədilərək ictimaiyyət kilsənin müdafiəsinə qalxmağa çağırılıb.
Toxunulmazlıq mifinin sonu
Göründüyü kimi, II Qaregin ətrafında formalaşdırılan müdafiə kampaniyası artıq Ermənistanın hüdudlarını aşıb. Xaricdə fəaliyyət göstərən erməni dini mərkəzləri və kilsə strukturları ard-arda bəyanatlar yayaraq məhkəmə prosesini beynəlxalq müstəviyə çıxarmağa, onu dini azadlıqlara təzyiq kimi təqdim etməyə çalışırlar. Lakin II Qaregini müdafiə edən dairələrin hansı bəyanatlarla çıxış etməsindən asılı olmayaraq, EAK-ın Cənubi Qafqazda uzun illər oynadığı dağıdıcı hərəkətləri, nifaq salan əməlləri unudulmamalıdır. Bu kilsə müxtəlif dövrlərdə Ermənistan–Azərbaycan və Ermənistan–Türkiyə münasibətlərində barışdırıcı deyil, əksinə, qarşıdurmanı dərinləşdirən mövqeyi ilə seçilib.
Paradoks ondadır ki, bu gün II Qaregin və onun ətrafı məhz həmin fəaliyyətinə görə deyil, Ermənistanın daxili hüquq sistemi çərçivəsində başqa ittihamlarla məhkəmə qarşısına çıxarılıb. Buna baxmayaraq, uzun illər cəmiyyətə toxunulmaz təsiri olan, özünü qanundan üstün göstərməyə çalışan bir dini institutun rəhbərinin hüquqi müstəvidə cavab verməsi təsadüfi hadisə kimi görünmür. Bu mənada, baş verənləri təkcə tarixin ironiyası deyil, həm də qanun qarşısında hamının bərabərliyi prinsipinin təzahürü və ədalətin təntənəsi kimi qiymətləndirmək olar.
Səxavət HƏMİD
XQ