Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Milli Məclisin deputatı Fazil Mustafa Ermənistanın Baş naziri Nikol Paşinyanın seçki kampaniyası zamanı apardığı təbliğatla bağlı fikirlərini bölüşüb.
Redaktor.az-ın məlumatına görə, millət vəkili bildirib ki, Paşinyanın seçki kampaniyasını ciddi şəkildə izləyib və onun “Böyük Ermənistan” ideyası ilə yanaşı, tarixə həddindən artıq bağlı olan cəmiyyəti necə dəyişməyə çalışdığını müşahidə edib.
“Düşünürdüm, illərdir “Böyük Ermənistan” və tarix narsizmi xəstəliyinə yoluxmuş toplumu görən necə ram edəcəkdi? Üzünü əsasən gənclərə tutdu, onlarla dialoqa girdi. Yaxasına Ermənistan Respublikasının sərhədlərini ehtiva edən xəritəni taxdı, əlində də bu xəritə nişanını qarşısına çıxana payladı. Bunu da əsasən təhsilli gənclərlə söhbətləşərək verirdi”, - deyə Fazil Mustafa qeyd edib.
Onun sözlərinə görə, Paşinyan təbliğatını Ermənistanın gələcəyinə realist yanaşma üzərində qurub:
“Təbliğatı da bunun üzərində qurdu: “Böyük Ermənistan” və tarix narsizmi xəstəliyinə yoluxmuş bir qrup insan illərdir erməni xalqını uçuruma sürükləyib. David, Tiqran, Andronik adı altında duyğularınızı sömürmüşlər, beyinlərinizi zəhərləmişlər. Guya Qarabağı ələ keçirdik deyərkən, az qala Ermənistan Respublikasını itirmiş olacaqdıq. Ona görə də realist siyasətə dönməsək, xəyallar üzərində gələcəyimizi qurmağa davam etsək, məhv ola bilərik”.
Fazil Mustafa əlavə edib ki, Paşinyanın əsas mesajı erməni cəmiyyətinin keçmişdən daha çox real gələcəyə fokuslanması olub.
“Oturun məclislərdə Davidin, Tiqranın, Andronikin və başqalarının sağlığına nə qədər istəyirsiniz tost deyib için, ancaq ayağa qalxanda üzünüzü Ermənistanın keçmişinə deyil, dənizdən-dənizə uzanan xəyallarına deyil, real gələcəyinə doğru tutun. Və erməni xəstəliyindən, tarix narsizmindən xilas olmağı və real Ermənistana fayda verməyi düşünən çoxluq səs verib yenidən onu dəstəklədi”, - deyə deputat vurğulayıb.
Deputat fikirlərini “erməni də olsa, başı işləyirmiş...” ifadəsi ilə yekunlaşdırıb.
T.İSMAYIL