Erməni dilini öyrənmək niyə vacibdir? Ekspertdən açıqlama

27.08.2026

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı Slavyan Universitetində erməni dilinin tədrisinə başlanılması nəzərdə tutulur. Universitetin Elmi Şurasının qərarına əsasən, erməni dili növbəti tədris illərində fənn və ya kurs kimi tədris proqramına daxil ediləcək.

Hazırda Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetində də erməni dili müxtəlif istiqamətlər üzrə tədris olunur.

Maraqlıdır, erməni dilinin Azərbaycanda ali məktəblərdə öyrədilməsi hansı zərurətdən irəli gəlir və bu istiqamətdə mütəxəssislərin hazırlanması ölkə üçün hansı imkanlar yarada bilər?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, erməni dilinin tədrisi artıq dövlət siyasətinin bir istiqaməti kimi qiymətləndirilə bilər:

"Bilirsiniz, bu artıq bir dövlət siyasətidir. Biz nə qədər sülh istəsək də, erməni tərəfi gələcək üçün bizi ehtiyat tədbirləri görməyə sövq edir. O baxımdan düşünürəm ki, erməni dilinin öyrənilməsi bizə xoş niyyəti olmayan bir ölkənin dilinin öyrənilməsi kimi qəbul olunmalıdır. İstənilən məsələdə, onların tarixinin, coğrafiyasının öyrənilməsi baxımından, eləcə də gərginlik yaşanan anlarda erməni dilini bilən xüsusi mütəxəssislərin olması ölkə üçün çox vacibdir. Bu, təhlükəsizlik baxımından da əhəmiyyətlidir”.



Ekspert qeyd edib ki, Bakı Slavyan Universitetində erməni dilinin tədrisinin planlaşdırılması mütəxəssis hazırlığı baxımından müsbət addımdır:

"Slavyan Universiteti bu məsələ ilə bağlı 2027-2028-ci tədris ili üçün bu ixtisası planlaşdırır. Düşünürəm ki, bunu zamana buraxmaq lazımdır. Ölkədə bu sahə üzrə mütəxəssislər çox geniş olmasa da, tədrisin həyata keçirilməsi üçün kifayət qədər kadr var. Artıq Azərbaycan Dillər Universitetində bu sahə üzrə bir xeyli müəllim ixtisaslaşıb. Eyni zamanda, Bakı Dövlət Universitetində də bu məsələ ilə məşğul olan bir neçə müəllim var”.

M.Məmmədlinin sözlərinə görə, Bakı Slavyan Universitetində də erməni dilinin tədrisinə başlanılması kadr çatışmazlığı baxımından ciddi problem yaratmayacaq:

"Ona görə də mən düşünmürəm ki, Slavyan Universitetində də bu ixtisas açılsa, kadr məsələsində hər hansı çətinlik yaşanacaq. Bu istiqamətin artırılmasında müəyyən qədər fayda görürəm, nəinki ziyan. Slavyan Universitetində də erməni dilinin tədrisi təşkil olunarsa, bunun ölkənin təhlükəsizliyi baxımından faydası var”.

Fəridə Əsədzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью