Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistan parlamenti “Xarici vətəndaşlar haqqında” qanuna əhəmiyyətli dəyişiklikləri təsdiqləyib.
Bakupost.az erməni mediasına istinadən xəbər verir ki, qanun qüvvəyə minəndən sonra ölkədə müvəqqəti yaşayış icazəsi (MYİ) və daimi yaşayış icazəsi (DYİ) almağı xeyli çətinləşəcək. Yeni tənzimləmələr bu il noyabrın 1-də qüvvəyə minəcək.
Hazırda Ermənistanda fərdi sahibkar kimi qeydiyyatdan keçmiş əcnəbilər bir neçə ay vergi ödədikdən sonra beşillik DYİ statusu əldə edə bilir. Yeni qaydalara görə isə bu statusu almaq üçün ölkədə əvvəlcə ən azı 3 il MYİ statusu ilə yaşamaq şərti qoyulur.
Yeni məzmuna əsasən MYİ almaq üçün də daha ciddi maliyyə və yaşayış tələbləri müəyyənləşdirilib. Bunun üçün sahibkar kimi müraciət edənlərdən biznes hesablarında ən az 1 milyon Ermənistan dramı (təxminən 2 600 dollar) məbləğində vəsait saxlaması və ya müraciətdən əvvəl 60 gün ərzində 1 milyon dramlıq dövriyyə təqdim etməsi tələb olunacaq.
Həmçinin, MYİ almaq üçün fiziki şəxslər 2 milyon dram (5200 dollar) miqdarında kapital yatırmalı və ya həmin məbləğdə Ermənistan şirkətlərinin səhmlərini və qiymətli kağızlarını almalıdırlar.
Səhmlərin dəyəri 1 milyon dramdan aşağı düşərsə ya da fərdi sahibkar vergiləri 6 ay müddətində ödəməzsə, investisiya yolu ilə verilən MYİ statusu ləğv oluna bilər.
Əvvəllər erməni mənşəli xaricilərə xüsusi MYİ verilirdi – onlar 10 il müddətinə sənəd alır, onu məhdudiyyətsiz yeniləyə bilirdilər. Yeni dəyişikliklə bu xüsusi status tamamilə ləğv edilir.
Həmçinin 8 may 2026-cı ildən illik kvota sistemi tətbiq olunacaq və kvotanı keçən müraciətlər avtomatik rədd ediləcək. Həmin tarixdən MYİ və DYİ üçün dövlət rüsumları da xeyli artırılacaq.
Qanunun qüvvəyə minməsi ilə yanaşı, 1 noyabra qədər edilən müraciətlər köhnə qaydalarla baxılacaq. Bu, xüsusilə uzun müddət Ermənistanda yaşamaq və ya investisiya əsasında status almağı planlaşdıran xaricilər üçün vaxt məhdudiyyəti yaradır.
Cavid, BakuPost