“Erməni lobbisi Fransa siyasətinə daxildən təsir göstərir”

03.11.2026

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Makronun siyasi nüfuzu hazırda çox aşağı səviyyədədir. Bu, Fransa hakimiyyətinin uğursuz siyasətinin nəticəsidir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında deputat Tural Gəncəliyev deyib:

“Artıq Fransada 7-8 baş nazir dəyişib. Qabriel Attal, Eduard Filip, Fransua Bayru, Mişel Barnye və sonuncu olaraq Sebastyan Lekornu hökumətə rəhbərlik ediblər.

Makronun dəfələrlə tətbiq etdiyi, şərti olaraq, özünü böhrandan çıxarmaq üsulu var idi. Hər dəfə hökumət böhranı ilə üzləşəndə baş naziri və hökuməti istefaya göndərir, özü isə məsuliyyətdən kənarda qalmağa çalışırdı. 2025-ci ildə Sebastyan Lekornunun rəhbərliyi dövründə də eyni addımı atdı. Lakin bu dəfə fərqli olaraq, ona sadiq qalan Lekornunu yenidən baş nazir təyin etdi. Ancaq görünür, bu dəfə vəziyyət daha ciddidir. Makronun hakimiyyəti ciddi sarsıntı keçirir.

Bütün bunlar Avropa İttifaqının, ümumilikdə, Avropanın vahid güc mərkəzi kimi zəiflədiyini göstərir.

Fransada erməni diasporunun və erməni lobbisinin təsirinin artdığını görürük. Parisdən Nitsaya, Marseldən Kann şəhərinə qədər Fransanın bir sıra mühüm şəhərlərində erməni diasporunun və lobbisinin təsir imkanları genişlənib. Sanki bu şəhərlərin idarəçiliyi erməni diasporunun təsiri altına düşüb. Vaxtilə siyasi təsir vasitəsi kimi formalaşdırılan erməni lobbisi indi Fransa siyasətinə daxildən təsir göstərir.

Eyni zamanda, bu vəziyyəti Fransanın digər siyasi addımları ilə də əlaqələndirmək olar. Makron elə bir şərait yaradıb ki, ABŞ və Rusiya da Avropanın daxili işlərinə qarışmaq imkanı əldə ediblər. Onların yanaşmasından çıxış etsək, belə bir fürsət yaranıbsa, niyə də bundan istifadə etməsinlər?

Bu gün Fransada Marin Le Penin rəhbərlik etdiyi sağçı siyasi qüvvələrin Rusiya ilə əlaqələrinin güclü olduğu iddia edilir. Almaniyada isə Almaniya üçün Alternativ Partiyası da Rusiyaya yaxın siyasi qüvvə kimi Avropa siyasətində fəal rol oynayır”.

O əlavə edib ki, indi Avropa ölkələri gah Rusiyanı, gah da Çini daxili işlərinə qarışmaqda günahlandırırlar:

“Yeri gəlmişkən, Albaniyada davam edən etiraz aksiyaları fonunda, iki-üç gün əvvəl ölkə hökuməti Rusiyanın və Çinin Albaniyanın daxili işlərinə qarışması ilə bağlı xəbərdarlıq edib və bəyanat yayıb.

Demək istədiyim budur ki, Avropa özü özünü belə bir vəziyyətə salmamalı idi. Elə bir zəiflik nümayiş etdirməməli idi ki, başqa ölkələr onun daxili işlərinə müdaxilə etməyə cəhd göstərsinlər və nəticədə Avropanın siyasi güc mərkəzi kimi mövqeyi zəifləsin”.

Şəbnəm 

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью