Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
II Qarabağ müharibəsi qazisi, Şabran rayonu, Çölquşçu kəndində yaşayan Şərifov Elmar Vüqar oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub.
Saytımız vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçinin müraciətini olduğu kimi dərc edirik: “Hörmətli Mehriban xanım!
Hər bir Azərbaycan vətəndaşı kimi mən də Sizə humanizm və xeyirxahlıq mücəssəməsi, mədəniyyətimizin və mili-mənəvi dəyərlərimizin hamisi kimi dərin hörmət və ehtiramla yanaşır, Sizi hər bir vətən müharibəsi veteranı və qazisinin himayədarı bilir, Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Fondu isə ümid qapısı hesab edirik.
Ona görə də vətən müharibəsi qazisi kimi məruz qaldığım məmur özbaşınalığı və silsilə qanunsuzluqlardan Sizə pənah gətirmişəm.
İlk növbədə haqq-ədalət naminə qeyd edim ki, ideya müəllifi olduğunuz “DOST” konsepsiyasının imkanları daxilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətən müharibəsi qazilərinin məşğulluğu, maddi-məişət şəraitinin yaxşılaşdırılması, reabilitasiyası istiqamətində böyük işlər görülsə də məsuliyyət, vətənpərvərlik, dövlətçilik, milli-mənəvi dəyərlər, təəssübkeşlik hissləri olmayan, işlədiyi quruma təsadüf nəticəsində “paraşütlə”, hansısa həmyerlilərinin himayəsi ilə “düşmüş” təsadüfi məmurların harınlığı və özbaşınalığı görülən işlərə, əldə edilən nailiyyətlərə kölgə salır.
Belə ki, mən Şərifov Elmar Vüqar oğlu 6 ildən artıq Silahlı Qüvvələrimizin tərkibində (DQ) MAXE (Müddətdən artıq hərbi qulluqçu) kimi qüsursuz hərbi xidmət etmiş, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında qalib ordumuzun tərkibində Füzulinin, Cəbrayılın, Hadrutun və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş, yaralanmış, rəşadətli döyüş yolu keçmiş hərbçiyəm.
Şuşadan ordu sıralarından tərxis olunduqdan sonra mülki həyatda ailəmi dolandırmaq və halal zəhmətimlə dolanışığımı təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada idarənin sürücüsü kimi əmək fəaliyyətinə başladım.