Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Yaxud fransız ermənipərəstliyinin növbəti saxtakarlığı
“İt motaldan əl çəkdi, motal itdən əl çəkmədi”. Bu deyim Fransanın “Qarabağ sevdalılarının”, sanki, əyinlərinə biçilib. Onlar “fəallıqlarını” qoruyurlar. Amma məsələ yalnız bunda deyil. Yazımızda daha vacib məqamın üzərinə gələcəyik. Hələlik isə mövzuya keçək.
Deməli, Fransadakı “Voices of Hope” fondu və ABŞ-ın “All Prime Group” şirkəti “Səsini xatırlayıram” adlı sənədli filmi ərsəyə gətiriblər. Film “Qarabağ ermənilərinin zorla deportasiyası” barədədir. Fransanın müxtəlif bölgələrində filmin təqdimatı keçirilib. Üstəlik, Parisdəki təqdimatdan sonra şəhərin vitse-meri Arno Nqaça bildirib ki, təmsil olunduğu qurumun divarlarına “Bakıda saxlanılan erməni məhbusların” fotoları vurulacaq.
Şübhəsiz, “Səsini xatırlayıram” kimi ekran əsərlərinin istehsalı Azərbaycan–Ermənistan sülh prosesinə zərbə vurmaqdan başqa bir şey deyil. Onu da deyək ki, sülhə maneçilik törədənlər Bakı–İrəvan münasibətlərindəki hazırkı müsbət dinamikanı, o cümlədən, Azərbaycan dövlətinin humanizm nümayiş etdirirərək bəzi erməni əsilli şəxsləri Ermənistana təhvil verdiyini görürlər. Belələri “Bakıda saxlanılan erməni məhbuslar” oyununun başa çatma ehtimalından duyuq düşürlər. Ona görə tələsik şəkildə film çəkib təmtəraqlı təqdimatlar düzənləyirlər. Mümkündür ki, öz aləmlərində Azərbaycan tərəfində qıcıq yaradacaqlarını, barış yolundakı müsbət dinamikanı pozacaqlarını və təsəvvürlərindəki gərgin ab-havanı qoruyacaqlarını düşünürlər.
Baxın, rəsmi İrəvanın təmsilçiləri çıxışlarında Qarabağı Azərbaycan ərazisi adlandırır, saxta erməni sevdalıları isə hələ də köhnə sərsəmləmələrində qalıblar. Dediyimiz kimi, motal itdən əl çəkmir. Amma bir halda ki söhbət sənət, konkret olaraq, kinematoqrafiya müstəvisində anti-Azərbaycan təbliğatının aparılmasından, əsl həqiqətlərin həyasızcasına inkarından, reallıqların izinin-tozunun itirilməsindən, beynəlxalq ictimaiyyəti tamamilə yanlış yönə sürükləmək cəhdlərindən gedir, burada bizim üçün ibrət payının olduğunu bildirməliyik. Girişdə vurğuladığımız vacib məqam budur və onun barəsində sonda söz açacağıq.
Əlqərəz, “Səsini xatırlayıram” sənədli filminin təqdimatdan sonra Parisin vitse-meri A.Nqaça deyib ki, “Bakıda saxlanılan erməni məhbusların” fotoları şəhər meriyasının divarlarına vurulanda çoxlu insanın həmin mərasimdə iştirakına və bu yolla “əsirlərin” səslərinin dünyaya çatdırılacağına ümid bəsləyir. Sanki onun təmsil olunduğu qurumun binası dünyanın mərkəzi imiş. Amma Nqaçanın sərsəmləmələri bununla məhdudlaşmayıb. O, özünün saxta sentimentalizminə güc verərək, həmçinin, Fransadakı erməni lobbi və diaspor təşkilatlarından aldığı rüşvətdən “ilhamlanaraq” dünyanı ittiham etməyə qalxıb. Guya, Azərbaycan neftinə görə beynəlxalq ictimaiyyət Qarabağda yaşanan etnik təmizləməyə göz yumubmuş. Necə deyərlər, köhnə hamam, köhnə tas.
Qeyd edək ki, “Səsini xatırlayıram” sənədli filmini ərsəyə gətirən qurumlardan biri – ABŞ-ın “All Prime Group” şirkətinin həmtəsisçisi Arşak Karapetyan adlı ermənidir. Bu şəxs təqdimat mərasimində iştirakla kifayətlənməyib, eyni zamanda, mer Nqaça kimi, sentimental yüklü bəyanat səsləndirib. Onun həyasızcasına nələri dilə gətirdiyini bir kənara qoyaraq deyək ki, “Səsini xatırlayıram” paytaxtla yanaşı, Fransanın digər şəhəri Tuluzada da nümayiş etdirilib. Nümayişin təşəbbüskarı isə Tuluza Erməni Assosiasiyası olub. Deməli, Tuluza meriyası təmsilçisinin, yəni, mer müavini Jan-Klod Dardelenin də Paris meriyasının nümayəndəsi kimi çərənləməsi təəccüblü qarşılanmamalıdır. Hərçənd, Dardelenin Azərbaycan və Türkiyə ilə yanaşı, ABŞ-ın bostanına daş atacaq qədər azğınlaşdığını da deməliyik. Hər halda, onun dilə gətirdiklərindən gəlinən qənaət bunu söyləməyə əsas verir. Sən demə, Bakı və Ankara tətbiq etdiyi siyasətlə Ermənistanı kiçiltməyə çalışırmış və TRIPP layihəsi də buna xidmətdir. Təsəvvür edin, bir yanda rəsmi İrəvanın təmsilçiləri, o cümlədən, baş nazir Nikol Paşinyan, az qala, bütün yerli və beynəlxalq platformalarda TRIPP-in ölkələri üçün faydalarından söz açır, Fransada bir vitse-mer bildirir ki, layihə Ermənistandan ərazi qoparmağa hesablanıb. Göründüyü kimi, ortada absurd teatrı var və bu teatrın “Qarabağdakı etnik təmizləməyə görə” dünyanı ittiham motivi Dardelenin dili ilə də ifadə olunub. Yəni, o, həyasızlıq baxımından parisli həmkarından heç nə ilə fərqlənməyib. Görünür, Dardelenin Fransadakı erməni lobbisi tərəfindən aldığı rüşvət məbləği Nqaçanın aldığından heç də az deyil.
Sonda onu da bildirək ki, bu gün Azərbaycanla sülhdən danışan Ermənistan rəsmiləri dövlət səviyyəsində ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə etinasız yanaşmanın erməni seqmentinə aid məsələlərə ciddi reaksiya verməlidirlər. Yəni yalnız sülh və barış zəngulələri vurmaq yetərli deyil. Fransa Ermənistanla çox yaxın münasibətlərə malik ölkədir və Paşinyan administrasiyası bu ölkədə anti-Azərbaycan libasına bürünmüş bütün haqsız yanaşmalara qarşı kəskin mövqe bildirməlidir. Amma bunu görmürük.
İndiki halda Ermənistan hakimiyyəti Fransadakı anti-Azərbaycan yönümlü təbliğata həm də o səbəbdən kəskin mövqe bildirməlidir ki, sənət, o cümlədən filmoqrafiya milyonlara xitab edən müstəvidir. Mövcud müstəvidə saxtakarlıq yayılırsa, çoxlu sayda insanın yanlış istiqamətə yönləndirilməsi kimi xoşagəlməzlik var. Gerisi isə məlumdur.
İndi isə ən sonda açıqlayacağımızı dediyimiz ibrət məqamına keçid alaq. Bəli, Azərbaycan dövləti diplomatik platformalarda Ermənistanın yaydığı yalanları, habelə, Qarabağ ermənilərinə qarşı etnik təmizləmə cəfəngiyyatını, “Bakıda saxlanılan erməni məhbuslar” nağılını ifşa edib, ölkəmizlə, Qarabağ həqiqətləri ilə bağlı obyektiv ictimai rəy formalaşdırmağa müvəffəq olub. Xüsusən, 44 günlük müharibə müddətində və 2023-cü ilin lokal xarakterli antiterror tədbirləri zamanı dünyanı başına götürmüş anti-Azərbaycan yönümlü təbliğatların miqyasının böyüklüyü fonunda indiki durum müstəsna uğur sayılmalıdır. Hərb meydanındakı zəfərimizi diplomatik yollarla heçə endirməyə çalışanların “canfəşanlıqlarını” az görməmişik.
Bununla belə, sənət müstəvisinin ayrıca dünya olduğunu vurğulamalıyıq. Həm də deyirik ki, hər günü bir filmə bərabər 44 günlük Vətən müharibəsinin ayrı-ayrı məqamlarına dair beynəlxalq auditoriyalara çıxara biləcəyimiz, dünyanın və Avropanın sadə insanlarının düşüncələrinə təsir göstərmək potensialını daşıyan tutarlı ekran və efir işimiz hələ yoxdur. Səslərinin xatırlanması bəşəri cinayət olan şəxslər barədə sənədli film məhz bu yoxluq şəraitində meydana çıxır. Özü də təkcə meydana çıxmır, eyni zamanda, boşluğu doldurur. Ən pisi də budur…
Ə.CAHANGİROĞLU
XQ