Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Ermənistanın 29 min 743 kvadrat kilometr beynəlxalq səviyyədə tanınmış ərazisi tam və müzakirəolunmaz qırmızı xəttdir”.
Ermənistan Milli Məclisinin yeni seçilmiş sədri Ruben Rubinyan belə deyib.
Qeyd edək ki, “Ermənistan” fraksiyasının deputatı İşxan Saqatelyan parlamentin sədrindən “Hakimiyyətin heç bir halda və heç bir bəhanə ilə “Tiqranaşen”i (Kərki) təhvil verməyəcəyinə zəmanət verə bilərsinizmi”, - deyə soruşub.
Cavabında Rubinyan “Mən zəmanət verə bilərəm ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisi 29 min 743 kvadrat kilometrdir və bu, tam və müzakirəolunmaz qırmızı xəttdir”, - deyə bildirib.
Onun sözlərinə görə, xalqın rəğbətini qazanmış hökumətin proqramı Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən bütün ərazilərin Ermənistanın nəzarəti altında olmasını nəzərdə tutur.
“Mən zəmanət verə bilərəm ki, Ermənistan hökumətinin xalqın rəğbətini qazanmış elan etdiyi proqramı belədir. Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində olan bütün ərazilər bizim nəzarətimiz altında olmalıdır və bu məsələ delimitasiya çərçivəsində həll edilməlidir”, -deyərək spiker əlavə edib.
Rubinyanın sözlərinə görə, digər məsələlər delimitasiya komissiyalarının fəaliyyət reqlamentinin çərçivəsində müxtəlif yollarla həll edilə bilər.“Digər məsələlərə gəlincə, onlar delimitasiya komissiyalarının reqlamentinə əsasən, müxtəlif cür həll edilə bilər. Reqlament müəyyən optimallaşdırmalar aparmağa imkan verir. Lakin həmin halda belə bu, referendum tələb edir”, - Ruben Rubinyan belə deyib.
Qeyd edək ki, Ruben Rubinyanın bu açıqlaması Azərbaycanın ərazi bütövlüyünə ziddir. Çünki Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmaya görə, sərhədlərin delimitasiyası 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq Sovet dövrü xəritələri əsasında aparılmalıdır.
SSRİ dönəmində dərc edilmiş xəritələrin heç birində Ermənistan SSR-in ərazisi 29 743 kv.km. göstərilməyib. Sovet hakimiyyəti qurulduğu dövrdə 9 min kvadrat kilometr əraziyə malik olan Ermənistanın inzibati ərazisi sonralar Azərbaycan torpaqlarının qanunsuz mənimsənilməsi hesabına genişləndirilib.
Nəhayət, SSRİ dövründə dərc edilmiş son xəritələrdə Ermənistan SSR-in ərazisi 28 743 kv.km yazılıb. Yəni Ruben Rubinyan özündən 1000 kv.km. artırmaqla Azərbaycana ərazi iddiası irəli sürüb.
İkincisi, Baş nazir Nikol Paşinyan da əvvəllər Ermənistanın ərazisinin 29 min kv.km. olduğunu iddia etsə də, sonradan bu rəqəmin səhv olduğunu deyərək 28 743 kv.km. ifadəsini işlətməyə başladı. Bu baxımdan, Rubinyanın dedikləri Paşinyanın fikirləri ilə üst-üstə düşmür.
Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Azərbaycanla Sovet dövründə mövcud olmuş inzibati sərhədləri tanımaqdan imtina edib və Almatı Bəyannaməsini pozub. Ona görə də Ermənistanın beynəlxalq hüquqla tanınmış sərhədləri yoxdur.
Yalnız Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya prosesi başa çatdıqdan sonra Ermənistanın nə qədər əraziyə malik olduğunu söyləmək mümkün olacaq. Hazırda sərhədlər şərti olduğundan Rubinyanın “qırmızı xətt” ifadəsi yerinə düşmür.
Sədərək rayonunun Kərki kəndinə gəlincə, həmin yaşayış məntəqəsi 1990-cı ilin yanvar ayında Ermənistan tərəfindən işğal olunub. Bu baxımdan, işğal altındakı bütün anklav kəndlər qeyd-şərtsiz geri qaytarılmalıdır.
Müşfiq Abdulla
“Cebheoinfo.az”
Açar sözlər: Azərbaycan Ruben Rubinyan
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin