Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycandan idxal edilən benzinlə bağlı heç bir keyfiyyət problemi qeydə alınmayıb.
“AzPolitika” xəbər verir ki, bunu Ermənistan Bazar Nəzarəti Müfəttişliyinin rəisi Armen Kotolyan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, idxal olunan partiyalardan alınan yanacaq nümunələri Ermənistanın Milli Standartlaşdırma və Metrologiya Mərkəzində laboratoriya müayinəsindən keçirilib. Nəticələr benzinin keyfiyyətinin Avrasiya İqtisadi Birliyinin (AİB) texniki tələblərinə uyğun olduğunu göstərib: "Keyfiyyət pozuntusu aşkar edilməyib".
Azərbaycan neft məhsullarının ilk partiyası Ermənistana 2025-ci ilin dekabr ayında çatdırılıb. Buraya 1220 ton Aİ-95 benzini daxil idi.
Neft məhsullarının ikinci partiyası 2698 ton təşkil edib. Azərbaycandan Ermənistana göndərilən üçüncü neft məhsulları partiyası 11 yanvarda göndərilib və həcmi 979 ton olub.
Bundan öncə Ermənistanın İqtisadiyyat naziri Gevorq Papoyan Azərbaycandan neft məhsullarının tədarükünün başlanmasından sonra ölkədə benzin qiymətlərinin azaldığını açıqlayıb.
Onun sözlərinə görə, benzinin qiyməti təxminən 15% düşüb. O qeyd edib ki, Azərbaycandan neft məhsulları alan Ermənistanın əsas yanacaqdoldurma məntəqələri şəbəkələrindən biri yaxın günlərdə onları daha aşağı qiymətlərlə satmağa başlayacaq.
Ümid edək ki, bu cür ucuzlaşma tendensiyası Ermənistana yanacaq verən Azərbaycanın özündə də nə vaxtsa müşahidə ediləcək…
C.Məmmədli
“AzPolitika.info”