Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan müxalif deputat Artur Xaçatryanın Azərbaycanın ərazisindən mümkün keçidlərin hansı şərtlərlə həyata keçiriləcəyi ilə bağlı sualını cavabsız qoyub.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, “Hayastan” fraksiyasının nümayəndəsi hökumətlə sual-cavab saatında yanvarın 14-də Vaşinqtonda qəbul edilmiş bəyanata toxunaraq, Ermənistan–ABŞ TRIPP layihəsinin icra çərçivəsində bir sıra vacib məqamların hələ də aydın olmadığını bildirib.
Artur Xaçatryan qeyd edib ki, sənəddə Ermənistan vətəndaşlarının Azərbaycan ərazisindən hansı şərtlərlə hərəkət edəcəyi barədə dəqiq mexanizm göstərilmir. O, həmçinin Ermənistan ərazisindən keçən dəmir yolundan vətəndaşların istifadəsinin mümkün olub-olmayacağını, eləcə də tikilməsi planlaşdırılan enerji infrastrukturunun Ermənistanın enerji sisteminə qoşulub-qoşulmayacağını və Bakının ərazisindən keçməklə Ermənistanın bu infrastrukturlardan qarşılıqlı şəkildə yararlanıb-yararlana bilməyəcəyini sual edib.
Baş nazir Nikol Paşinyan yalnız enerji məsələsinə toxunaraq bildirib ki, Ermənistan və Azərbaycan enerji sistemləri bir-birinə birləşdiriləcək və tərəflər həm ixrac, həm də idxal imkanlarından eyni şərtlərlə istifadə edəcəklər. Lakin Paşinyan Ermənistan vətəndaşlarının Azərbaycan ərazisindən hansı qaydalarla keçəcəyi ilə bağlı suala cavab verməyib.
Müxalif deputatın Ermənistan–ABŞ sənədinin hüquqi qüvvəyə malik olmaması ilə bağlı iradına cavab verən Paşinyan yaxın vaxtlarda müvafiq sazişlərin hazırlanacağını və parlamentdə ratifikasiya ediləcəyini deyib.
Qeyd olunur ki, Ermənistan–ABŞ birgə sənədinə əsasən, İrəvan ABŞ hökumətinin nəzarəti altında fəaliyyət göstərəcək xüsusi şirkətə Zəngəzur vilayətindən keçərək Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək marşrut üzərində uzunmüddətli və eksklüziv hüquqlar verməyi öhdəsinə götürür.
Sənəddə “maneəsiz əlaqənin asanlaşdırılması” məqsədilə rəqəmsal alətlərin tətbiqi nəzərdə tutulur. Bildirilir ki, müştərilərlə birbaşa ünsiyyət və sənədlərin toplanması özəl şirkətin əməkdaşları tərəfindən həyata keçiriləcək, tranzit haqları da həmin qurum tərəfindən yığılacaq.
Eyni zamanda, seçilmiş modelə uyğun olaraq Ermənistanın sərhəd və gömrük orqanları son qərarların qəbulu, rəsmiləşdirmə, təhlükəsizlik yoxlaması və baxış səlahiyyətlərini özündə saxlayacaq.
Rasim Əliyev
“AzPolitika.info”