ERMƏNİLƏR İNDİ DƏ MİSKİN ABDALI HƏDƏFƏ ALDILAR

16.08.2026

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Tarixi Oğuz Yurdu - Göyçə mahalından olan Seyid Hüseyn Məhəmməd oğlu - Miskin Abdal (1430-1535) haqqında bir neçə gün əvvəl ermənilərə məxsus erməni dilindəki “Geghard Foundation” Facebook səhifəsində saxta məlumatlar yerləşdirilib.

Həmin Facebook səhifəsi birbaşa Azərbaycanın və Türk dünyasının milli-mənəvi və maddi dəyərlərinin mənsubiyyətinin saxtalaşdırılması istiqamətində “ixtisaslaşmış” dezinformasiya aparan səhifədir.

Həmin səhifənin 3 gün əvvəl yayımlanmış bir məkrli yazısının  hədəfi isə Azərbaycan xalqının böyük oğlu, Ulu Övliya, Orta əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, sufi şair, Ozandan Aşığa (Haqq Aşiqliyinə) keçidin banisi, Şah İsmayıl Xətainin yaxın silahdaşı, Səfəvilər dövlətinin qurulması və inkişafında böyük xidmətlər göstərmiş dövlət xadimi, diplomat, xalqımızın hafizəsində daha çox Ocaq, Pir kimi yaddaşlardan-yaddaşlara köçürülüb müqəddəsləşmiş mütəfəkkir Miskin Abdal (Seyid Hüseyn Məhəmməd oğlu) olmuşdur.

Həmin səhifədə Miskin Abdalın şəkli olan hissədəki erməni dilindəki yazının tərcüməsi belədir:

"Azərbaycanlılar Miskin Abdalı «Azərbaycan mədəniyyətinin nümayəndəsi və aşıq məktəbinin banisi» hesab edirlər, lakin həqiqət başqadır."

Səhifədə verilən mətnin tərcüməsi isə belədir: 

“Seyid Hüseyn Məhəmməd oğlu, Miskin Abdal adı ilə tanınan şəxs, 1430-cu ildə Ermənistanın Södk mahalının Cığatsadzor kəndində anadan olmuşdur.
Miskin Abdal İran şahı I Şah İsmayılın sarayında tanınmış dövlət xadimi olmuşdur.
Abdal öz poemaları və aşıq sənəti ilə də məşhurdur.
O, XV əsrin ən yaxşı aşıqlarından biri idi və onun yaradıcılığı əsasında sonralar «Miskin Abdal və Sənubər», «Miskin Abdal və Şah İsmayıl» və başqa bir sıra poemalar yaradılmışdır.
Beləliklə, Miskin Abdal İran incəsənəti və poeziyasının təsiri altında yazıb yaratmışdır.
Mənşəcə türkmən olan bu şəxs, Ermənistanda doğulduğuna və ömrünün son illərini də orada keçirdiyinə görə, heç bir şəkildə azərbaycanlı ola bilməzdi.
Üstəlik, Abdal XV–XVI əsrlərdə mövcud olmayan «Azərbaycan mədəniyyəti»nin nümayəndəsi hesab edilə bilməzdi.”

Bəli, görünür, son vaxtlar bəzi sosial şəbəklərdə antimilli ünsürlər tərəfindən Şah İsmayıl Xətainin əleyhinə aparılan çirkin kampaniyanın əsl mənbəyini Qərbi Azərbaycan torpaqlarında yaradılmış qondarma Ermənistan Respublikasında fəaliyyət göstərən, Azərbaycan xalqına, mədəniyyətinə və dövlətçiliyinə qarşı düşmənçilik, qaralama, saxtalaşdırma siyasəti yürüdən belə düşmən qüvvələrdə axtarmaq lazımdır. 
Bu qüvvələr vahid mənbədən koordinasiya olunmaqla günü-gündən güclənməkdə olan Azərbaycan dövlətçiliyinin tarixi-mənəvi dayaqlarını sarsıtmağa, tariximizi saxtalaşdırmağa, ləkələməyə çalışırlar.
Qafqazın və bütün regionun ən qədim, yerli xalqı olan Azərbaycan xalqını, guya orta əsrlərdə Orta Asiyadan gəlmə xalq kimi təqdim etməyə çalışan  xarici düşmən qüvvələrin şüurlu və ya şüursuz olaraq əlaltılarına çevrilmiş antimilli, çürük “təfəkkür” sahibləri də bu məqamda düşmənlə birgə hərəkət edərək, Böyük Millətimizin Dünya Tarixi səhnəsində qurduğu ən möhtəşəm dövlət olan Səfəvilər Dövlətini və onun qurucusu, milli mənliyimizin qüruru Böyük Şah İsmayıl Xətaini, onun milli mənsubiyyətini, dini və fəlsəfi dünyagörüşünü “ləkələməyə”, saxta uydurmalarla qaralamağa çalışırlar.
Erməni səhifəsindəki mətndə Miskin Abdalın dövlət xadimi olaraq fəaliyyət göstərdiyi dövlətin “Səfəvilər” əvəzinə “İran”, onun milli mənsubiyyətinin “azərbaycanlı” əvəzinə “türkmən” olması, “İran incəsənətinin və poeziyasının təsiri ilə yazıb-yaratması”, “Ermənistanda doğulub orada yaşaması səbəbindən azərbaycanlı hesab edilə bilməyəcəyi”, “15-16-cı əsrlərdə Azərbaycan mədəniyyəti mövcud olmadığından Miskin Abdalın da bu mədəniyyətin nümayəndəsi hesab edilə bilməyəcəyi” kimi tamamilə saxta, cəfəng, iftira, yalan, uydurma xarakterli məlumatların yer almasının yeganə səbəbi tarixi və islaholunmaz düşmənimizin  “Azərbaycan” adını, “Azərbaycan mədəniyyəti” adını ümumiyyətlə qəbul etməmələri ilə bağlıdır. 

Saxtakarlığın, həyasızlığın səviyyəsi o həddə çatmışdır ki, bir çox qonşularımız və daxildəki antimilli ünsürlər kimi, Qafqaza 19-cu əsrdən köçürülmüş bu qondarma xalqın nümayəndələri də Azərbaycan adının tarixən, coğrafi baxımdan təkcə Cənubi Azərbaycan ərazilərinə deyil, həm də Şimali Azərbaycan ərazilərinə aid olmasına dair təkzibedilməz tarixi həqiqətləri və faktları heç cür həzm etmək istəmirlər.

Həmin mətndə Miskin Abdalın doğulduğu kəndin adının “Cığatsadzor” göstərilməsi ilə əlaqədar bildiririk ki, Miskin Abdalın doğulduğu Göyçə mahalının Basarkeçər rayonundakı Sarıyaqub kəndinin 15-16-cı əsrlərdəki qədim adı Zərgərli olmuşdur. Sarıyaqub adı Çar Rusiyası dövründə, 19-cu əsrdə kəndxuda “Sarı” ləqəbli Yaqubun şərəfinə adlandırılmışdır.
Azərbaycanlılar 1988-ci ildə deportasiya olunduqdan sonra 1991-ci ildə Sarıyaqub kəndinin adı “Cığatsadzor” olaraq dəyişdirilmişdir. Ona görə də erməni dilində olan həmin mətndə kəndin adı həmin adla qeyd olunmuşdur.

Qeyd edilməlidir ki, 15-16-cı əsrlərdə və ondan da əvvəlki bütün tarixi dövr ərzində, ta 19-cu əsrin ortalarınadək Miskin Abdalın doğulub boya-başa çatdığı və vəfat etdiyi Göyçə mahalında və bütövlükdə o dövrdə Səfəvilər Dövlətinin əyalətlərindən biri olmuş Çuxursəəd bəylərbəyliyində, ümumiyyətlə hay-erməni izinə rast gəlinməsə də bu qondarma xalqın nümayəndələri hələ də iftira və qarayaxma əməllərindən əl çəkmək, tarixi reallığı etiraf etmək niyyətində deyillər. 

Səfəvi şahları: Şah İsmayıl Xətainin və Şah Sultan Hüseynin Miskin Abdal ilə bağlı fərmanları, Səfəviyyə təsdiqləmələri kimi dəyərli tarixi sənədlər və Miskin Abdala aid bir çox əşyalar bu gün də onun Ocağında qorunub saxlanılır və onlar Qərbi Azərbaycan ərazilərinin tarixən məhz Azərbaycanlılara məxsus olduğunu da təsdiqləyən mühüm tarixi sənədlərdir.
Miskin Abdalın yeganə oğlu Şadmanın və qızı Məleykənin soyundan olan insanlar da 1988-ci ilin məlum hadisələrindən sonra tarixi dədə-baba yurdlarından deportasiya olunaraq Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmışlar.

Bir çox halda düşmənin dəyirmanına su tökən və onların əlaltılarına çevrilmiş bəzi antimilli ünsürlərin, o cümlədən “tarixçi”lərin xəyanətkar əməlləri də bu tarixi düşmənə belə “cəsarətli” davranmağa, hər cür saxta iddialarla tariximizi ləkələməyə çalışmalarına şərait yaradır.

Miskin Abdal böyük tarixi şəxsiyyət, dövlət xadimi, diplomat, Övliya, sufi şair, mütəfəkkir olaraq, məhz ulu Azərbaycan tarixinin parlaq simalarından biri kimi cəfəng erməni iftiralarından qorunmalıdır.

Belə tarixi saxtakarlıqların və iftiraların qarşısının alınması və düşmənin susdurulmasına nail olmaqdan ötrü Miskin Abdal kimi böyük mütəfəkkirin dünya miqyasında tanıtdırılması üçün dövlətimiz tərəfindən təxirəsalınmaz işlər görülməlidir.

2030-cu ildə Miskin Abdalın anadan olmasının 600 illiyi tamam olur. 
Azərbaycan ictimaiyyəti, elm və mədəniyyət xadimləri, tarixçilər Miskin Abdalın 600 illik Yubileyinin ən yüksək səviyyədə Dövlət tərəfindən silsilə tədbirlərlə qeyd edilməsi ilə bağlı təkliflərlə Azərbaycanın müvafiq dövlət qurumlarına müraciətlər ünvanlamalı və bu böyük tarixi şəxsiyyətin adının və irsinin daim yaşaması üçün Dövlətimiz tərəfindən zəruri tədbirlər görülməsinə nail olmalıyıq.

Miskin Abdalın simasında daha bir Milli Dəyərimizi, Milli Dövlətçilik tariximizin sütunlarlndan biri olan bu ulu tarixi şəxsiyyəti erməni məkrindən qorumaq hər bir qeyrətli azərbaycanlının və Azərbaycan Dövlətinin vəzifəsidir.

https://www.facebook.com/share/p/1BSygaV56A/

https://geghard-saf.am/az/863/miskin-abdal

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью