Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
İrəvan Qazılığının bərpası çağırışı Ermənistan mediasını hərəkətə gətirdi – Bakı Qərbi Azərbaycan məsələsində yeni mərhələyə keçirmi?
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin Qərbi Azərbaycan və İrəvan Qazılığının fəaliyyətinin bərpası ilə bağlı açıqlamaları Ermənistanda ciddi müzakirələrə səbəb olub.Noyabrın 2-də İrəvan Qazılığının tarixindən bəhs edən kitabın təqdimatından sonra mövzu Ermənistanın informasiya məkanında geniş işıqlandırılıb. Ermənistanın NEWS.am və Aravot kimi media resursları Paşazadənin fikirlərini tənqidi kontekstdə təqdim edərək onun çıxışını Ermənistanın suverenliyinə yönəlmiş iddia kimi şərh ediblər.
Musavat.com xəbər verir ki, Paşazadə İrəvan Qazılığının fəaliyyətinin bərpasını “zamanın tələbi” adlandırıb və Qərbi Azərbaycan məsələsinin gündəmdə saxlanılmasının vacibliyini vurğulayıb.Ermənistanın narahatlığı təsadüfi deyil. Çünki Qərbi Azərbaycan mövzusu yalnız tarixi yaddaş məsələsi deyil. Burada vaxtilə Ermənistandan deportasiya edilmiş azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququ, mülkiyyət məsələləri, dini və mədəni irsin qorunması kimi ciddi problemlər var. pizza hut
İrəvan isə bu məsələlərin beynəlxalq müstəvidə müzakirəsini özünə qarşı siyasi təzyiq kimi təqdim etməyə çalışır. Halbuki deportasiya olunmuş insanların qayıdış hüququnun müdafiəsi avtomatik olaraq Ermənistanın sərhədlərinin dəyişdirilməsi tələbi demək deyil. İrəvan Qazılığı məsələsi Azərbaycanın tarixi-dini irsinin qorunması baxımından ayrıca əhəmiyyət daşıyır. Çünki bu qurumun tarixi İrəvanda və ətraf ərazilərdə yaşamış azərbaycanlı müsəlmanların dini həyatını, idarəçilik ənənələrini və dini icmaların təşkilatlanmasını əks etdirir. Noyabrın 2-də təqdim olunan «İrəvan Qazılığının tarixi» kitabının Azərbaycan və ingilis dillərində hazırlanması da təsadüfi deyil. Nəşrin əsasını Qafqaz Müsəlmanları İdarəsinin, Azərbaycanın, Gürcüstanın, Türkiyənin və Rusiyanın arxivlərində saxlanılan sənədlər təşkil edir. Bu, məsələnin beynəlxalq auditoriyaya çıxarılması baxımından əhəmiyyətlidir. Azərbaycanın tarixi mövqeyini müdafiə etmək üçün yalnız siyasi bəyanatlar kifayət etmir. Arxiv sənədləri, tarixi xəritələr, fotoşəkillər, dini qurumların fəaliyyəti və mütəxəssis araşdırmaları sistemli şəkildə təqdim olunmalıdır. Başqa sözlə, İrəvan Qazılığının bərpası ideyasının əsas müstəvisi dini və mədəni irsin qorunması olmalıdır. Bunun Ermənistan ərazisində hansı hüquqi və institusional formada həyata keçiriləcəyi isə ayrıca razılaşma tələb edən məsələdir.
Digər tərəfdən, Ermənistanın dini və siyasi dairələrinin bu mövzuya reaksiyası göstərir ki, Qərbi Azərbaycan məsələsi iki ölkə arasında formalaşmaqda olan sülh gündəliyinin həssas istiqamətlərindən biri olaraq qalır. Azərbaycanın maraqları baxımından burada əsas hədəf deportasiya olunmuş soydaşlarımızın hüquqlarının, tarixi irsimizin və dini abidələrimizin beynəlxalq səviyyədə tanınması olmalıdır.