Ermənilər taleyüklü yol ayrıcında

04.06.2026

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Üç gündən sonra keçiriləcək parlament seçkiləri Ermənistan üçün bir yol ayrıcıdır. Bu, ermənilərin uzun müddət gəldikləri yolun müəyyən mənada ayrılma nöqtəsinə çatdığı bir dönəmlə üzbəüz qaldığı üçün taleyüklü mahiyyət daşıyır.  Valentin Pikulun tarixi “Favorit” romanında belə bir epizod var. 1780-ci ildə ermənilər – arxiyepiskom Arqutinski və İvan Lazarev knyaz Potyomkinlə görüşüb çariça II Yekatrinadan erməni dövlətini yaratmağı və paytaxtın da Erivan olmasını xahiş etdiklərini bildirirlər. Yekatrina da deyir ki, ölkə yoxdusa paytaxtın hara olmasının nə mənası. Potyomkin də deyir ki, indi yoxdu, bizdən sonra olar. Erməni xislətinə xas olan istək və problemlərin güclü dövlətlərin əli ilə həyata keçirmək siyasəti məlumdur. Yəni, Rusiyadan imdad diləməyin və Rusiya tərəfindən də bu istəklərin həyata keçirilməsinin tarixi ən azı 250 ilə yaxındır. Bu müddətdə Rusiyadan hərtərəfli asılı olan bir toplum 44 günlük müharibədə və antiterror əməliyyatında Rusiyadan umduqlarını ala bilmədikləri üçün yol ayrıcındadırlar. Bu gün Qərbyönümlü siyasət aparan Paşinyan İkinci Qarabağ müharibəsi başlayanadək Rusiya ilə kəskin münasibətdə olmayıb, Putinlə mehriban görüşləri olub, “Qarabağ Ermənistandır,nöqtə” deyib. Qarabağ məğlubiyyəti Ermənistan siyasətində yeni geosiyasi reallıqlar yaratdı. Amma, 250 ildə formalaşmış bir təfəkkürdən azad olmaq da asan deyil. Ona görə də, parlament seçkiləri ərəfəsində Ermənistan cəmiyyətinin Rusiya, yoxsa Avropaya inteqrasiya siyasi xəttləri qarşısında seçim etməsi də birmənalı deyil. 250 il Rusiya ilə siyasi, iqtisadi, hərbi birliyi olan, 2 milyondan çox erməninin Rusiyada yaşaması və Ermənistanla sıx əlaqələrin mövcudluğu da reallıqdır və seçkidə müxalif qüvvələrin hamısının Rusiyayönümlü olması təbiidir. Əlbəttə, seçki nəticələri yalnız ermənilərin iradəsi ilə həll olunmur. Rusiya seçkilərə start verildiyi bir gündən təzyiqini hər gün artırıb, prezident Putindən başlayaraq, digər rəsmilərin ritorikası hər dəfə sərt xarakter alıb və ən çox iqtisadi təzyiqləri işə salıb. Artıq onlarla yük maşınları kənd təsərrüfatı məhsulları ilə Lars yolundan geri qaytarılır və kütlədə etirazlar yaratmaq və bununla da seçimlərinə təsir etmək istəyirlər.

Paşinyan hakimiyyətinin seçkiləri udması daha çox ehtimal edilir. Qələbədən sonra Paşinyan indiyədək yeritdiyi siyasəti daha inamlı apara bilər. Amma, tam U dönüşü etməsi gözlənilmir. Putinin Paşinyanı ad günü münasibətilə təbrik etməsi, Paşinyan da qalib gəldiyi halda ilk rəsmi səfərini Moskvaya edəcəyi barədə açıqlamaları göstərir ki, Putin də Paşinyanın qalib gələcəyini hiss edir və hakimiyyətdə olan qüvvə ilə körpüləri tam yandırmaq niyyətində deyil. Paşinyan da Qərbin tam siyasi, xüsusilə iqtisadi dəstəyinin hələ zaman alacağını bildiyindən və kənd təsərrüfatı məhsulları üçün alternativ bazarlar tapanadək, Azərbaycanla sülh müqaviləsini imzalayanadək, Türkiyə sərhədlərinin açılasınadək Rusiya ilə ehtiyatla davaranmağa davam edəcək. Amma, Azərbaycanla sülh müqaviləsi Vaşinqtonda imzalandığı halda Rusiyanın Cənubi Qafqazda təsiri xeyli zəifləyəcək. O zaman demək olarmı ki, Ermənistan Rusiya forpostundan çıxıb ABŞ-nin forpostuna çevriləcək? Hesab edirəm ki, indiyədək Ermənistan Rusiyanın forpostu idisə, Qərbyönümlü siyasətə baxmayaraq Qərb üçün Cənubi Qafqazın bu ölkəsi forpost statusunda olmayacaq. Yəni, Avropa və ya ABŞ Ermənistan ərazisində hərbi baza yaradası deyil, çünki bu Rusiyanın birbaşa Ermənistana hərbi müdaxiləsi ilə sonuclana bilər. Gürcüstanla zamanında nə qədər yaxın olsa da, Qərbin bölgədə hərbi baza ilə təmsil olunmasına Rusiya imkan vermədi, əksinə Abxaziya və Cənubi Osetiyanı işğal etdi. 

Rusiya üçün Ermənistandakı seçkilər Cənubi Qafqazda təsirini saxlamaq məsələsidir. Azərbaycan üzərində Rusiyanın siyasi, hərbi, iqtisadi rıçaqları demək olar ki, yoxdur. Gürcüstanla münasibətlərdə iqtisadi əlaqələr bərpa olunsa da diplomatik əlqələr bu gün də yoxdur. Ermənistan tamamilə Qərbə inteqrasiya etmiş olarsa, Rusiyanın Cənubi Qafqazda təsiri itəcək və bu vəziyyət getdikcə perspektivdə bütöv Qafqaza da təsirini göstərəcək. Rusiya Ukraynaya qarçı hərbi müdaxiləsini Ermənistana da edə bilərmi? Bu sualı təsadüfi səsləndirmirik, çünki prezident Putin başda olmaqla Rusiya rəsmiləri tez-tez “Ermənistanı Ukraynanın taleyi gözləyir” fikrini çəkinmədən bildirirlər. Düzdür, iki ölkə arasında quru sərhədlərin olmaması belə bir müdaxiləni olduqca çətinləşdirir. Gümrüdəki baza isə hərbi müdaxilə üçün yetərli qüvvəyə malik deyil. Moldova variantı isə Ermənistanda da davam edə bilər. Tədricən KTMT-dən, MDB-dən və Avrasiya İqtisadi İttifaqından çıxmaqla Ermənistan Rusiyadan asılılığını minimuma endirmiş olar.

 Bütün qeyd edilənlərdən bu nəticəyə gəlmək olar ki, Ermənistandakı parlament seçkiləri ölkənin daxili siyasətindən kənara çıxaraq daha qlobal geosiyasi əhəmiyyət kəsb edir və Qərbin Paşinyan iqtidarına dəstək siyasəti Rusiyanın regionda və bütövlükdə postsovet məkanında mövqeyini zəiflətməyə yönəlib. Yəni, İrəvanın Avropa İttifaqı və ABŞ ilə münasibətlərinin daha da inkişafı qarşıdakı illərdə Cənubi Qafqazda güc balansını müəyyən edən əsas amilə çevrilə bilər.

Bu seçkilərdə Paşinyan hakimiyyətinin qalib gəlməsi Azərbaycanın da maraqlarına uyğundur, çünki Ermənistanın indiki iqtidarı əvvəlkilərdən və hakimiyyətə can atan revanşist qüvvələrdən fərqli olaraq Azərbaycanla sülhün imzalanmasının tərəfdarıdır. Ermənistanla normal münasibətlərin yaranması yalnız iki ölkə arasında deyil, bütün Cənubi Qfqazda sabitlik və iqtisadi inkişafa təkan verəcək.

İlham İsmayıl

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью