Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-də keçirilən aralıq seçkilərin əsas məqamlarından biri erməni diasporunun dəstəklədiyi sayca ən çox namizədin Konqresdə mandat qazanması olub.
Amerika Erməni Milli Komitəsinin (ANCA) dəsətklədiyi 55 namizəddən 50 nəfəri Nümayəndələr Palatasında, 7 nəfər isə Senatda təmsil olunmaq üçün lazım olan səsləri toplayıb.
Beləliklə, ABŞ-dəki erməni diasporu Konqresin hər iki palatasında çox böyük lobbi qrupları formalaşdırıb. Ermənipərəst konqresmen və senatorların seçki kampaniyası Azərbaycana qarşı sərt çıxışlar və əsassız ittihamlarla müşahidə olunub.
Onlar qalib gələcəkləri təqdirdə, qanunverici orqanda ermənilərin Qarabağa qaytarılması məsələsini qaldıracaqlarını vəd ediblər.
Halbuki 2023-cü ildə Qarabağın erməni sakinləri yaşadıqları ərazini könüllü şəkildə tərk edərək azərbaycanlılarla birgə yaşayışdan imtina ediblər.
Bunu sübut edən videomateriallar var. Erməni əhali hər hansı bir təzyiqə və məcburiyyətə məruz qalmadan, Ermənistana köçmək istədiklərini deyiblər.
Ona görə də seçkilərdə erməni diasporunun maliyyə dəstəyini və səslərini əldə etmək üçün Azərbaycanı heç bir səbəb olmadan “etnik təmizləmə” də ittiham etmək absurddur.
Ermənistanın Baş naziri Nikol Paşinyan özü dəfələrlə çıxışında “Qarabağ hərəkatı”nın, yəni Azərbaycan ərazisində erməni separatizminin bitdiyini bəyan edib. Paşinyan həmçinin, ermənilərin Qarabağa qayıtmasına ehtiyac olmadığını bəyan edib.
Ona görə də bu məsələdə Azərbaycana əleyhinə səsələn fikirləri seçki təşviqatından daha çox qarayaxma kampaniyası adlandırmaq olar.
Əgər böyük əksəriyyətini Demokratlar təşkil edən yeni Konqres üzvləri ədalətin bərqərar olmasını istəyirsə, o zaman 1988-1989-cu illərdə Ermənistandan deportasiya edilmiş 300 mindən artıq azərbaycanlının Qərbi Azərbaycana qaytarılması məsələsini qaldırmalıdır.
Qarabağdakı ermənilər könüllü Ermənistana köçdüyü halda, Qərbi azərbaycanlılara qarşı qətllər və zorakılıq baş verib. Tarixi reallığın və ədalətin bərpa olunması üçün ilk növbədə, Azərbaycanın Xalq Cümhuriyyətinin 1918-1920-ci illərdə mövcud olmuş sərhədləri bərpa olunmalıdır.
Həmin vaxt Azərbaycanın ərazisi 114 min kvadrat kilometr təşkil edib. Lakin ermənilər Sovet dövründə qanunsuz olaraq Azərbaycan torpaqlarını qəsb edərək Ermənistanın ərazisini genişləndiriblər.
Zəngəzur, Göyçə mahalı, Şərur-Dərələyəz mahalı, Qazax, Cəbrayıl qəzalarının torpaqları Ermənistana pay verilib.
Sonrakı illərdə bu siyasət SSRİ rəhbərliyi tərəfindən davam etdirilərək Qazax, Gədəbəy, Kəlbəcər, Laçın, Zəngilan rayonlarının əraziləri kolxoz və sovxoz təsərrüfatının inkişaf etdirlməsi adı altında Ermənistan SSR-ə qatılıb.
Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmaya görə, dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üçün 1991-ci il Almatı Bəyannaməsi əsas götürülməlidir.
Sözügedən sənəddə isə “Sovet dövründə mövcud olmuş inzibati sərhədlər” ifadəsi yer alır. Sovet dövrü 1920-ci ildən başlanır. Həmin vaxt Azərbaycanın ərazisi 114 min kvadrat kilometrə yaxın idi.
Azərbaycan Konstitusiyasına görə, Azərbaycan Respublikası AXC-nin siyasi varisidir. Ermənistan Konstitusiyasına görə, Ermənistan dövləti 1918-1920-ci illərdə mövcud olmuş, tanınmamış Ermənistan Respublikasının (Ararat-Daşnak Respublikası) siyasi varisidir. Bunu nə rəsmi İrəvan, nə də erməni diasporu inkar edə bilməz.
Ararat-Daşnak Respublikasının ərazisi isə 9 min kv.km. olub. Bu baxımdan, Ermənistan ərazisinin 60 faizi hüquqi baxımdan legitim sayıla bilməz.
Üstəlik, Azərbaycanla Ermənistan arasında SSRİ dövründə mövcud olmuş inzibati sərhədlərin dövlət sərhədi kimi tanınmasına dair müqavilə yoxdur.
Ona görə də rəsmi İrəvan delimitasiya prosesində Azərbaycanın tarixi torpaqlarını geri qaytarmalıdır. 1989-cu ildə Ermənistan Azərbaycanın inzibati sərhədini tanımaqdan imtina edib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinə dair qanunsuz qərara istinad hələ də bu ölkənin konstitusiyasında qalır.
Ermənistan Konstitusiyasının preambula hissəsindən Azərbaycana qarşı ərazi iddiaları çıxarılmayana qədər sülh müqaviləsi imzalana bilməz.
Bu baxımdan, Ermənistanın ərazisinin 29 743 kvadrat kilometr təşkil etməsi barədə Paşinyanın bəyanatlarının heç bir hüquqi əsası yoxdur.
Çünki Ermənistan Azərbaycanla sərhədləri ləğv edib. İndi sərhədlər yenidən müəyyənləşməlidir.
Yalnız delimitasiya və demarkasiya işləri yeklunlaşdıqdan sonra Ermənistanın ərazi vahidinin nə qədər təşkil etdiyini söyləmək olar.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin