Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin azad Qarabağa və Şərqi Zəngəzura səfəri ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin beynəlxalq səviyyədə qəbul edilməsinin növbəti təsdiqidir. Bu səfərlə bağlı Ermənistan cəmiyyətinin reaksiyası qəbuledilməzdir. Belə reaksiya Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir.
"Bakupost" xəbər verir ki, bu barədə xalq şairi Sabir Rüstəmxanlı qeyd edib
O, bu reaksiyaların həm də Azərbaycanın daxili işlərinə kobud müdaxilə olduğunu bildirib:
"Diplomatik korpusun səfərinə Ermənistanda göstərilən mənfi münasibət, qonşu dövlərin mətbuatındakı fikirlər əsl erməni həyasızlığıdır. Özü Qafqazda siyasi məqsədlərlə yerləşdirilən bu xalq 120 ildən artıqdır ki, əsası olmayan erməni soyqırımı haqqında yalanları bütün dünyaya yaymaqla və rəsmən tanıtdırmaqla məşğuldur. Halbuki, ortada 1918-ci ildə Bakıda, Şamaxıda Azərbaycan türklərinin kütləvi qətliamı, 1992-ci ildə Xocalı törədilmiş soyqırım faktları var. Amma təəssüf ki, biz Qələbədən, ərazi bütövlüyümüzü təmin etdikdən sonra ümümi sülh ab-havasını pozmamaq üçün bu hadisələri çox qabartmırıq. Ermənilər dünyada islam və türk əleyhinə saysız hesabsız kitablar çap elətdirib, saxta təbliğat aparıblar. Dünyanın hər yerinə dağılıb, eyni yalanları müxtəlif dillərdə, müxtəlif ölkələrdə yayır, kitablar nəşr edirlər. Təəssüf ki, bir az da bizim zəifliyimizdən bu yalanlara inananlar da olub. Təbi ki, bölgə haqqında alternativ mətbəəsi olmayanın da bu yalanlara inanmaqdan başqa yolu qalmır. Görünən odur ki, bu gün də həmin təbliğat davam edir. Bir vaxt ermənilərin Naxçıvan və Qarabağ iddisı var idi. Bu iddianı da gizlətmirdilər, keçmiş sovetlərdə və dünyayda yayırdılar. Baxmayaraq ki, bu iddiaların tarixi əsassızlığını təsdiq edən kifayət qədər faktlar var. Amma təəssüf ki, Moskva və dünya mətbuatında ermənilərin fikirləri yayılırdı, bizim fikirlərimizə isə imkan vermirdilər. Ermənilər heç bir bir tarixi əsası olmayan kitablar çap eləyirdilər, biz isə gerçəkləri, həqiqəti ifadə edən kitab çap elətdirmək istəyəndə, hətta Azərbaycan rəhbərliyi deyirdi ki, yox, bu qonşular arasında nifaq yaradır. Düzdür, bu, artıq tarixdir, amma biz bu tarixi yaşadığımıza görə bugün müəyyən nəticələr çıxarmalıyıq. Azərbaycanın Zəfər savaşından sonra Paşinyan, Ermənistan rəsmiləri Qarabağın Azərbaycan torpağı olduğunu etiraf etdi və dünya da artıq bunun belə olduğunu bilir. Amma erməni təbliğatı dayanmır, yenə o yalanlarından, iddialarından əl çəkmirlər".
Xalq şairi xatırladıb ki, sülh üçün Azərbaycanın haqlı tələbi olan konstitusiya dəyişikliyi hələ də yerinə yetirilməyib:
"Bu, həm də Azərbaycana və Türkiyəyə qarşı torpaq iddiasından əl çəkilməməsi deməkdir. Buna görə də ölkəmizdə fəaliyyət göstərən 58 dövlətin səfir və diplomatları, 9 beynəlxalq təşkilatın nümayəndələrinin – diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərində həqiqətləri öz gözləri ilə görməsi erməni xəstəliyini yenidən oyandırıb, yenidən müxtəlif uydurmalar ortaya atılır, beynəlxalq ictimaiyyəti çaşdırmağa çılışırlar. Bu səfərlərə qarşı çıxmaq əslində Azərbaycanın yaratdığı yeni reallığın qəbul edilməsinə qarşı çıxmaqdır. Bu baxımdan Ermənistan cəmiyyətində Qarabağdakı bəzi tarixi-dini abidələrimizlə bağlı müxtəlif iddiaların səsləndirilməsi də diqqət çəkir. Xüsusilə Gəncəsər və Xudavəng kimi abidələrimizin erməni irsi kimi təqdim edilməsi saxtakarlığın ən iyrənc nümunəsidir. Necə ola bilər ki, Ermənistan utanmadan Gəncəsər və Xudavəngi erməni irsi kimi təqdim edir, lakin öz ərazisində Azərbaycanın tarixi-mədəni irsinin mövcudluğunu inkar edir. Ermənistanın siyasi dairələri belə rəy formalaşdırmağa çalışırlar ki, Azərbaycan ərazisində tarixən ermənilər yaşayıb, lakin müasir Ermənistan ərazisində guya azərbaycanlılar yaşamayıb. Bütün bunlar həm də rəsmi İrəvanın bölgədə sülhün bərqərar olunması istiqamətində apardığı siyasətin nə dərəcədə qeyri-səmimi və ziddiyyətli olduğunu bir daha açıq şəkildə nümayiş etdirir. Çünki səfərlə bağlı bir çox neqativ paylaşımlar, yazı və təhlillər Ermənistanın hakim partiyasına yaxın olan resurslarda aparılır. Buna görə də biz heç zaman ehtiyyatı əldən verməməli və Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında və erməni yalanlarının ifşasında daha çox fəallıq göstərməliyik. Bir həqiqəti qəbul etməliyik ki, Qarabağda hərbi qarşıdurma bitsə də, daha böyük coğrafiyada, beynəlxalq arenada diplomatiya və informasiya savaşı davam edir. Erməni yalanlarına ardıcıl olaraq cavab verilməli və erməni diliylə dəyişdirilən həqiqətlər dünyaya bəyan edilməlidir. Bu məsələdə hər şeyi dövlətin öhdəsinə buraxmaq doğru olmaz. Azərbaycan alimləri, Azərbaycan ziyalıları, Azərbaycan ictimaiyyəti, kimin hansı sahədə və hansı şəkildə gücü çatırsa bu işdə fəal olmalıdır. Son vaxtlar sosial şəbəkələrdə süni zəkayla saxta erməni tarixi, saxta ermni kralları haqda səhnələr paylaşılır. Adi vətəndaşın bu növ yalanları elə həmin sosial şəbəkələrdə ifşası vacibdir. Yəni bu istiqamətdə səfərbər olmalıyıq. Bəlkə də bu iş üçün bir mərkəz yaradılmalı və sistemli iş aparılmalıdır. Bir sözlə, erməni ilə davamız bitdi deyib arxayınlaşmaq doğru deyil. Erməni yalanı dünyada hansı səviyyədə yayılırsa, o səviyyədə də biz cavab verməyi bacarmalıyıq. Tariximiz, mədəniyyətimiz, milli dəyərlərimiz, ədalətli mövqeyimiz hər cəhətdən erməniləri susdurmağa haqq verir, imkan verir. Biz bu imkanlardan geniş şəkildə istifadə eləməliyik".