Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Moskvanın bu ölkəyə təzyiqi getdikcə artır
Ermənistan üçün iki referendum, yaxud bir refedendumda qoyulacaq iki məsələ. Söhbətimiz bu barədədir. Ancaq başqa əlaqəli məqamlara da toxunacağıq. O məqamlara ki, əslində, Ermənistanın gələcək mövcudiyyəti baxımından vacibdir. Əlbəttə, söhbət yalnız Ermənistanın yox, bütövlükdə Cənubi Qafqazın gələcəyindən gedir.
Bəli, Rusiya Ermənistana öz yolunu tez bir zamanda müəyyənləşdirmək üçün təzyiq göstərir. Yəni Moskvada bu qənaətdədirlər ki, rəsmi İrəvan Avropa İttifaqı ilə hazırda üzvü olduğu Avrasiya İqtisadi İttifaqı arasında seçim etməlidir. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun son açıqlaması da təsdiqləyir, Prezident Vladimir Putinin bir neçə ay əvvəl Moskvada səfərdə olan Baş nazir Nikol Paşinyana çatdırdığı fikirlər də.
Əlqərəz, Ermənistana bu ilin sonunadək vaxt verildiyi bildirilir. Yəni ölkə dekabradək Aİİ-də qalacağını, yoxsa Aİ-yə inteqrasiya edəcəyini qətiləşdirməlidir. Bir anlıq hesab edək ki, Ermənistanın seçimi Aİİ-də qalmaqdır. Bu halda ölkə Qərbdən üz döndərmiş olacaq. Qərbdən üz döndərmək isə yenidən Rusiyanın patronajlığı altına düşmək deməkdir və sual yaranır: Ermənistan Kremlin peykinə çevriləcəksə, ikinci referendum perspektivi nə dərəcədə aktualdır?
İkinci referendum və ya bir referendumun ikinci məsələsinə gəlincə, məlumdur ki, burada söhbət Azərbaycanın sülhlə bağlı tələbinin yerinə yetirilməsindən gedir. Ölkəmiz Ermənistanın əsas qanununda Azərbaycana, ümumən, qonşulara qarşı hansısa ərazi iddiasının olmamasında israrlıdır və mövqeyini Bakı-İrəvan yekun sülh müqaviləsinin imzalanması üçün qəti şərtə çevirib. Başqa sözlə desək, Ermənistan konstitusiyası ölkənin işğalçı mahiyyət daşıyan İstiqlaliyyət Bəyannaməsinə istinaddan qurtulmalıdır. O bəyannamədən ki, orada Qarabağ münaqişəsi məntiqi saxlanılır.
Əvvəlki abzasdakı sualı təsadüfən vermədik. Aydındır ki, Ermənistan Rusiyanın hakim rol oynadığı Aİİ-də qalacaqsa, bundan sonra belə bir üzvlük yalnız iqtisadi zəminli hadisə olmayacaq. Kreml ölkəyə fərqli yanaşacaq. Fərqliliyi isə rəsmi Moskvanın təmsilçiləri bildirir, hələ də Qarabağ məsələsindən söz açırlar. Bu məntiqdən elə başa düşülə bilər ki, Rusiyanın Ermənistan üçün müəyyənləşdirdiyi münaqişə yaradan məmləkət ampluasında hansısa dəyişiklik yoxdur. Başqa sözlə desək, Rusiya Cənubi Qafqazdakı mövcudluğunu yenə konfliktdə görür.
Bəli, Rusiya rəsmiləri hələ də Ermənistanla bağlı məsələlərdə Azərbaycan üzərinə fokuslanıb, Qarabağ münaqişəsindən söz açırlarsa, bu, o deməkdir ki, rəsmi Bakının regionda sülhün davamlılığı baxımından irəli sürdüyü şərt, yəni Ermənistanda konstitusiya dəyişikliyi və ya yeni konstitusiya tələbinin yerinə yetirilməsi risk altındadır.
Azərbaycanın tələbi həm də ona görə riskə düşə bilər ki, Rusiya, faktiki olaraq, referendum nöqteyi-nəzərdən öz baxış bucağını diktə edir. Belə bir durumda konstitusiya dəyişikliyi ilə bağlı referendum məsələsinin, istər-istəməz, ikinci plana keçməsi mümkündür. Nəzərə alaq ki, Ermənistandakı ruspərəst kəsim sözügedən dəyişikliyə qarşı cəhbə açacağını, yəni sülhə qarşı çıxacağını bəyan edib. Deməli, ehtimal etmək olar ki, Ermənistanın gələcək mövcudiyyət formulu ölkənin təkcə Aİİ və Aİ yox, eyni zamanda, iki referedumdan biri arasında seçiminə bağlıdır.
Təsvirini verdiyimiz durum Qərbi ciddi şəkildə düşündürməlidir. O Qərbi ki, regionda sülhün qərarlaşmasında maraqlı olduğunu bildirir. Ona görə yox ki, səmimi şəkildə barış istəyir. O səbəbdən ki, başqa çıxış yolu yoxdur. Yəni hazırda Cənubi Qafqazda sülh, əvvəlki illərdən fərqli olaraq, Qərbə hava-su kimi lazımdır. Çünki Rusiyanı dizə gətirmək üçün alternativ kommunikasiya bağlarına ehtiyac var. Alternativ bağ isə yaşadığımız coğrafiyanın iqtisadi baxımdan rentabelliliyi şəraitində mümkündür. Belə bir şəraitin formalaşması üçün isə Ermənistan ayaqda qalmalıdır. Yəni sülhə sadiq Ermənistan lazımdır.
Ermənistanın sülhə sadiq qalması ölkənin tamamilə Rusiyanın təsirindən çıxmasını həyati zərurətə çevirir. Yəni birincinin ikincidən iqtisadi asılıllığının tam şəkildə aradan qalxması şərtdir. Ancaq hazırda Moskvanın İrəvanı sıxdığını görürük. Görürük ki, Rusiya erməni məhsullarının ölkəyə girişini əngəlləyib. Girişi əngəllənən məhsullar Ermənistanın idxalının əhəmiyyətli hissəsini təşkil edir. Qərbi düşündürməli olan məqam da məhz budur.
Bəli, necə deyərlər, bıçaq sümüyə dirənib. Belə bir durumda Qərb dünyasının Ukrayna ilə yanaşı, Ermənistana da ciddi diqqət ayırması vacibdir. Əgər diqqət olmayacaqsa, yəni Rusiyanın sanksiya siyasəti səbəbindən Ermənistan məhsullarının rus bazarlarına çıxışı məhdudlaşacaqsa, vəziyyətin hay elektoratına da təsiri qaçılmaza çevriləcək.
Beləliklə, Ermənistanda vəziyyətin qarışması Qərbin Cənubi Qafqaz coğrafiyasında sülh və əməkdaşlıq məkanı formalaşdırmaq, bununla da Rusiyasızlıq şəraiti yaratmaqla əlaqədar istəklərini puça çıxaracaq. Nəticədə, Qərb yenə Rusiyadan asılılığını saxlayacaq. Deməli, indiki durumda erməni məhsularının Avropa bazarlarına çıxışı mexanizmi tez bir zamanda təmin edilməlidir ki, Ermənistan ayaqda qalsın. Ayaqda qalsın ki, sülh və Aİ yolunda inamlı və qətiyyətli olsun.
Sonda bir anlıq Ermənistanda proqnozlaşdırılan referendum nəticələrinin həm sülh üçün əsas yaratdığı, həm də ölkənin Aİİ müstəvisində təmsilçiliyinin davamına imkan tanıdığı durumu təsəvvürə gətirək. Əgər belə bir hal yaşansa, deməli, Rusiya Cənubi Qafqaza baxış bucağını dəyişir, normal, bərabərtərəfli münasibətlərə önəm verməyə başlayır. Yəqin təsəvvürün bir o qədər yerinə düşmədiyinin fərqinə vardınız. Həm də ona görə yerinə düşmür ki, belə bir hal yaşansa, Qərb də valı dəyişəcək.
Ə.CAHANGİROĞLU
XQ