“Ermənistan Azərbaycanla müharibə ehtimalını nəzərə almır” Hərbi ekspert

26.01.2026

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın potensial hərbi gücü Ermənistanla müqayisə olunmayacaq dərəcədə yüksəkdir

Ermənistan 44 günlük müharibədən sonra hərbi potensialının ciddi şəkildə zəiflədiyini artıq açıq şəkildə etiraf edir. Ermənistan parlamentinin deputatı Tiqran Abramyanın açıqlamaları da bunu təsdiqləyir. Deputat bildirib ki, Azərbaycan hərbi büdcə və digər resurslar baxımından Ermənistanla müqayisəolunmaz dərəcədə üstündür. Onun sözlərinə görə, 44 günlük müharibədən sonra Ermənistanın hərbi büdcəsi təxminən 15-16 faiz azaldılıb. T.Abramyan həmçinin Ermənistanla Azərbaycan arasında pozulmuş hərbi balansın getdikcə daha da dərinləşdiyini etiraf edib. Xatırladaq ki, ötən il baş nazir Nikol Paşinyan da 2026-cı ildə müdafiə xərclərində ciddi artımın gözlənilmədiyini açıqlamışdı. Mövcud çətinliklər onu göstərir ki, Ermənistan hazırkı mərhələdə hərbi baxımdan heç bir ölkə ilə müharibəyə girmək potensialına malik deyil.

Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Sherg.az-a açıqlamasında bildirib ki, Ermənistan hərbi büdcəni ilə yanaşı, ordudakı şəxsi heyətin sayını da azaldır:

“Ermənistan rəhbərliyi həmçinin hərbi xidmət müddətini iki ildən 18 aya endirib. Rəsmi İrəvan artıq Azərbaycanla müharibə ssenarisini ehtimal belə etmir. Başqa sözlə, Ermənistan rəhbərliyi hesab edir ki, Azərbaycanla hərbi qarşıdurma mərhələsi arxada qalıb. Mövzu ilə əlaqədar Azərbaycan rəhbərliyi də dəfələrlə mövqeyini açıq şəkildə ifadə edib. Rəsmi Bakının yanaşmasına görə, müharibə mərhələsi başa çatıb. Lakin Azərbaycan üçün Silahlı Qüvvələrin daim yüksək döyüş hazırlığında saxlanılması bir nömrəli prioritet olaraq qalır. Bunun əsas səbəbi regionda və onun ətrafında mövcud olan təhlükəsizlik riskləridir. Azərbaycanın həm cənub, həm də şimal istiqamətlərində, eləcə də regiondan nisbətən uzaq olmayan, Yaxın Şərqdə gərgin və təhlükəli proseslər davam edir. Qlobal miqyasda silahlı münaqişələrin səngimədiyi bir şəraitdə Azərbaycan Silahlı Qüvvələrinin təminat və təchizatının yüksək səviyyədə saxlanılması zəruri hesab olunur”.

Ekspertin sözlərinə görə, Azərbaycanın potensial hərbi gücü Ermənistanla müqayisə olunmayacaq dərəcədə yüksəkdir: 

“Azərbaycan hərbi imkanlarını region lideri kimi möhkəmləndirməklə yanaşı, orta güc statusunu da nəzərə alaraq strateji potensialını genişləndirir. Digər tərəfdən, işğalçı Ermənistanla, qalib Azərbaycanın eyni parametrlər üzrə dəyərləndirilməsi doğru yanaşma deyil. Azərbaycan vaxtilə Silahlı Qüvvələrinin zəif olduğu dövrdə, Ermənistanın hərbi təcavüzünə məruz qalmışdı. Hazırda isə ölkəyə qarşı müxtəlif istiqamətlərdən potensial təhlükə və təhdidlərin tam aradan qalxmadığı da nəzərə alınır. Bu səbəbdən Azərbaycan Ermənistanla müqayisə edilməyəcək qədər böyük maliyyə vəsaitini ordu quruculuğuna yönəldir. Ali Baş Komandan İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin təminatı və təchizatı bundan sonra da ən yüksək səviyyədə saxlanılacaq”.

Aybəniz Səfərova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью