Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistanın konstitusiyasının yeni mətni üzərində işlər yekunlaşmaq üzrədir.
Bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan açıqlama verib. Nazir konstitusiyanın yeni mətninin mart ayında dərc olunacağını bildirib.
Konstitusiya layihəsinin nə vaxt referenduma çıxarılacağı isə hələ müəyyənləşməyib. Ermənistanın yeni konstitusiyasının iyun ayının 7-də keçiriləcək parlament seçkilərindən sonra referenduma çıxarılmaq üçün ictimaiyyətin müzakirəsinə təqdim ediləcəyi gözlənilir. Yəni konstitusiyanın yeni mətninin dərcindən sonrakı iki ay daha çox seçkilərə hazırlığa həsr olunacaq. Eyni zamanda, “Referendum Haqqında” Ermənistan Respublikasının Qanununa görə, parlament seçkiləri ilə eyni gündə referendum keçirilə bilməz.
Ona görə də yeni konstitusiyanın qəbulu böyük ehtimalla seçkilərdən sonra baş tutacaq. Hazırkı hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçkilərdə qalib gəlmək şansı yüksək qiymətləndirildiyindən, yeni konstitusiyanın qəbulunda ciddi problemin olacağı gözlənilmir. Çox güman ki, yeni parlamentin və hökumətin tərkibi formalaşdıqdan sonra referendumun dəqiq vaxtı elan ediləcək.
Ermənistan qanunvericiliyinə görə, konstitusiya layihəsi seçicilərin müzakirəsinə təqdim edildikdən 50 gündən tez 65 gündən gec olmayaraq ümumxalq səsverməsi keçirilməlidir. Bu baxımdan, referendumun sentyabr ayında keçirilməsi mümkün görünür. Ermənistanın yeni konstitusiyasının mətni Azərbaycanda da diqqətlə izlənilir. Çünki rəsmi Bakı Ermənistan konstitusiyasının preambula hissəsinin yeni mətnə daxil edilməməsini tələb edir. Qeyd edək ki, preambulada Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad edilir. Müstəqillik Bəyannaməsində isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinə dair Ermənistan SSR Ali Sovetinin 1989-cu il 1 dekabr tarixli qərarına istinad yer alır.
Ona görə də rəsmi Bakı Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası çıxarılmayana qədər yekun sülh müqaviləsi imzalamayacağını bildirir. Çünki bir dövlətin ali qanununda başqa dövlətə qarşı ərazi iddiasının yer alması hüquqi işğal sayılır. Yəni Ermənistanın preambulanı konstitusiya layihəsində saxlaması Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin pozulması deməkdir.
Bu isə 2025-ci il avqustun 8-də ABŞ prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanmış “Sülhün və Dövlətlərarası Münasibətlərin Təsis Edilməsi haqqında” sazişə ziddir. Əgər Ermənistan Azərbaycana qarşı ərzi iddialarını davam etdirsə, sülh prosesini pozmuş olar. Bu halda Paşinyan hakimiyyəti ABŞ-nin ciddi təzyiqləri ilə üzələşə bilər. Lakin son vaxtlar Nikol Paşinyan hökumətinin Azərbaycanla sülhün və əməkdaşlığın bərpasına yönəlik addımları, ticarət münasibətlərinin, nəqliyyat əlaqələrinin qurulması istiqamətində əldə olunan razılaşmalar Ermənistan konstitusiyasının mətnindən preambula hissəsinin çıxarılacağını deməyə əsas verir.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin