Ermənistan KTMT: tamam, yoxsa davam?

14.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Haylar ölkəsi bu təşkilatla bağlı hüquqlarından məhrum edilirsə...

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində iştirak etmədiyi aydındır və qurum buna müvafiq reaksiya verəcək. Belə bir fikri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib. Deməli, KTMT neçə illərdir İrəvanın bu qurum xüsusunda oynadığı oyuna, nəhayət, son qoymaq qərarına gəlib. Daha doğrusu, oyuna son qoymaq istəyən tərəf Moskvadır. Sual yaranır: doğrudanmı proseslər Ermənistanın KTMT-dən uzaqlaşdırılmasına doğru gedir? Suala cavab baxımından Peskovun dilə gətirdiyi başqa fikirlər də var və onları diqqətə çatdıracağıq.

Əvvəla, onu bildirək ki, Ermənistanla üzvü olduğu KTMT arasında son illər yaranmış ziddiyyətlər postsovet məkanında təhlükəsizlik münasibətlərinin dəyişməsinin diqqətçəkən nümunələrindəndir. Məsələnin kökündə birincinin gözləntilərinin doğrulmaması – Azərbaycanla müharibə və sərhəd insidentləri zamanı KTMT-dən hərbi-siyasi dəstəyi ala bilməməsi dayanır. Əlbəttə, İrəvanın xarici siyasət istiqamətlərini yenidən nəzərdən keçirmək əzmini də vurğulamalıyıq. Yəni məsələyə sırf bu kontekstdən yanaşsaq, əslində, gözləntilərin doğrulmadığının vurğulanması, bir növ, bəhanədir.

Ermənistan–KTMT münasibətlərinin kəskinləşməsində 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında Azərbaycan–Ermənistan sərhədində baş vermiş hadisələr mühüm rol oynadı. 2021-ci ilin mayında rəsmi İrəvan Azərbaycan Silahlı Qüvvələrinin ölkə ərazisinə daxil olduğunu iddia edərək, KTMT-yə üz tutdu. Baş nazir Nikol Paşinyan təşkilatdan siyasi və hərbi dəstək gözlədiyini açıqladı. KTMT-dən bildirildi ki, vəziyyət araşdırılmalı və tərəflər arasında dialoq qurulmalıdır. Bu mövqe hay hakim komandasını razı salmadı. 2022-ci il sentyabrın 13–14-də Azərbaycan–Ermənistan sərhədində yaşanmış genişmiqyaslı hərbi toqquşmalar isə narazılığı daha da dərinləşdirdi. Ermənistan bu dəfə də KTMT-dən yardım istədi. Qurumun rəhbərliyi isə ölkəyə missiya göndərilməsi və vəziyyətin qiymətləndirilməsi təklifini irəli sürdü.

İrəvan bununla razılaşmadı. Paşinyan KTMT Kollektiv Təhlükəsizlik Şurasının 2022-ci il noyabrın 23-də İrəvanda Rusiya Prezidenti Vladimir Putinin də iştirakı ilə keçirilmiş sammitində etirazını açıq şəkildə bildirdi. O, təşkilatın yekun bəyanatının qəbulunu məqsədəuyğun saymadı və sənədi imzalamaqdan boyun qaçırdı.

Azərbaycanın 2023-cü ilin sentyabrında Qarabağda reallaşdırdığı lokal xarakterli antiterror tədbirləri Ermənistan–KTMT münasibətlərindəki böhranı daha da dərinləşdirdi. Rəsmi İrəvan həm Rusiyanın, həm də KTMT-nin mövqeyini tənqid etdi. Paşinyan və komandasının üzvləri bildirdilər ki, müttəfiqləri Ermənistanın təhlükəsizlik maraqlarına lazımi diqqət göstərmirlər. Halbuki Qarabağ beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisidir və Ermənistan rəhbərliyinin müttəfiqlik məsələsini qabartması doğru deyildi. Çünki ölkə ərazisinə hücum olmamışdı. Beləliklə, lokal xarakterli antiterror tədbirlərindən sonra Ermənistan KTMT-nin təlimlərinə qatılmadı, ölkənin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiyası fonunda Rusiyada da anti-İrəvan ovqatı güclənməyə başladı. Yaşananlar Ermənistanın təhlükəsizlik siyasətində alternativ tərəfdaşlara üz tutmasının əlamətləri idi. Nəhayət, 2024-cü il fevralında Paşinyan Fransanın “France 24” telekanalına müsahibəsində ölkəsinin KTMT-də iştirakını, faktiki olaraq, dondurduğunu bəyan etdi. Baş nazir bu qərarı əsaslandırarkən bildirdi ki, KTMT 2021-ci və 2022-ci illərdə öhdəliklərini yerinə yetirmədi və bu, nəticəsiz qala bilməzdi. “Nəticə isə ondan ibarətdir ki, biz, faktiki olaraq, KTMT-də iştirakımızı dondurmuşuq”, - deyən Paşinyan Ermənistan parlamentində hökumət üzvlərinin suallarını cavablandırarkən daha irəli gedərək bildirdi ki, KTMT Ermənistan ərazisindəki məsuliyyət zonasını müəyyənləşdirmək barədə sualı cavablandırmasa, ölkə təşkilatdakı fəaliyyətini hüquqi baxımdan dondura bilər. Ardınca Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan dedi ki, İrəvan KTMT-nin 2024-cü il büdcəsi ilə bağlı qərara qoşulmayacaq və həmin qərarla nəzərdə tutulan maliyyə öhdəliklərini yerinə yetirməyəcək. XİN rəhbəri Ararat Mirzoyan isə ölkəsinin işləməyən mexanizmin iştirakçısı olmaq istəmədiyini vurğuladı. Amma o, KTMT-yə üzvlüyün davam etdiyini də qeyd etməyi yaddan çıxarmadı.

2025-ci ildə də Ermənistanın KTMT ilə münasibətlərində əsas xüsusiyyət ölkənin təşkilatın fəaliyyətində iştirak etməmək siyasəti ilə səciyyəvidir. İrəvan qurumun yüksək, səviyyəli tədbirlərinə qatılmadı, onun mexanizmlərindən istifadə etmədi, üstəlik, üzvlük ödənişlərini həyata keçirməmək xəttini davam etdirdi. 2026-cı ildə isə böhran institusional müstəviyə keçdi. Rusiya Ermənistanın KTMT-dəki hüquqlarının məhdudlaşdırılması məsələsini gündəmə gətirdi. Məsələn, ölkənin xarici işlər naziri Sergey Lavrov bu ilin iyununda bildirdi ki, Ermənistanın iki ildən artıq müddətdə üzvlük haqlarını ödəməməsi səbəbindən qurumun nizamnaməsinin 25-ci maddəsinin tətbiqi məsələsi müzakirə olunub. Həmin maddə üzvlük ödənişlərini iki il ardıcıl həyata keçirməyən dövlətin nümayəndələrinin təşkilatda kvota əsasında ayrılmış vəzifələr tutmaq və səsvermədə iştirak hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutur. Ardınca isə Peskov Ermənistanın KTMT-də iştirakını bərpa etmək istəmədiyi barədə Paşinyanın bəyanatlarına münasibət açıqlayaraq dedi ki, İrəvan təşkilatın üzvü kimi qalmağa ehtiyac görmürsə, qurumdan çıxmaq barədə müvafiq qərar qəbul edə bilər.

Ermənistan XİN rəhbəri A.Mirzoyan ötən ay ölkəsinin KTMT-yə qayıtmaq imkanını görmədiyini bildirdi. Həmçinin N.Paşinyan jurnalistlərə noyabrın 5-də verdiyi açıqlamada məsələni daha konkret ifadə etdi. “Bir daha və birdəfəlik bəyan etmək istəyirəm ki, KTMT ilə bağlı maraqlarımız tükənib”, - deyən Nikola cavabı Lavrov verdi. O dedi ki, Ermənistanın KTMT-dən və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaqla bağlı müraciəti yoxdur. Loru dildə desək, təxminən belə: çıxmaq istəyirlərsə, rəsmi şəkildə bildirsinlər. Lavrov, həmçinin Moskvada keçiriləcək KTMT sammitində Ermənistanın səsvermə hüququnun və təşkilatın rəhbər vəzifələrinə namizədlər irəli sürmək imkanının məhdudlaşdırılması barədə qərar layihəsinin müzakirə olunacağını açıqladı. O, eyni zamanda, bu tədbirlərin rəsmi İrəvanın kollektiv təhlükəsizlik müqaviləsindən irəli gələn fundamental hüquqlarını aradan qaldırmadığını açıqladı.

***

İndi isə gələk Peskovun Ermənistan–KTMT münasibətləri xüsusunda daha nələri bildirdiyinə. Rusiya Prezidentinin mətbuat katibi deyib ki, KTMT üzvləri İrəvanı təşkilatda səsvermə hüququndan məhrum etmək barədə qərar qəbul ediblər: “Ermənistanın bir neçə il ərzində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar olaraq, onun səsvermə hüququndan, eləcə də KTMT-də məsul vəzifələrə öz nümayəndələrini irəli sürmək imkanından məhrum edilməsi barədə qərar qəbul olunub”.

Əlbəttə, Ermənistan–KTMT ziddiyyətləri fonunda başlıca məqam ölkənin qurumdan nə vaxt çıxacağı deyil. Əsas məsələ İrəvanın Moskva ilə hərbi-siyasi münasibətlərini hansı yeni hüquqi və institusional çərçivədə davam etdirəcəyidir. Yəni Ermənistanın KTMT-də iştirakını dayandırması ilə onun Rusiya ilə ikitərəfli hərbi əməkdaşlığın ləğvi eyni proses deyil. Hər bir halda, bunlar bir-biriləri ilə bağlı məqamlardır və bu məqamların İrəvan–Moskva münasibətlərinin bütün spektrlərinə təsir göstərəcəyi birmənalıdır. Münasibətlər isə onsuz da rəvan deyil.

Ə.RÜSTƏMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью