Ermənistan KTMT yə gah hə, gah yox deyir TƏHLİL

11.11.2026

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Təşkilatdan çıxmaqla Avropaya yol açılmayacaqHazırda həm Şərqi Avropada, həm Yaxın Şərqdə, həm də Qərbi Asiyada vəziyyət son dərəcə gərgindir

Rusiyanın paytaxtı Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti qurumun gələcək taleyi, regional təhlükəsizlik arxitekturası və üzv dövlətlər arasındakı münasibətlərin perspektivləri baxımından diqqət mərkəzindədir.

Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə keçiriləcək görüşdə terrorizmlə mübarizə, hərbi əməkdaşlığın genişləndirilməsi, hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi və təşkilatın 2030-cu ilədək təhlükəsizlik strategiyası müzakirə olunacaq. Lakin sammitin əsas siyasi intriqası Ermənistanın KTMT-dəki gələcək statusu ilə bağlıdır. İrəvanın təşkilatla münasibətlərini faktiki olaraq dondurması, üzvlük haqlarını ödəməməsi və Nikol Paşinyanın sammitdə iştirakının gözlənilməməsi Moskvanın qarşısında yeni siyasi dilemma yaradır. Digər tərəfdən, Ermənistanın səsvermə hüququnun məhdudlaşdırılması ehtimalı KTMT daxilində onsuz da mövcud olan fikir ayrılıqlarını daha da dərinləşdirə bilər. Bəs Moskva Ermənistanla münasibətlərdə hansı addımları ata bilər?

Politoloq Tofiq Abbasov Sherg.az-a açıqlamasında bildirib ki, Ermənistan KTMT-dən çıxmaqla bağlı Qərbə bir növ mesaj göndərir:

“Yəni, bildirir ki, bizə daha diqqətli yanaşın və bilin ki, öz öhdəliklərimizdən dönmür, onlara sadiq qalırıq. Ermənistan parlament səviyyəsində Avropa İttifaqına inteqrasiya ilə bağlı qanun layihəsini müzakirəyə çıxardı və daha sonra həmin layihəni qəbul etdi. İstiqamət Avropaya doğrudur və bunu artıq prezident də öz imzası ilə təsdiqləyib.

Ancaq KTMT-dən çıxmaq hələ o demək deyil ki, Ermənistanın Avropaya gedən yolu tamamilə açıqdır və ya problemsizdir. KTMT-nin fəaliyyətində, bəli, çox böyük müəmmalar və boşluqlar var. Düzdür, 2022-ci ilin əvvəlində Qazaxıstanla bağlı bir insident yaşandı. Faktiki olaraq, həmin dövrdə KTMT ilk dəfə kollektiv şəkildə Qazaxıstanın daxili proseslərinə müdaxilə etdi. Həmin vaxt Nursultan Nazarbayev hakimiyyətdən kənarlaşdırıldı. Təbii ki, təşkilatın özünün bildirdiyi kimi, buna böyük ehtiyac var idi. Çünki guya terror təşkilatları orada təhdid yaradır, Qazaxıstanda hakimiyyət çevrilişinə cəhd edir, konstitusion quruluşu dəyişmək istəyirdilər və s. KTMT-yə üzv ölkələrin hərbi kontingentləri prosesdə iştirak etmiş və guya arzuolunmaz hadisələrin qarşısını almışdılar.

Faktiki olaraq, indi bütün dünyada proseslərin nə dərəcədə arzuolunmaz istiqamətdə inkişaf etdiyini görürük. O cümlədən NATO özü də çox qeyri-müəyyən vəziyyətdədir. Çünki ABŞ Prezidenti Donald Tramp NATO ilə bağlı artıq xüsusi yanaşma sərgiləyir. O, öz təhlükəsizlik çətirini Avropanın üzərindən çəkməyə çalışır. Bu isə onu göstərir ki, indiki şəraitdə heç kəs başqalarının qayğısına qalmaq üçün özünü problemlərə sürükləmək istəmir”.

Analitik bildirib ki, NATO-nun yaradıcısı və əsas təşəbbüskarı ABŞ olub:

“İkinci Dünya müharibəsindən sonra, 1949-cu ildə təşkilatın yaradılmasında məqsəd Sovet İttifaqından gələn təhdidlərin qarşısını almaq idi. Sonradan Stalin dövründə Sovet İttifaqı Şərqi Avropada, həqiqətən də, hücum mövqeyində idi və bir çox ölkələri öz himayəsinə götürmüşdü. NATO bir növ çıxılmaz vəziyyətə düşərək Qərb dövlətlərini öz çətiri altına almağa çalışırdı. Bununla da Sovet İttifaqına göstərmək istəyirdi ki, onun da gücü və koalisiyası var, bu dövlətlər həmin proseslərə qarşı dayanmaqda israrlıdırlar.

Amma indiki şəraitdə görürük ki, bütün ənənəvi konfiqurasiyalar bir növ laxlayır. Çünki güc toplaya bilən dövlətlərin sayı artıb və onlar öz müdafiələrini müstəqil şəkildə təmin etməyə çalışırlar. Nəhayət, həm Ukrayna müharibəsi, həm də Fars körfəzindəki müharibə ətrafında çox gözlənilməz və arzuolunmaz proseslərin genişləndiyini görürük.

Burada, təbii ki, ən çox narahatlıq doğuran və böyük risklər yaradan məsələ növbəti dünya müharibəsinin baş verməsi ehtimalıdır. Çünki hər iki müharibə ətrafında çoxsaylı iştirakçıların maraqları toqquşur. Ona görə də qarşıdurma meyilləri zəifləmir. Digər tərəfdən, risklərin artması səbəbindən həmin toqquşmaların xarakteri də dəyişir. Heç kəs risk etmək, ilk olaraq haradasa qeyri-adi və qeyri-ənənəvi addımlar atmaq istəmir ki, sonradan bu toqquşmanın arxasında konkret şəxsin və ya dövlətin dayandığı iddia olunsun.

Təbii ki, belə bir deyim var: müharibə istəmirsənsə, çalış güclən, ordu topla, cəbbəxananı doldur və elə et ki, səndən çəkinsinlər. İndi dünyada kifayət qədər çəkindirici vasitələr var, nüvə silahını isə bir kənara qoyaq”.

Ekspert qeyd edib ki, hazırda həm Şərqi Avropada, həm Yaxın Şərqdə, həm də Qərbi Asiyada vəziyyət son dərəcə gərgindir:

“Ona görə hesab edirəm ki, Rusiya, ABŞ, Çin, ərəb ölkələri, Türkiyə və İran da başa düşürlər ki, bu proseslərdə həddindən artıq irəli getmək olmaz. KTMT-yə gəldikdə isə Rusiya anlayır ki, təkbaşına o qədər də güclü deyil. Çünki Ukrayna ilə müharibədə artıq xeyli hərbi resursunu və cəbbəxana ehtiyatlarını xərcləyib. Bundan başqa, müharibə həqiqətən də çox böyük maliyyə vəsaiti tələb edir.

Belarus, Qazaxıstan, Tacikistan və digər potensial iştirakçı dövlətlər var ki, onlar Rusiya ilə həmrəy olduqlarını nümayiş etdirirlər. Yenə deyirəm, burada nümayişkaranə hərəkət etmək özü-özlüyündə mövqe ortaya qoymaq və təsir göstərmək deməkdir.

Düşünürəm ki, nə ABŞ, nə avropalılar, nə də Rusiya və onun müttəfiqləri qırmızı xətləri keçməyə cəhd göstərəcəklər. Sadəcə, öz hazırlıqlarını nümayiş etdirəcək və lazım gələrsə, proseslərə qoşulacaqlarını bildirəcəklər.

Amma Ermənistan burada anlaşılmaz mövqedədir. Çünki bir tərəfdən üzv olduğu təşkilatlardan uzaqlaşır. Buraya KTMT, gömrük təşkilatı və Avrasiya İqtisadi İttifaqı daxildir. Əgər çıxırsansa, birdəfəlik çıx. Çıxmırsansa, o zaman cəmiyyətin başını ağrıtmağın mənası yoxdur.

Ermənistanın Azərbaycanla münasibətlərində, sülh prosesində də görürük ki, bir addım irəli atır, iki addım geri çəkilir. Hətta bəzi hallarda daha çox geri addım atır. Belə olmaz. Müstəqil dövlət kimi özünü təsdiq etmək istəyirsənsə, sözünlə hərəkətin bir olmalıdır. Təəssüf ki, Ermənistanın timsalında bunu hələ də görə bilmirik.

Belə hesab edirəm ki, Ermənistan KTMT-dən çıxsa belə, bu, onun birbaşa Avropa İttifaqına qəbul ediləcəyi anlamına gəlmir. Eyni zamanda, NATO-nun ona xüsusi diqqət göstərəcəyinə də zəmanət yoxdur”.

Abbasovun sözlərinə görə, Ermənistan problemli ölkədir və münaqişəli vəziyyətlərlə bağlı ciddi çətinlikləri var:

“Azərbaycan sülh gündəliyini irəli sürüb, amma Ermənistan buna qəti şəkildə razılıq verə bilmir, yaxud vermək istəmir. Digər məsələ isə Ermənistanın arxasında həqiqətən də havadarlarının dayanmasıdır. Belə dövlətlər var və onlar çalışırlar ki, Ermənistanı öz təsir dairələrində saxlasınlar.

Buna baxmayaraq, Ermənistan, mən deyərdim ki, ciddi dövlət kimi öz mövqeyini hələ də formalaşdıra bilmir. Bəs dövlətin ciddiliyinin əsas göstəricisi nədir? İstənilən məsələ, xüsusilə prinsipial məqamlarla bağlı dövlət ya “hə”, ya da “yox” deməlidir. Bunlar isə gah “hə”, sonra “bəlkə yox”, gah da “yox”, ardınca “bəlkə hə” deyirlər.

Vladimir Putin də Moskvada Nikol Paşinyana birmənalı şəkildə bildirib ki, əgər çıxırsınızsa, çıxın, biz də işimizi bilək. Rusiya onsuz da Ermənistanın Avrasiya İqtisadi İttifaqından və bu təşkilatın iqtisadi coğrafiyasından uzaqlaşmasını məhdudlaşdırmaq üçün müəyyən tədbirlər görür.

Hər halda, KTMT məsələsinə gəldikdə, aydın məsələdir ki, hazırda Ermənistanda revanşizm ruhunda hərəkət edənlərin sayı çoxdur. Onlar birmənalı şəkildə bildirirlər ki, Rusiya silahlarından və döyüş taktikasından imtina etmək lazımdır. İstəkləri NATO standartlarına yönəlməkdir. Çünki Azərbaycan NATO standartlarına uyğun hərbi yanaşmalarla Ermənistanı məğlub edib. Dörd günlük müharibədə və daha sonra keçirilən antiterror tədbirlərində Azərbaycan son məntiqi nöqtəni qoydu.

Hər halda, dövlətin siyasi rəhbərliyi bilməlidir ki, gah “hə”, gah “yox”, “bəlkə hə”, “bəlkə yox” deməklə ölkənin subyektliyi şübhə altına düşür. Hələlik vəziyyət belədir.

Azərbaycan isə öz imkanlarını çox yüksək səviyyədə həm nümayiş etdirir, həm də dövlət subyektliyini təsdiqləyir. Bildirir ki, ölkəmizlə bağlı bütün qərarlar Bakıda qəbul olunur. Bu prosesdə üçüncü dövlətin iştirakı yoxdur. Ona görə də Ermənistan Azərbaycandan özünə məxsus bir ibrət götürməlidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью