Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Günay Hüseynova hesab edir ki, Ermənistan ilə Azərbaycan arasında ticari münasibətlərin genişlənməsi yaxın dövrdə yeni iqtisadi mərhələ yarada bilər”.
Bunu iqtisadçı ekspert Günay Hüseynova xalqcebhesi.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, iki ölkə arasında müəyyən sahələr üzrə iqtisadi əlaqələr artıq mövcuddur:
“Ermənistan ilə Azərbaycan arasındakı ticari münasibətlər müəyyən müddətdir davam edir. Enerji və bu sahə ilə bağlı ixrac əməliyyatları da həmin əlaqələrin göstəricisidir. Buna baxmayaraq, hələlik tam inteqrasiya mühiti formalaşmayıb. Lakin yaxın zamanda Ermənistan məhsullarını Azərbaycan daxili bazarında görmək mümkün olacaq.Ermənistan əsasən kənd təsərrüfatı, meyvə-tərəvəz konservləri və oxşar sahələr üzrə ixtisaslaşıb.Azərbaycan bazarına daxil olacaq məhsullar daxili bazardakı tələb və təklifə uyğun olaraq formalaşacaq. Növbəti mərhələdə həmin məhsulların bazarda daha geniş yer tutması mümkündür”.
Günay Hüseynova vurğulayıb ki, avtomobil sənayesi və ehtiyat hissələri sahəsində inteqrasiya daha uğurlu nəticələr verə bilər:
“Bu sahənin inteqrasiyası daha perspektivli görünür. Burada məhsulun keyfiyyəti və bazardakı tələbat mühüm rol oynayır. Ermənistanın türk şirkətləri ilə rəqabət aparması üçün əsas faktor maya dəyərinin aşağı olmasıdır. Məhsul həm keyfiyyətli, həm də alıcı üçün münasib qiymətə təqdim edilməlidir. İnflyasiya səviyyəsi, əməkhaqqı və istehsal xərcləri bazardakı rəqabətə birbaşa təsir edir.Əgər inflyasiya sürətlə artarsa, bu, məhsulun qiymətinə təsir göstərəcək və Ermənistan məhsullarının bazardakı mövqeyini zəiflədəcək. Digər tərəfdən, bəzi şirkətlər bazara daxil olarkən ilk aylarda məhsulu maya dəyərinə və ya simvolik qiymətə sataraq bazarda mövqe qazanmağa çalışırlar”.
Ekspert hesab edir ki, Ermənistan yerli istehsalı rəqabətədavamlı etmək üçün ilk mərhələdə gəlirdən çox istehsalın artırılmasına fokuslanmalıdır:
“Bir müddət əməkhaqlarının stabil saxlanılması, istehsal həcminin artırılması və birbaşa xarici bazarlara çıxışın genişləndirilməsi daha məqsədəuyğun addım ola bilər”.
Günel Elxan