Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qoruq və yasaqlıqların bərpası uzun illər tələb edir
Təbiətə vurulan zərər yalnız yandırılan ağaclarla, dağıdılan meşələrlə və öldürülən heyvanlarla ölçülmür. Məhv edilən hər ağacla bir quşun yuvası, yandırılan hər meşə sahəsi ilə saysız-hesabsız canlının sığınacağı yox olur. Pozulan hər ekosistemlə təbiətin minilliklər ərzində formalaşmış əlaqələri təhlükə altına düşür. Meşədəki bir dəyişiklik qida zəncirinin digər həlqələrinə, bir növün azalması isə onunla bağlı başqa canlıların həyatına təsir göstərir. Beləliklə, işğalın ekoloji izləri yalnız torpaqda və landşaftda deyil, heyvanların taleyində də qalır.
Yanğınlar canlı aləmə divan tutub
Meşələr vəhşi heyvanların qidalandığı, çoxaldığı, balalarını böyütdüyü və təhlükələrdən qorunduğu bütöv həyat sistemidir. İşğal dövründə, xüsusilə ərazilərin boşaldılması ərəfəsində Kəlbəcər, Laçın və digər rayonlarda törədilən meşə yanğınları bu sistemi ciddi şəkildə zədələyib, çoxsaylı canlıların təbii yaşayış mühitini məhv edib.
Alovlar qarşısında hərəkət imkanları məhdud olan sürünənlər, suda-quruda yaşayanlar, gəmiricilər və digər kiçik canlılar diri-diri yanmış, quşların yuvaları və yumurtaları tələf olmuşdur. Tüstü və yüksək temperatur da heyvanların həyatı üçün ciddi risk yaradıb.
Qonur ayı, cüyür, çöl donuzu və digər məməlilər yaşayış yerlərini, qida mənbələrini və balalarını böyütdükləri təhlükəsiz məkanları itirmək təhlükəsi ilə üzləşiblər. Məcburi yerdəyişmələr onların qidalanmasına, çoxalmasına və təbii həyat ritminə uzunmüddətli təsir göstərib.
Yanğınlar bitki örtüyünü, meşə döşənəyini və otlaqları məhv etməklə qida zəncirini də pozub. Bitki ehtiyatlarının azalması otyeyən heyvanların və gəmiricilərin qida mənbələrini də məhdudlaşdırıb. Bu isə öz növbəsində yırtıcıların yem ehtiyatlarına təsir göstərib. Qarabağda və ətraf rayonlarda yandırılan meşələr təkcə ayrı-ayrı canlılara deyil, bütöv ekosistemlərə zərbə vurub.
Bu dağıntıların miqyasını göstərən nümunələrdən biri Bəsitçay Dövlət Təbiət Qoruğudur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, qoruğun meşə ilə örtülü 85 hektar sahəsinin 42 hektardan çoxu işğal dövründə məhv edilib. Ağacların köklərinin partlayıcı maddələrlə dağıdılması və yanğınlar meşə ekosisteminə ciddi ziyan vurub. Ağaclarda yuva quran quşlar, gövdə və köklərin ətrafında yaşayan kiçik canlılar, meşə örtüyündən faydalanan heyvanlar öz yaşayış şəraitlərini itiriblər. Ağac və kolların məhv edilməsi bitkilərlə heyvanlar arasındakı qarşılıqlı əlaqələri də pozub. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən mütəmadi qəsdən yanğınlar meşə və çöl ekosistemlərini məhv etmişdir.
Qanunsuz ov
Qarabağ və Şərqi Zəngəzurun təbiəti işğal dövründə yalnız yanğınlar və yaşayış mühitlərinin dağıdılması ilə deyil, həm də təbiətin mühafizəsinə nəzarətin zəifləməsi və qanunsuz ovçuluq təhlükəsi ilə üzləşib. Müxtəlif məlumatlarda erməni hərbi birləşmələrinin və xarici ovçuların regionda qanunsuz ovçuluqla məşğul olduqları, nadir heyvan növlərinin ovlandığı bildirilir.
Nəzarətsizliyin ən ağır nəticələri sayı az olan və nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlərə təsir göstərib. Hər bir yetkin fərdin məhv edilməsi isə populyasiyanın bərpasını çətinləşdirib, çoxalma qabiliyyətinə malik heyvanların itirilməsi gələcək nəsillərin sayını azaldıb. Quş yuvalarının dağıdılması və nadir quşların təbiətdən tutulması da onların çoxalmasına mənfi təsir göstərib.
Meşələrin yandırılması və qırılması ilə qanunsuz ovçuluğun eyni vaxtda yaratdığı təzyiq isə vəhşi heyvanları həm sığınacaqdan, həm də təhlükəsiz həyat şəraitindən məhrum edib. Bu təsirlər qida zəncirində də özünü göstərib. Cüyür, bezoar keçisi və çöl donuzu kimi heyvanların sayının azalması onlarla qidalanan yırtıcıların yem ehtiyatlarını məhdudlaşdırıb. Bu, Qafqaz bəbiri kimi nadir yırtıcıların yaşaması üçün vacib olan təbii tarazlığa mənfi təsir göstərib.
Beləliklə, ərazidə mövcud olan 70-dən çox fauna növü kritik həddə çatıb. Rejim və nəzarətin olmaması səbəbindən Azərbaycanın "Qırmızı kitabı"na və beynəlxalq qorunma siyahılarına daxil edilmiş bəbirlə yanaşı, qonur ayı, nəcib maral və xallı qutan kimi nadir növlər qanunsuz ovun (brakonyerliyin) qurbanı olub.
Mina heyvanları da tələf edir
Qarabağın heyvanlar aləminə vurulan zərər meşələrin yandırılması, yaşayış mühitlərinin dağıdılması və qanunsuz ovçuluqla məhdudlaşmır. İşğal dövründən qalan minalar və partlamamış hərbi sursatlar bu gün də vəhşi təbiət üçün ciddi təhlükə mənbəyidir.
İnsanlar xəbərdarlıq nişanları və xəritələr vasitəsilə minalanmış zonalar barədə məlumat ala bilsələr də, heyvanların bu təhlükəni tanımaq və ondan yayınmaq imkanı yoxdur. Qida, su və sığınacaq axtaran canlılar fərqinə varmadan minalı ərazilərə daxil olaraq tələf olur və ya ağır yaralanırlar. Beləliklə, mina təhlükəsi müharibə başa çatdıqdan sonra da ekosistemin üzərində qalan ağır irsə çevrilib.
Ərazilərin kütləvi şəkildə minalanması nəticəsində ceyranlar, cüyürlər, çöl donuzları, qonur ayılar və bezoar keçiləri kimi iri məməlilər minaya düşərək kütləvi şəkildə məhv olub və ya şikəst qalıblar. Partlayış nəticəsində yaralanan canlıların hərəkət qabiliyyətini itirməsi onların qida tapmasını, yırtıcılardan qorunmasını və çoxalmasını qeyri-mümkün edib.
“Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyinin sədri Təvəkkül İsgəndərov minalanmış ərazilərdə vəhşi heyvanların üzləşdiyi bu faciəni ictimaiyyətin diqqətinə çatdırıb. Onun açıqlamasında, minaya düşərək tələf olan ayı və balasının tapılması barədə konkret faktlar da yer alıb. Birlik bu ekoloji böhranla bağlı heyvanların müdafiəsi üzrə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
Baş verənlər sübut edir ki, mina problemi yalnız insanlar üçün deyil, təbiətdə yaşayan və özünü qoruya bilməyən bütün canlılar üçün qlobal təhlükədir. Bu səbəbdən Qarabağda aparılan minatəmizləmə işləri həm insanların təhlükəsiz qayıdışı, həm də regionun zəngin faunasının bərpası üçün mühüm əhəmiyyət daşıyır.
Onu da qeyd edək ki, ağır hərbi texnikanın hərəkəti və mütəmadi atışma səsləri də heyvanlarda güclü stress yaradıb, onları tarixi miqrasiya yollarını və yaşayış areallarını tərk etməyə məcbur edib.
Çirklənən çaylarda həyat sönür
Heyvanlar aləminə vurulan zərərin digər istiqaməti su ekosistemlərinin vəziyyəti ilə bağlıdır. Oxçuçay və Araz çaylarında sənaye tullantıları və ağır metallarla çirklənmə barədə narahatlıqlar uzun müddətdir gündəmdədir.
Çayların çirklənməsi yalnız balıqlar üçün deyil, bütöv su ekosistemi üçün təhlükə yaradıb. Suda yaşayan mikroorqanizmlərdən və su bitkilərindən tutmuş balıqlara, su quşlarına və həmin sudan istifadə edən məməlilərə qədər bir-biri ilə əlaqəli canlılar sistemi təsirə məruz qalıb. Zəhərli maddələr suyun keyfiyyətini aşağı salıb, canlıların çoxalmasına mənfi təsir göstərib. Çayların mədən və sənaye tullantıları ilə çirklənməsi, eləcə də balıqların kütləvi tələfatı ilə bağlı müxtəlif məlumatlar bu hövzələrdə müntəzəm ekoloji monitorinqin vacibliyini göstərir.
Nadir növlər məhv olub
Qarabağ və ətraf rayonlar Azərbaycanın zəngin biomüxtəlifliyə malik ərazilərindəndir. İşğala qədər bölgədə 4500–5000 növ buğumayaqlı qeydə alınıb, həşərat faunasına aid 56 növ isə nadir, endemik və nəsli kəsilmək təhlükəsində olan növlər sırasına daxil edilib.
Qarabağın daxili su hövzələrində 12 balıq növü yayılmış, onlardan 7-si Azərbaycanın “Qırmızı kitab”ının II nəşrinə və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına salınıb. Bölgədə 4 növ suda-quruda yaşayan, 28 növ sürünən və 288 növ quş qeydə alınbr. Quşlardan 50 növ Azərbaycanın “Qırmızı kitab”ının II nəşrində yer alıb.
İşğala qədər Qarabağda 63 məməli növü qeydə alınmışdır. Onların arasında qonur ayı, çay samuru, zolaqlı kaftar, vaşaq, Qafqaz bəbiri, nəcib maral, cüyür və bezoar keçisi kimi nadir növlər var. Bu növlərin bir qismi beynəlxalq mühafizə siyahılarına da daxil edilib. Bölgənin mağaraları, xüsusilə Azıx mağarası və digər mağara sistemləri yarasalar üçün mühüm sığınacaq rolunu oynayır.
Bu göstəricilər Qarabağın təbii irsinin nə qədər zəngin olduğunu göstərməklə yanaşı, onun qorunmasının vacibliyini də ortaya qoyur. Bununla belə, işğal illərində məhv olan heyvanların dəqiq sayını əks etdirən vahid və tam rəqəm mövcud deyil. Uzun müddət ərazilərdə sistemli ekoloji monitorinqin aparılmaması və məlumatların məhdudluğu itkilərin miqyasını dəqiq müəyyənləşdirməyi çətinləşdirir. Ümumiyyətlə, faunanın yenidən bərpası uzunmüddətli yanaşma tələb edir.
P.ƏFƏNDİ
XQ