Ermənistan Qarabağın “yeraltı çaylar”ına da əl qatıb

31.10.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Qarabağ və Şərqi Zəngəzur deyəndə gözlərimizin önündə yamyaşıl meşələr, başı dumanlı dağlar, gur çaylar və saf bulaqlar canlanır. Bu torpaqların əsrlər boyu insanlara həyat verən təbii sərvətlərindən biri də yerin dərinliklərində uzanan qədim kəhrizlərdir. Yeraltı tunellərdən, quyulardan və su kanallarından ibarət olan bu sistemlər yüzillər boyu yaşayış məntəqələrini içməli su ilə təmin edib, əkin sahələrinin suvarılmasında mühüm rol oynayıb. Kəhrizlər bölgənin kənd təsərrüfatının inkişafına, ekoloji tarazlığın qorunmasına töhfə verib.

Lakin otuz ilə yaxın davam edən işğal dövründə Qarabağın yerüstü sərvətləri ilə yanaşı, yerin altındakı bu həyat damarları da ciddi zərər görüb. Yaşayış məntəqələri ilə bərabər, suvarma infrastrukturu və kəhriz sistemləri də dağıntılara və çirklənməyə məruz qalıb. Nəticədə, bölgənin su təsərrüfatına, təbii mühitinə və kənd təsərrüfatına ziyan dəyib. Su rejiminin pozulması, qrunt sularının səviyyəsində dəyişikliklər, təbii yaşayış mühitlərinin zədələnməsi və torpaqların münbitliyinin azalması bu prosesin uzunmüddətli nəticələridir.

Bununla belə, Qarabağ və Şərqi Zəngəzur ərazilərində yerləşən bir çox kəhrizin texniki baxımdan bərpası və yenidən istifadəyə verilməsi mümkündür. Məlumatlara görə, Azərbaycanda, Naxçıvan Muxtar Respublikası istisna olmaqla, dövlət qeydiyyatında olan 623 kəhrizdən 332-si Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşir. İşğaldan əvvəl Ağdamda 98 kəhriz ildə 64,33 milyon, Füzulidə 71 kəhriz 19,016 milyon, Cəbrayılda 111 kəhriz 34,658 milyon, Qarabağın dağlıq hissəsində isə 52 kəhriz 4,225 milyon kubmetr su verirdi. Bu göstəricilər kəhrizlərin bölgənin su təminatındakı əhəmiyyətini göstərir.

Ağdamın kəhrizləri

İşğal dövründə “Qafqazın Xirosiması” adlandırılan Ağdam və ətraf ərazilərdə baş verən dağıntılar təkcə yaşayış məntəqələri ilə məhdudlaşmayıb, bölgənin qədim su infrastrukturu olan kəhrizləri də sıradan çıxma təhlükəsi ilə üz-üzə qoyub. Ermənilər tərəfindən evlərin sökülməsi, tikinti tullantılarının kəhrizlərin baxış quyularına qəsdən doldurulması yeraltı su tunellərinin zədələnməsinə və bu qədim sistemlərin fəaliyyətinin pozulmasına səbəb olub. Ağır texnikanın hərəkəti, torpaq qatlarının sıxılması, səngər və sığınacaqların qazılması, eləcə də partlayışlar yeraltı qurğuların dayanıqlılığını zəiflədib, çökmə riskini artırıb.

Bütün bunlar Ağdam kəhrizlərinin təmizlənməsini və istismarını çətinləşdirib, onların suvermə qabiliyyətinə mənfi təsir göstərib. Belə zədələnmələrin nəticələri isə suyun təbii axınını pozub, həmin mənbələrdən asılı olan yaşayış məntəqələri və əkin sahələri isə su çatışmazlığı təhlükəsi ilə üzləşib. Bu, yalnız tarixi-mühəndislik irsinin itirilməsi deyil, həm də bölgənin su ehtiyatlarından səmərəli istifadə imkanlarının məhdudlaşması və kənd təsərrüfatının su təminatının çətinləşməsi deməkdir.

Cəbrayıl kəhrizləri

Cəbrayıl rayonunun timsalında kəhrizlərin bölgənin həyatında oynadığı rol daha aydın görünür. Çay şəbəkəsinin məhdud olduğu bu ərazidə əhali əsrlər boyu içməli və təsərrüfat suyuna olan tələbatını əsasən kəhrizlər və bulaqlar hesabına ödəyib. Dağətəyi ərazilərdən Araz çayına doğru uzanan pilləli, yəni kaskad tipli kəhriz sistemləri yeraltı suların təbii relyefə uyğun hərəkətini təmin edib.

Lakin bu qədim su mənbələrinin bərpası qarşısında bu gün də ciddi maneələr var. Onlardan biri işğal dövründən miras qalan və insanların həyatı üçün real təhlükə yaradan minalardır. İşğaldan azad olunmuş ərazilərdə 300-dən yuxarı yeraltı su kəhrizləri mina və hərbi sursatlarla çirkləndirilib. Məlumatlara görə, minalar təkcə su kanallarının ətrafında deyil, kəhrizlərin baxış quyularında da yerləşdirilib. Su mənbələrinə yaxın ərazilərin minalanması, hətta kəhrizlərə insan cəsədlərinin atılması barədə də məlumatlar var. Bəzi kəhrizlər isə uçub-dağılıb.

Bütün bunlar göstərir ki, əsrlər boyu insanlara həyat verən su mənbələrinə qayıdışın özü belə təhlükəlidir. Minalar kəhrizlərin yoxlanılmasını, təmizlənməsini, təmirini və yenidən istifadəyə verilməsini çətinləşdirir. Ərazinin yalnız yerüstü hissəsinin təmizlənməsi isə yeraltı qurğuların və onların ətrafının tam təhlükəsizliyinə zəmanət vermir. Buna görə də Cəbrayılda və qonşu rayonlarda kəhrizlərin bərpasına başlamazdan əvvəl ANAMA və aidiyyəti qurumlar tərəfindən mina və partlamamış hərbi sursat təhlükəsi aradan qaldırılmalıdır, bundan sonra mühəndis-texniki və hidrogeoloji araşdırmalar aparıla bilər.

Xüsusilə Xorovlu kəndi və rayonun digər yaşayış məntəqələrində kəhrizlərin mərhələli şəkildə yenidən istifadəyə verilməsi əhalinin su təminatının yaxşılaşdırılması, əkin sahələrinin suvarılması və kənd təsərrüfatının dirçəldilməsi baxımından əhəmiyyət daşıyır.

Cəbrayıl və qonşu rayonlarda qədim kəhrizlərinin bərpası həm tarixi mühəndislik irsinin qorunması, həm su ehtiyatlarından səmərəli istifadə, həm də bölgədə dayanıqlı məskunlaşmanın təmin edilməsi üçün vacibdir. Lakin işğal dövründə yerləşdirilmiş minaların bu gün də yaratdığı təhlükə aradan qaldırılmadan həmin potensialdan tam istifadə etmək mümkün deyil. Əvvəlcə ərazilər təhlükəsizləşdirilməli, daha sonra bərpa işləri elmi əsaslarla və sistemli şəkildə həyata keçirilməlidir. Çünki hər bir kəhrizin yenidən fəaliyyətə başlaması yalnız su mənbəyinin deyil, Qarabağda həyatın, kənd təsərrüfatının və gələcəyə inamın bərpasına xidmət edir.

Yeraltı sular da zəhərlənib

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və beynəlxalq ekoloji ekspertlərin monitorinqləri qorxunc bir mənzərəni də üzə çıxarıb. İşğal dövründə Ağdərə, Zəngilan və Kəlbəcərdəki filiz yataqlarının qeyri-qanuni istismarı zamanı ağır metallarla zəngin olan toksiki tullantılar yer qatlarına sızdırılıb.

Bundan da betəri, ermənilər bioloji və kimyəvi çirklənmə yaratmaq məqsədilə bəzi strateji kəhriz quyularından birbaşa məişət və sənaye tullantı sularının anbarı kimi istifadə edib. Nəticədə, əsrlər boyu bakterioloji cəhətdən ən təmiz sayılan yeraltı sularımız kadmium, arsen və qurğuşun kimi ağır metallarla zəhərlənib. Bu, regionun unikal şirin su ekosisteminə qarşı qlobal konvensiyalar tərəfindən pislənilən açıq bir ekoloji terrordur.

Bərpa çətinlikləri

Kəhrizlərin xilası üçün əvvəlcə yer altında gizlənən ölüm təhlükəsi aradan qaldırılmalıdır. Çünki hər kəhrizin yenidən su verməsi Qarabağda həyatın bərpasına atılan mühüm addımdır. Həm əhalinin içməli su təminatı, həm də kənd təsərrüfatının dayanıqlı inkişafı baxımından mühüm strateji əhəmiyyət daşıyır. Lakin bu proses yalnız quyuların təmizlənməsi ilə məhdudlaşmır, həm də kəhrizlərin yenidən qurulması ciddi maliyyə vəsaiti, dərin elmi araşdırma və mühəndislik hazırlığı tələb edir.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Qarabağ və Şərqi Zəngəzur bölgələrində qədim su sistemlərinin dirçəldilməsi məqsədilə 5,5 milyon ABŞ dolları həcmində yeni layihənin icrasına başlayır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə birgə həyata keçirilən və 2030-cu ilədək davam etməsi nəzərdə tutulan bu missiya regionun su təhlükəsizliyinə böyük töhfə verəcək.

Qeyd edək ki, bundan əvvəl də agentliyin dəstəyi ilə bu istiqamətdə 4,42 milyon ABŞ dolları məbləğində vəsait ayrılmış və həmin proqram çərçivəsində ölkə üzrə 33 kəhriz tam bərpa edilmişdi.

Uğurla icra olunan layihələr coğrafiyası artıq Qarabağın daxili rayonlarını əhatə edir. Cəbrayıl rayonunun Horovlu kəndində vaxtilə dağıdılmış 5 kəhriz (o cümlədən tarixi “Orta kəhriz”) artıq tam bərpa olunaraq yenidən qurulan kəndin şəbəkəsinə inteqrasiya edilib. Paralel olaraq, Cəbrayılın ən bolsulu təbii mənbələrindən sayılan “Baş kəhriz”in də bərpası mühəndislərin əsas gündəmindədir. Ağdam rayonu istiqamətində isə Baharlı və Əhmədağalı kəndləri ərazisində yerləşən məşhur “Şəmsi” və “Çinarlı” kəhrizləri uğurlu bərpa prosesindən keçərək yenidən əhalinin xidmətinə verilib.

Regional Su Meliorasiya QSC İdarə Heyətinin sədr müavini İlham Quliyev bildirib ki, Cəbrayıl və Ağdam rayonlarında relyefi və mövcud vəziyyəti müəyyən edilmiş digər qədim kəhrizlər də ətraflı topoqrafik və hidroloji araşdırmalardan sonra mərhələli şəkildə bərpa planına daxil ediləcək.

P.ƏFƏNDİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью