Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Dünya bu vəhşiliyi görüb susurdu, indi isə məhəl qoymur
Birləşmiş Millətlər Təşkilatının Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyasının (COP17) əsas müzakirə mövzularından biri qlobal biomüxtəlifliyin qorunması, ekosistemlərin deqradasiyasının qarşısının alınması və təbii mühitin bərpasıdır.
Lakin Ermənistanın onilliklər boyu davam edən işğal siyasəti dövründə Qarabağ və Şərqi Zəngəzur regionlarında törədilən ekosid aktları, təbii sərvətlərin vəhşicəsinə talan edilməsi bu beynəlxalq prinsiplərlə köklü şəkildə ziddiyyət təşkil edərək böyük bir regional ekoloji fəlakətə yol açmışdır.
Qarabağda bir qərinəlik talanlar
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sənaye və iqtisadi əhəmiyyətə malik 163 təsdiqlənmiş faydalı qazıntı yatağı var. Bu yataqlar qızıl, mis, civə, qurğuşun, sink kimi qiymətli filiz ehtiyatları, həmçinin mişar daşı, üzlük daşları və digər qeyri-filiz faydalı qazıntı növləri ilə zəngindir. Bu nadir təbii resurslar bütövlükdə Azərbaycanın dayanıqlı iqtisadi inkişafı, milli sənaye potensialının genişləndirilməsi, regionların canlandırılması və minlərlə yeni iş yerlərinin yaradılması üçün geniş imkanlar açır. Lakin işğal illəri ərzində Azərbaycan xalqı yataqları qanuni şəkildə istifadə edə bilmədi. Bu müddət ərzində Ermənistan və onun cəlb etdiyi qanunsuz xarici podratçılar mədənlərdə heç bir beynəlxalq ekoloji norma və texnoloji qaydalara məhəl qoymadan qanunsuz hasilat işləri apardı, çıxarılan qiymətli xammalı xarici bazarlara daşıyaraq milyardlarla dollar gəlir əldə etdi.
Milli Məclisin deputatı Pərvanə Vəliyevanın açıqlamasına görə, işğal dövründə Azərbaycanın yeddi filiz və 39 qeyri-filiz yatağında qanunsuz hasilat aparılıb, yeraltı su ehtiyatlarından da icazəsiz istifadə olunub. Onlar arasında Söyüdlü-Zod, Qızılbulaq, Dəmirli, Vejnəli və digər yataqlar var. Bu yataqların qanunsuz istismarında “Vallex Group”, “Base Metals”, “ACP”, “Lerna Metalurgiayi Institute” və digər şirkətlər iştirak edib. Rusiyanın “Gold Star” şirkətinin də Zəngilan rayonunun Vejnəli kəndindəki qızıl yatağının istismarında iştirak etdiyi bildirilir.
Pərvanə Vəliyevanın məlumatına əsasən, 2009–2017-ci illərdə “Vallex Group” və onun törəmə şirkəti “Base Metals” metal hasilatından 177 milyon ABŞ dolları mənfəət əldə edib. “Onlar bununla qanunsuz işğalı maliyyələşdiriblər. Ermənistan tərəfi istismar edilən qızıl və misdən, qırılan ağaclardan 100 milyonlarla dollar gəlir əldə edibsə, onun sülh masasında razılığa gəlmək üçün hansı marağı ola bilərdi? Sülh onlar üçün bizneslərinin bağlanması demək idi. Sülh danışıqlarının 20-30 il uzanmasının başlıca səbəblərindən biri də bu idi. Sülh bərqərar edilsəydi, o zaman mədənlərdəki fəaliyyətləri dayanacaqdı, pulsuz kömür, su resursları əldən çıxacaqdı. Münaqişəni dondurub saxlamaq onlar üçün çox sərfəli biznes modelinə çevrilmişdi".
Bununla belə, qanunsuz fəaliyyəti yalnız çıxarılan filizin miqdarı və əldə edilən gəlirlə ölçmək olmaz. Hasilat zamanı torpaq örtüyü pozulub, təbii landşaft dəyişib, böyük həcmdə tullantılar meydana çıxıb. Ekoloji nəzarət yetərli olmadıqda bu proseslər meşələrin azalmasına, torpaq eroziyasına və su mənbələrinin çirklənməsi nə səbəb olub.
Söyüdlü–Zod qızıl yatağında qızıl vandallığı
Azərbaycan zəngin təbii ehtiyatlara, o cümlədən böyük qızıl yataqlarına malikdir. Bu yataqlardan biri Kəlbəcər rayonunda yerləşən Söyüdlü-Zod qızıl yatağıdır. 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi və Kəlbəcər rayonunun işğaldan azad edilməsi Ermənistanın və onunla əməkdaşlıq edən mədən şirkətlərinin bu ərazidəki iqtisadi maraqlarına ciddi zərbə vurub.
Söyüdlü-Zod yatağının ümumi ərazisinin 76 faizi Azərbaycanın, 24 faizi isə Ermənistanın ərazisində yerləşir. Başqa sözlə, yatağın 23 filiz damarından 16-sı Azərbaycanın, 7-si isə Ermənistanın payına düşür. Yatağın sənaye əhəmiyyətli qızıl ehtiyatları 112,5 ton təşkil edir, ümumi potensial dəyəri isə 8 milyard ABŞ dolları həcmində qiymətləndirilir.
Ermənistan işğal dövründə yatağın istismarını davam etdirərək onun resurslarından iqtisadi gəlir əldə edib. 2007-ci ildən etibarən Söyüdlü–Zod yatağını Rusiyanın “GeoProMining” mədən şirkətlər qrupuna daxil olan “GPM Gold” şirkəti istismar edib. Yatağın istismarı nəticəsində Ermənistan büdcəsinə təkcə 2019-cu ildə 52 milyon ABŞ dolları daxil olub. İşğal dövründə Ermənistan, həmçinin, təxminən, 13 ton ehtiyata malik olduğu bildirilən Ağduzdağ və Tutxun qızıl yataqlarını da istismar edib.
Kəlbəcərin 2020-ci ildə işğaldan azad edilməsi Söyüdlü–Zod yatağının böyük hissəsinin Azərbaycanın nəzarətinə keçməsi ilə nəticələnib. Bu dəyişiklik yatağın istismarı ilə məşğul olan “GeoProMining” şirkətinin fəaliyyətinə və gəlirlərinə təsir göstərib. Yatağın böyük hissəsinin Azərbaycan ərazisində qalması şirkətin əvvəlki istismar imkanlarını məhdudlaşdırıb. Bu vəziyyətin Ermənistanın mədən sənayesinə və yatağın istismarından əldə edilən gəlirlərə də təsir edib.
Türkiyənin “Yeni Şafak” nəşrinin məlumatına görə, 2020-ci ilin payızında “GeoProMining” şirkəti yataq üzərindəki iqtisadi maraqlarını qorumağa çalışıb. Noyabrın 26-da Ermənistan mediasında erməni silahlı qüvvələrinin rayondan çıxarkən sərhəd xəttini bir neçə yüz metr dəyişdirməyə çalışıb və yolda metal darvazalar quraşdırıb. Bu addımlar qızıl yatağının bir hissəsini Ermənistanın nəzarətində saxlamaq məqsədi daşıyıb.
Ermənistanın baş naziri Nikol Paşinyan hadisələrdən bir gün sonra çıxışında yatağın yarısının Azərbaycan ərazisində qaldığını bildirib. Sonrakı dəqiqləşdirmələrə əsasən, dövlət sərhədinin müəyyənləşdirilməsi ilə bağlı aparılan işlər nəticəsində yatağın, 76 faizinin Azərbaycan tərəfində yerləşdiyi qeyd olunub.
Söyüdlü–Zod yatağının istismarı ilə bağlı məsələlər təkcə iqtisadi maraqlarla məhdudlaşmır. Onun işğal dövründə istismarı zamanı ekoloji tələblərə əməl olunmaması ilə bağlı ciddi narahatlıqlar da mövcuddur. Filizlərin emalında istifadə edilən sianid və digər zəhərli kimyəvi maddələrin ətraf mühitə yayılması torpağın, su mənbələrinin və canlı aləmin çirklənməsi riskini artırıb. Bu cür çirklənmə qrunt sularına, çaylara, flora və faunaya mənfi təsir göstərə, yerli ekosistemlərə uzunmüddətli zərər vura bilər.
Beləliklə, Söyüdlü–Zod qızıl yatağı Azərbaycanın təbii sərvətləri, iqtisadi suverenliyi və ekoloji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Kəlbəcərin işğaldan azad edilməsi yatağın böyük hissəsi üzərində Azərbaycanın nəzarətini bərpa etməklə yanaşı, işğal dövründə təbii ehtiyatların istismarı və ətraf mühitə vurulmuş mümkün zərərin araşdırılması məsələlərini də aktuallaşdırıb. Yatağın gələcək istismarı zamanı şəffaflığın, milli qanunvericiliyin və beynəlxalq ekoloji standartların təmin edilməsi həm iqtisadi səmərəlilik, həm də regionun təbii mühitinin qorunması baxımından vacibdir.
Qızılbulaq, Dəmirli yataqlarında qəsbkarlıq
Ağdərə ərazisində yerləşən Qızılbulaq və Dəmirli yataqları da qanunsuz istismar olunub. Bu yataqların istismarında xarici şirkətlərin iştirak edib, çıxarılan filiz Ermənistana daşınaraq emal edilib və sonradan xarici bazarlara çıxarılıb. Lixtenşteyndə qeydiyyatdan keçmiş “Base Metals” şirkəti ayda, təxminən, 12 min ton filiz çıxarıb. Bu şirkət Dəmirli yatağında da qanunsuz fəaliyyət göstərib. Nəticədə hər iki yatağın ərazilərindəkitullantı anbarında 4 milyon ton tullantı toplanıb.
“Dəmirli” mədən yatağının 740 hektar ərazisində isə qanunsuz geoloji kəşfiyyat, qazıntı-hasilat işləri və yeni infrastruktur tikintisi aparılıb. Bu zaman ərazidəki tarixi-memarlıq və arxeoloji abidələrimiz də məhv edilib. Bundan başqa, Dəmirli dağ-mədən kompleksinin tikintisi zamanı 82 hektara yaxın meşə örtüyü sıradan çıxarılıb. Nəticədə, ətraf mühitə böyük ziyan dəyib, çaylar və yeraltı sular ağır metallarla çirklənib. Uzun illər bu ərazidə yanğınlar təşkil edilib, su hövzələri kimyəvi çirklənməyə məruz qalıb. Bunun nəticəsidir ki, Tərtərçay da o vaxtlar ağır metallarla və mədən tullantıları ilə çirklənib.
Bu yataqların istismarı ilə bağlı narahatlıqlar 2022-ci ilin dekabrında Şuşa–Laçın yolunda keçirilən etiraz aksiyasında da gündəmə gəlib. Vətəndaş cəmiyyəti nümayəndələri və ekologiya fəalları Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına və ekoloji vəziyyətlə bağlı narahatlıqlara etiraz ediblər.
Dekabrın 3-dən etibarən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə danışıqlar apardığı açıqlanmışdı. Danışıqların əsas mövzularından biri faydalı qazıntı yataqlarının istismarı və bunun ətraf mühitə mümkün təsirləri idi.
Dekabrın 10-da Azərbaycan nümayəndələrinin Qızılbulaq və Dəmirli yataqlarına səfər etmək cəhdinə baxmayaraq, onların ərazilərə girişinə maneələr yaradılmışdı. Bu vəziyyət mədənlərdə aparılan işlərin şəffaf şəkildə araşdırılması ilə bağlı suallar doğurmuşdu. Həmin dövrün məlumatlarında yataqlarda hasilatın intensivləşməsi və iş sahələrinin genişlənməsi barədə də xəbərlər da vardı. Belə məlumatların dəqiqləşdirilməsi üçün mütəxəssislərin mədənlərə maneəsiz çıxışının təmin edilməsi, su və torpaq nümunələrinin götürülməsi, tullantıların kimyəvi tərkibinin yoxlanılması və nəticələrin ictimaiyyətə açıqlanması vacib idi. Amma separatçılar buna imkan vermədi.
Vejnəli yatağında transmilli cinayət şəbəkəsi
Zəngilan rayonunun Vejnəli kəndində yerləşən zəngin əlvan və qiymətli metal yataqları uzun illər boyu Ermənistanın işğalçı rejiminin qanunsuz iqtisadi fəaliyyətinin əsas hədəflərindən biri olub. Geoloji tədqiqatlara əsasən, yüksək sənaye əhəmiyyətinə malik olan bu kvars-qızıl-sulfid tərkibli yatağın dərinliklərində irimiqyaslı qızıl, gümüş, mis və digər strateji əlvan metal ehtiyatları cəmləşib. İşğal dövründə yataq talan edilib.
Milli Məclisin deputatı Günay Ağamalı bildirib ki, işğal illərində qızıl, mis və digər qiymətli metal yataqlarının qanunsuz istismarı ilə bağlı faktlar Azərbaycan tərəfindən addım-addım sənədləşdirilib. Təbii sərvətlərimizin qanunsuz istismarında xarici şirkətlərin iştirakına dair təkzibolunmaz faktların mövcudluğunu qeyd edən parlamentari, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi materiallarında "Base Metals", "Vallex Group" və digər transmilli şirkətlərin adlarının işğal edilmiş ərazilərdəki qanunsuz fəaliyyətlə birbaşa bağlı qeyd olunduğunu və Vejnəli qızıl yatağının bunun ən konkret nümunəsi olduğunu vurğulayıb. Azərbaycan Baş Prokurorluğunun araşdırmalarına əsasən, "Base Metals" QSC Vejnəli kəndində əlvan metal yataqlarının qanunsuz istismarı nəticəsində 301 milyon 918 min manat təmiz qanunsuz gəlir əldə edib.
Bu cinayətkar sxemdə rəsmi İrəvanla yanaşı, xarici sərmayədarlar da yaxından iştirak edib. Qanunsuz hasilatda İsveçrənin məşhur "Franck Muller" şirkətinin rəhbəri Vartan Sirmakes və onunla əlaqəli, Lixtenşteyn qeydiyyatlı "Vallex Group" holdinqi ("Base Metals" QSC vasitəsilə) mühüm rol oynayıb. Vejnəlidən vəhşicəsinə çıxarılan qızıl xammalı Ermənistan mənşəli məhsul kimi sənədləşdirilərək xarici birjalarda qanunsuz şəkildə satışa çıxarılıb. Faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 192.2.3-cü (qanunsuz sahibkarlıq) və 318.2-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb. Yatağın talanmasında təqsirləndirilən xarici ölkə vətəndaşları – Vartan Sirmakes, Valeriy Mejlumyan və Artur Mkrtumyan barəsində rəsmi olaraq beynəlxalq axtarış elan edilib. Onu da qeyd edək ki, digər yataqların qanunsuz istismarı ilə bağlı eyni maddələrlə cinayət işi açılıb.
İqtisadi cinayətlərlə yanaşı, Ermənistan tərəfi və onun cəlb etdiyi xarici podratçılar Vejnəli yatağında heç bir beynəlxalq ekoloji normaya, konvensiyaya və müasir hasilat texnologiyalarına əməl etməyib. Mədən fəaliyyəti zamanı ətrafa atılan zəhərli tullantılar regionun ekoloji tarazlığını alt-üst edib, torpaq qatının genişmiqyaslı aşınmasına və toksiki zəhərlənməsinə yol açıb. Bu ekoloji terrorun ən ağır fəsadı isə yaxınlıqdakı su hövzələrinin, xüsusilə Oxçuçayın ağır metallarla kritik dərəcədə çirkləndirilməsi olub.
Bununlıa bağlı deputat P.Vəliyeva bildirib ki, burada əsas məqsəd yalnız hərbi nəzarəti təmin etmək deyil, həm də ərazinin daxili infrastrukturunu və memarlıq simasını dəyişdirmək olub. Onun sözlərinə görə, işğalçılar Qarabağı Ermənistanın iqtisadi və infrastruktur sisteminə mümkün qədər sıx bağlamağa və sonradan bu əlaqələrin qırılmasını çətinləşdirməyə çalışblar: “Təbii sərvətlərin vəhşicəsinə istismarı və başqa dövlətə çıxarılması prosesi sistemli şəkildə həyata keçirilirdi”.
Bu mənzərə qanunsuz istismar olunmuş bütün filiz yataqları üçün xarakterikdir. Amansız talançılığa İkinci Qarabağ və antiterror əməliyyatından sonra son qoyuldu. Hazırda regionda post-münaqişə dövrünün prioritetlərinə uyğun olaraq böyük bərpa və yenidənqurma işləri aparılır. Müvafiq dövlət proqramları çərçivəsində, yatağının resursları müasir geoloji-kəşfiyyat üsulları ilə yenidən qiymətləndirilir. Bu zəngin ehtiyatların yaxın gələcəkdə qanuni əsaslarla, yaşıl iqtisadiyyat prinsiplərinə və ekoloji standartlara tam riayət olunmaqla Azərbaycanın ümumi iqtisadiyyatına inteqrasiya edilməsi və ölkənin sənaye potensialına qazandırılması prosesi uğurla davam etdirilir.
Pünhan ƏFƏNDİYEV,
XQ