Ermənistan sənayesinin zəhəri Araza axır

23.10.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

BMT isə İrəvanın”ekoloji təcrübə” sini təşviq edir

Təbiətin qorunmasından danışmaq, eyni zamanda qonşu ölkəyə axan çayların çirklənməsi ilə bağlı narahatlıqlara cavab verməmək ciddi ziddiyyət yaradır. Xüsusilə beynəlxalq konfranslarda biomüxtəlifliyin qorunmasını müzakirə edən bir ölkənin ərazisindəki sənaye müəssisələrinin tullantıları qonşu ölkənin çayları üçün təhlükə yaradırsa, bu ziddiyyət daha da aydın görünür.

Təbiətin qorunması haqqında danışmaq kifayət deyil. Əsas məsələ bəyanatları konkret addımlarla təsdiqləməkdir. İrəvanda keçirilən COP17 Ermənistanın beynəlxalq ekoloji gündəmdə mövqeyini gücləndirmək cəhdi kimi diqqət çəkir. Bununla yanaşı, işğal dövründə Azərbaycanın təbii sərvətlərinin istismarı və ətraf mühitə vurulmuş zərərlə bağlı məsələlər də yenidən gündəmə gəlir. Bu faktlar ekoloji məsuliyyətin yalnız beynəlxalq tədbirlərdə səsləndirilən bəyanatlarla deyil, real fəaliyyətlə ölçüldüyünü göstərir.

Azərbaycanı narahat edən ciddi ekoloji problemlərdən biri də Ermənistan ərazisindən gələn çayların çirklənməsidir. Bu baxımdan, xüsusilə Oxçuçayın vəziyyəti ciddi narahatlıq doğurur. İllərdir çayın sənaye tullantıları ilə çirkləndirilməsi barədə məlumatlar yayılır, alimlər təhlükəyə diqqət çəkir, aidiyyəti dövlət qurumları isə məsələni araşdırır. Buna baxmayaraq, problem hələ də aktuallığını qoruyur.

Ermənistan ərazisində çirklənən sular sərhədi keçərək Oxçuçay vasitəsilə Araz çayının hövzəsinə daxil olur. Bu isə Azərbaycanın su ehtiyatları və ətraf mühit üçün ciddi risklər yaradır. Belə bir vəziyyətdə ekoloji problemlərin həlli üçün şəffaflığın təmin edilməsi, çirklənmə mənbələrinin aradan qaldırılması və konkret tədbirlərin görülməsi vacibdir. Təbiətin qorunması ilə bağlı beynəlxalq öhdəliklər də məhz bu cür real addımlarla təsdiqlənməlidir.

Ən narahatedici məqam isə Ermənistanın özünü beynəlxalq aləmdə təbiətin qorunmasına töhfə verən dövlət kimi təqdim etməyə çalışmasıdır. Əgər bir ölkə həqiqətən ətraf mühitin qorunmasında maraqlıdırsa, ilk növbədə onun ərazisindəki çayların vəziyyəti, sənaye tullantılarının idarə olunması və qonşu ölkələrə təsiri ilə bağlı suallara aydın cavab verməlidir. Bu məsələlərə susmaqla ekoloji məsuliyyətdən yayınmaq mümkün deyil.

Hazırda Ermənistanda Bioloji Müxtəliflik üzrə Konvensiyanın Tərəflər Konfransının 17-ci iclası (COP17) keçirilir. Bu tədbirdə təbiətin qorunması, canlı aləmin mühafizəsi və ekosistemlərin bərpası kimi vacib məsələlər müzakirə olunur. Ancaq Ermənistanın bu konfransa ev sahibliyi etməsi özü də ciddi suallar yaradır. Bir tərəfdən biomüxtəlifliyin qorunmasından danışmaq, digər tərəfdən isə transsərhəd çayların çirklənməsi ilə bağlı narahatlıqlara lazımi cavab verməmək bir-birinə uyğun gəlmir.

“Environmental Protection First” koalisiyasının COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciəti də məhz bu ziddiyyətə diqqət çəkir. Koalisiya Ermənistan ərazisindəki sənaye müəssisələrinin transsərhəd çaylara təsirinin araşdırılmasını və ekoloji problemlərə münasibətdə ikili standartlara yol verilməməsini tələb edir. Bu çağırışın əsas məğzi aydındır: təbiətin qorunmasından danışan heç bir dövlət öz ərazisindəki ekoloji problemlərə görə məsuliyyətdən kənarda qala bilməz.

Oxçuçayla bağlı məlumatlar isə narahatlığın əsassız olmadığını göstərir. Çay Ermənistanın Qafan və Qacaran ərazilərindən keçərək Azərbaycanın Zəngilan rayonu ərazisində Araz çayına tökülür. Azərbaycan alimlərinin araşdırmalarında Oxçuçayın suyunda mis, molibden, manqan, dəmir, sink, xrom və digər ağır metalların normadan dəfələrlə artıq olduğu bildirilib. Məsələn, ayrı-ayrı vaxtlarda suyun tərkibində misin miqdarı normadan 25-50 dəfə, fenolların miqdarı isə 6-15 dəfə artıq olub. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi də müxtəlif vaxtlarda Oxçuçayda çirklənmə və balıqların kütləvi məhv olması ilə bağlı məlumatlar yayıb. Nazirliyin açıqlamalarından aydın olur ki, çayın çirklənməsi Ermənistan ərazisindəki Qacaran və Qafan dağ-mədən müəssisələrinin fəaliyyəti ilə əlaqəlidir. Bu gün Zəngilanın allüvial-çəmən torpaqlarının 1–1,5 metr dərinliyində Qacaran və Qafan müəssisələrinin zəhərli maddələri toplanıb. Çayın suları Araza qarışanda, hardasa, 4–5 metr enində, 500 metr uzunluğunda kəskin sərhəd əmələ gətirirdi. Adi gözlə iki çayın suyunun fərqi aydın görünürdü. 

Bəli, çayda işğal dövründə yüzlərlə balığın məhv olması nadir hadisə deyil. Bu cür hallar suyun keyfiyyəti və su ekosisteminin vəziyyəti ilə bağlı ciddi narahatlıq doğurur. Məsələ ilə bağlı coğrafiya elmləri doktoru Rza Mahmudov bildirib: “Çaydan götürülmüş su nümunələrində mis, molibden, manqan, dəmir, sink, xrom və s. kimi ağır metalların miqdarı normadan dəfələrlə artıqdır. Eyni zamanda, çayda bioloji varlıqların kütləvi məhv olması faktları bir daha təsdiq edir ki, onun suları Ermənistan ərazisindəki dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilir. Bu da onu göstərir ki, Oxçuçay, əslində, sənaye tullantılarını Ermənistanın bu bölgəsindən uzaqlaşdıran kollektor rolunu oynayır”. Bəs Ermənistan tərəfi bu narahatlıqlara necə cavab verir? Sənaye tullantıları lazımi qaydada təmizlənirmi? Çaya hansı maddələr axıdılır? Çirklənmənin qarşısını almaq üçün hansı tədbirlər görülür? Bu suallar açıq və əsaslandırılmış cavablar tələb edir. Ermənistanın fəaliyyəti ilə bağlı narahatlıqlar əsassızdırsa, şəffaf monitorinq və müstəqil laboratoriya yoxlamalarının nəticələri bunu ortaya qoymalıdır. Çirklənmə təsdiqləndiyi halda isə onun qarşısının alınması üçün konkret tədbirlər görülməlidir.

Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti ilə bağlı ekoloji narahatlıqlar isə yalnız Oxçuçayla məhdudlaşmır. Təəssüf ki, Həkərinin sağ qolu olan, əsasən, Ermənistan ərazisində formalaşaraq Azərbaycan ərazisinə daxil olan Bərgüşad çayı da çirklənmə təhlükəsi ilə üz-üzədir. Bunun səbəblərindən biri kimi çay hövzəsindəki dağ-mədən sənayesi müəssisələrinin fəaliyyəti və onların ərazisində qalan tullantılar göstərilir. Belə ki, Bərgüşad çayı üzərində yerləşən Dəstəgird mis-molibden kombinatının iqtisadi səmərəliliyi aşağı olduğundan bağlandığı bildirilir. Lakin müəssisənin ərazisində qalan tullantıların ətraf mühitə təsiri ilə bağlı narahatlıqlar davam edir.

Ekoloq Elman Cəfərli bildirib ki, Əkərək (Aqarak) mis-molibden kombinatının ağır metallar ehtiva edən mədən tullantıları Kərçivançay vasitəsilə Araz çayını çirkləndirir. O qeyd edib: “İl ərzində burada orta hesabla 4 milyon ton filiz emal edilir. Kombinatın Davazam tullantı anbarında 36,8 milyon kubmetr təhlükəli tullantı toplanıb. Tullantı anbarının suyu transsərhəd Araz çayına tökülür.

Göyçə vilayətində yerləşən və ildə təxminən 10 min unsiya qızıl hasil edən Daşdəm qızıl mədəni yerli su ehtiyatlarının çirklənməsi ilə bağlı narahatlıqlar doğurur. Mədənin çirkab sularında arsen və civə kimi insan sağlamlığına və ətraf mühitə zərərli ağır metalların yüksək konsentrasiyası aşkar edilib. Tullantı suları ilk növbədə yaxınlıqdakı çayları, o cümlədən regionun mühüm içməli su mənbələrindən biri olan Bərgüşad (Vorotan) çayını zəhərləyir. Bərgüşad çayı isə öz növbəsində Araz çayına tökülərək transsərhəd çirklənməyə səbəb olur və birbaşa Azərbaycanın ekoloji sisteminə zərər vurur. Ermənistanın Lori vilayətində yerləşən Axtala mədəni ildə təxminən 5 min ton mis və qurğuşun istehsal edir. Mədənin çirkab suları yaxınlıqdakı Tona çayını çirkləndirir. Həmin çay isə Kür çayına tökülür”.

Göründüyü kimi, Ermənistanın dağ-mədən sənayesinin tullantıları ilə bağlı narahatlıqlar Azərbaycanın əsas su mənbələri olan çayların ekoloji vəziyyətinə də aiddir. Belə çirklənmə su ekosistemlərinin flora və faunasına zərər vurmaqla yanaşı, çayların sahillərində yaşayan əhalinin sağlamlığı üçün də ciddi risklər yaradır.

Azərbaycanın narahatlıqları yalnız Oxçuçay, Bərgüşad və Ermənistan ərazisindən keçərək Araz çayına tökülən digər çaylarla məhdudlaşmır. Amulsar qızıl filizi yatağında hasilatın bərpası da Arpaçaya zərərli maddələrin axıdılması riskini gündəmə gətirir. Bu baxımdan, hasilat prosesinin ətraf mühitə təsirinin qiymətləndirilməsi və su ehtiyatlarının mütəmadi monitorinqi xüsusi əhəmiyyət daşıyır.

Mənbəyi Ermənistanda olan və çirklənmə riski ilə üzləşən çaylar, o cümlədən Devet çayı vasitəsilə Kür hövzəsinə, eləcə də Araz çayı vasitəsilə ölkəmizin su sisteminə təsir göstərə biləcək ekoloji problemlər Azərbaycanın su təhlükəsizliyi baxımından xüsusi diqqət tələb edir. Kür və Araz çayları ölkəmizin su təminatında və kənd təsərrüfatında mühüm rol oynayır. Bu çayların yuxarı axınında baş verən çirklənmə aşağı axında yerləşən ərazilərə də təsir göstərə bilər.

Bütün bunlar göstərir ki, Azərbaycanın işğal dövründən miras qalan ekoloji problemləri ilə yanaşı, transsərhəd su ehtiyatlarının çirklənməsi ilə bağlı narahatlıqları da aktuallığını qoruyur. Ermənistan ərazisindən Azərbaycana axan çayların vəziyyətinin mütəmadi izlənilməsi, çirklənmə mənbələrinin müəyyənləşdirilməsi və onların aradan qaldırılması üçün konkret tədbirlərin görülməsi vacibdir. Bu istiqamətdə şəffaf monitorinqin və müstəqil laboratoriya yoxlamalarının aparılması, nəticələrin ictimaiyyətə açıqlanması xüsusi əhəmiyyət daşıyır. Su ehtiyatlarının qorunması, torpaqların münbitliyinin saxlanılması, kənd təsərrüfatının inkişafı və əhalinin sağlamlığının təmin edilməsi belə tədbirlərin həyata keçirilməsindən birbaşa asılıdır.

Ona görə də transsərhəd suların qorunması region dövlətlərinin ortaq məsuliyyəti olmalıdır. Lakin bu məsuliyyət ilk növbədə çirklənmənin qarşısını almaq imkanına malik olan tərəfin konkret addımlar atmasını tələb edir.

Ermənistanın bu sahədə beynəlxalq əməkdaşlıq məsələsinə münasibəti də diqqət çəkir. Azərbaycan BMT-nin 1992-ci il Transsərhəd Su Axınlarının və Beynəlxalq Göllərin Mühafizəsi və İstifadəsi haqqında Konvensiyasına qoşulub, Ermənistan isə həmin Konvensiyanın iştirakçısı deyil. Bu sənəd transsərhəd suların qorunması, çirklənmənin qarşısının alınması, məlumat mübadiləsi və dövlətlər arasında əməkdaşlıq üçün mühüm çərçivə yaradır

Deməli çaylarımızla çirkləndiricilərin Araz hövzəsinə keçməsi riski böyükdür. Araz Azərbaycanın mühüm su mənbələrindən biridir. Bu çayın suyu kənd təsərrüfatında istifadə olunur, onun hövzəsində yaşayan insanların həyatı və dolanışığı su ehtiyatları ilə sıx bağlıdır. Çirklənmiş suyun suvarmada istifadəsi isə zərərli maddələrin torpaqda toplanmasına səbəb olur. Bu isə əkin sahələrinin vəziyyətinə və kənd təsərrüfatı məhsullarının keyfiyyətinə mənfi təsir göstərir. Ağır metalların torpaqda uzun müddət qalması təhlükəni daha da artırır. Beləliklə, söhbət təkcə çayların çirklənməsindən deyil, həm də torpağın münbitliyindən, fermerlərin əməyindən, ərzaq təhlükəsizliyindən və insanların sağlamlığından gedir.

Bu şəraitdə Ermənistan sənaye müəssisələrinin fəaliyyətinə nəzarət etməli, tullantı sularının təmizlənməsini təmin etməli və qonşu ölkəyə dəyən ekoloji zərərin qarşısını almalıdır. Heç bir dövlətin sənaye və iqtisadi maraqları başqa ölkənin su ehtiyatlarını təhlükə altına qoymaq hesabına təmin edilməməlidir. Bu, həm ekoloji, həm də mənəvi məsuliyyət məsələsidir.

Ermənistanın belə bir beynəlxalq mexanizmə qoşulmaması, eyni zamanda onun ərazisindən gələn çayların çirklənməsi ilə bağlı ciddi narahatlıqların mövcudluğu haqlı suallar doğurur. Ətraf mühitin qorunmasına həqiqətən önəm verən dövlət beynəlxalq əməkdaşlıqdan çəkinməməli, qonşu ölkələrlə birgə monitorinq aparmalı və çayların vəziyyəti barədə məlumatları açıq paylaşmalıdır.

Bunun əvəzinə ekoloji problemləri arxa plana keçirmək və beynəlxalq tədbirlər vasitəsilə müsbət imic yaratmağa çalışmaq düzgün yanaşma deyil. Ermənistan COP17-yə ev sahibliyi etməklə təbiətin qorunmasına sadiqliyini nümayiş etdirmək istəyirsə, bunu ilk növbədə öz ərazisindəki ekoloji problemləri həll etməklə göstərməlidir.

“Environmental Protection First” koalisiyasının müraciətində Qarabağ və Şərqi Zəngəzur ərazilərinin işğal dövründə meşələrin qırılması, təbii sərvətlərin istismarı və ətraf mühitə vurulan ziyanla bağlı məsələlər də qaldırılır. Bu iddiaların miqyası elmi araşdırmalar və etibarlı sübutlarla qiymətləndirilməli, müəyyən edilən ziyanın aradan qaldırılması üçün tədbirlər görülməlidir. Təbiətə vurulan zərərin nəticələri bir neçə günə aradan qalxmır. Meşələrin, torpaqların və su hövzələrinin bərpası uzunmüddətli və ciddi iş tələb edir.

Azərbaycan sərhədinə yaxın ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan sənaye layihələri də ekoloji baxımdan təhlükəlidir. Çünki nəzarətsiz sənaye müəssisələrinin fəaliyyəti qonşu ölkənin su ehtiyatları və əhalisi üçün təhlükəlidir. Ermənistanın COP17-yə ev sahibliyi etməsi ilə bağlı əsas sual da elə budur: təbiətin qorunmasını dünyaya nümayiş etdirmək istəyən bir dövlət öz ərazisindəki çirklənmə təhlükələrinə niyə eyni diqqətlə yanaşmır? Biomüxtəlifliyin qorunması yalnız beynəlxalq tribunadan səslənən bəyanatlarla mümkün deyil. Bunun üçün çayları çirkləndirən mənbələr aradan qaldırılmalı, sənaye müəssisələrinə nəzarət gücləndirilməli və təbiətə vurulan ziyana görə məsuliyyət təmin edilməlidir. Təbiətin qorunması məsələsində ikili standartlar nə ədalətlidir, nə də gələcək nəsillərin maraqlarına xidmət edir.

Bu gün Ermənistan qarşısında aydın tələblər var. Bu, çayların çirklənməsi ilə bağlı suallara cavab vermək, müstəqil monitorinqə şərait yaratmaq, sənaye tullantılarının təmizlənməsini təmin etmək və qonşu ölkələrlə ekoloji əməkdaşlığı gücləndirmək. Əgər qanun pozuntuları sübut olunarsa, məsul şəxslər və müəssisələr qanun qarşısında cavab verməlidirlər. Bu ölkə anlamalıdır ki, təbiətin qorunması adı altında beynəlxalq imic yaratmaqla real ekoloji problemləri ört-basdır etmək mümkün deyil. Bir tərəfdən biomüxtəlifliyin qorunmasından danışıb, digər tərəfdən qonşu ölkənin çaylarının çirklənməsi ilə bağlı narahatlıqları cavabsız qoymaq ciddi ziddiyyətdir. Belə bir yanaşma ekoloji məsuliyyət nümunəsi sayıla bilməz.

Beləliklə, Ermənistan COP17-yə ev sahibliyi etməyə layiq olduğunu göstərmək istəyirsə, ilk növbədə əməlləri ilə bunu sübut etməlidir. Oxçuçayın təmizlənməsi, çirklənmə mənbələrinin aradan qaldırılması, müstəqil yoxlamaların aparılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi bu istiqamətdə real addımlar olardı. Əks halda, təbiətin qorunması barədə səsləndirilən bəyanatlarla mövcud narahatlıqlar arasındakı ziddiyyət aradan qalxmayacaq. Bəli, təbiəti qorumaqdan danışan dövlət ilk növbədə öz əməlləri ilə bunu sübut etməlidir. Ermənistan üçün də əsas meyar beynəlxalq konfransa ev sahibliyi etmək deyil, çayları qorumaq, çirklənməni dayandırmaq və qonşu ölkələrin ekoloji təhlükəsizliyinə hörmət etmək olmalıdır.  

Hələlik isə Ermənistan sənayesnin çirkab suları, ölümsaçan zəhəri Azərbaycan və İran əhalisini su ilə təmin edən, Kür şayına qovuşub Xəzərə tökülən Araz çayına axır. BMT isə Irəvanda COP 17 keçirməklə ekoloji cinayətkarın təcrübəsini təşviq edir.

Pünhan ƏFƏNDİYEV

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью