Ermənistan sərhədlərə nəzarəti Rusiyadan alır

27.11.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan hakimiyyəti dövlət sərhədlərinin mühafizəsinin tamamilə ölkənin öz sərhəd xidmətinə verilməsini nəzərdə tutan genişmiqyaslı islahat hazırlayır.

Bakıvaxtı.az xəbər verir ki, “Jogovurd” qəzetinin məlumatına görə, noyabrın 26-da Baş nazir Nikol Paşinyanın sədrliyi ilə sərhəd xidmətinin inkişafı və modernləşdirilməsi məsələlərinə həsr olunmuş iclas keçirilib.

İclasda Baş nazirin müavinləri Mher Qriqoryan və Tiqran Xaçatryan, Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan, müdafiə naziri Suren Papikyan, daxili işlər naziri Arpine Sarkisyan və digər rəsmilər iştirak ediblər.

Hökumətin rəsmi açıqlamasında sərhəd xidmətinin imkanlarının genişləndirilməsi, infrastrukturun modernləşdirilməsi, əməliyyat idarəetməsi və beynəlxalq təcrübənin tətbiqi məsələlərinin müzakirə olunduğu bildirilib.

Lakin nəşr yazır ki, müzakirələrin əsas məqsədi Ermənistanın dövlət sərhədlərinin mühafizəsini müstəqil şəkildə həyata keçirməsinə nail olmaqdır.

Paşinyan bundan əvvəl keçirdiyi brifinqdə də Rusiya sərhədçilərinin Ermənistanda mövcudluğu məsələsinə toxunub. O, yaxın illərdə ölkənin sərhədlərinin qorunmasına görə tam məsuliyyəti öz üzərinə götürməli olduğunu bildirib və Rusiya tərəfinə uzunmüddətli xidmətinə görə təşəkkür edib.

Xatırladaq ki, noyabrın 2-də Paşinyan bütün dövlət sərhədinə nəzarətin mərhələli şəkildə Ermənistan Sərhəd Xidmətinə verilməsi planını açıqlayıb. Proses çərçivəsində sərhəd qoşunlarının statusunun dəyişdirilməsi də nəzərdə tutulur.

Ermənistan hökumətinin 2026-2031-ci illər üçün proqramında da ölkənin sərhədçiləri tərəfindən mühafizə olunan ərazilərin genişləndirilməsi, sərhəd xidmətinin hərbi komponentinin azaldılması və beynəlxalq təcrübənin tətbiqi planlaşdırılır.

Nəşr islahatları Ermənistanın Avropa İttifaqı ilə viza liberallaşdırılması istiqamətində apardığı dialoqla da əlaqələndirir. Bu çərçivədə biometrik pasport sisteminin tətbiqi və sərhəd-keçid məntəqələrində elektron nəzarətin genişləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Rusiya sərhədçiləri 2024-cü ilin avqustunda Zvartnots hava limanında xidmətlərini dayandırıblar. Ermənistan sərhədçiləri isə İran və Türkiyə ilə sərhədin müəyyən hissələrində 2025-ci il yanvarın 1-dən etibarən rusiyalı həmkarları ilə birgə xidmət aparırlar.

Murad İsmayıl

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью