Ermənistan siyasi psixoloji böhran içində: Baş nazir katolikosa, spiker sabiq prezidentə qarşı...

29.01.2026

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə uğrayan, 30 ildir işğal altıdna saxladığı torpaqları cəmi 44 gün içində tərk etməyə məcbur qalan Ermənistanda post-müharibə sonrası ortaya çıxan dərin siyasi-psixoloji böhran getdikcə dərinləşməkdədir. Məğlubiyyət sindromunun özü ilə gətirdiyi qarşılıqlı ittihamlardan tutmuş, ağır sosial-iqtisadi vəziyyətin formalaşdırdığı psixoloji gərginliyə qədər ən müxtəlif travmalardan əziyyət çəkən Ermənistan, bugünlərdə yeni qarşıdurma və ziddiyyətlərə meydan olması ilə diqqət çəkir.

Hər şeydən öncə qeyd edək ki, bəlli bir müddətdir ki, baş nazir Nikol Paşinyanla erməni katolikosu II Qaregin arasında yaşanan mübarizə bu gün də bütün şiddəti ilə davam edir. Kilsənin hegemonluğuna son qoymaq, onun dövlətə paralel şəkildə kütləyə hökm etməsini əngəlləməyə çalışan Paşinyan, bu gün mediaya verdiyi açıqlamada bir daha II Qaregini vəzifədən uzaqlaşdırmaq üçün bütün tədbirləri görəcəyini vurğulayıb.

Qeyd edək ki, hakimiyyətlə kilsə arasındakı bu qarşıdurma Ermənistan cəmiyyətində ciddi qütbləşmə yaratmaqda, onun daxilində parçalanma meyillərini gücləndirməkdədir.

Ermənistan hakimiyyətində təmsil olunan, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edən digər məşhurlar, eləcə də siyasi güclər arasında da açıq qarşıdurma sürətlə genişlənməkdədir. Bu cür qarşıdurmalardan biri də Ermnistan parlamentinin spikeri Alen Simonyanla sabiq prezident Robert Koçaryan arasında yaşanmaqdadır. Koçaryanın onun ünvanına dediyi “belə etibarsız adam orduda normal xidmət edə bilməzdi” sözləri ilə özünün təhqir olunduğunu bildirən Simonyan, Koçaryanı məhkəməyə verəcəyini bildirib.

Ermənistanda bu qəbildən olan qarşıdurma və məhkəmə çəkişmələrinin sayı kifayət qədərdir. Bütün bunlar Ermənistandakı siyasi-psixoloji, ruhi-mənəvi gərginliyi, təzad və ziddiyyətləri, bu ziddiyyətlərin barışmazlığını əks etdirir.

Baş verənlər onu deməyə əsas verir ki, bu gün Ermənistan cəmiyyətini sadəcə fiziki aclıq deyil, həm də kin, nifrət, qisas kimi duyğular yeməkdədir. Proseslərin təhlili göstərir ki, 44 günlük müharibədə sadəcə əsgərlərinin deyil, həm də arzularının yasını tutan ermənilər heç cür milli birlik, həmrəylik əldə edə bilmirlər. Əksinə, Ermənistan cəmiyyətində “ifşa müharibəsi” günü-gündən alovlanmaqda, hər gün öz yeni qurbanlarını tapmaqdadır. Sonu görünməyən və Ermənistanın bədbəxtliyinə əlavə bədbəxtlik qatan bu müharibənin regiona nə verəcəyini isə zaman göstərəcək. Hələlik məlum olan isə bir həqiqət var: Bu da Ermənistandakı bu daxili, gözəgörünməz, insnaları içindən yeyən müharibənin yaxın tezliklə qurtarmayacağı gerçəyidir.

Seymur ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью