Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Türk dünyası ilə Qafqazı birləşdirən coğrafi və tarixi mərkəzlərdən biri kimi Azərbaycan dövləti İslam həmrəyliyinin gücləndirilməsini öz siyasətinin mühüm istiqamətlərindən biri kimi uğurla həyata keçirir. Eyni zamanda rəsmi Bakı Ermənistanla sülh gündəliyinə sadiq qaldığını və bu istiqamətdə məqsədyönlü addımları davam etdirməyə hazır olduğunu qətiyyətlə vurğulayır.
Ancaq Ermənistanda hökumət mahiyyətcə bir-biri ilə sərt təzad təşkil edən açıqlamalarla hər günü birtəhər başa vurmağa çalışır. Faşist xislətli erməni müxalifəti isə guya “indiki vəziyyətin müvəqqətiliyi, gələcək uğurların yaxında olduğu” barədə xam xəyallar qurub kimlərisə aldatmaqla məşğuldur”.
Bu fikirlər “Mədəni və Etnik Müxtəliflik Mərkəzi”nin sədri Seyfəddin Hüseynlinin 525.az-a açıqlamasında yer alıb.
O bildirib ki, Azərbaycanda və Ermənistanda müşahidə olunan hazırkı hadisələr regional əməkdaşlıq, sülh prosesi, dinc qonşuluq kimi mühüm məsələlərdə bu iki dövlətin mövqeyini xarakterizə etmək üçün çox tutarlı ipucları verir: “Azərbaycan İslam dünyasında qarşıdurmaların dayandırılmasını və müsəlman ölkələrinin vahid ailə kimi birləşməsini dəstəkləyir.
Bir tərəfdə mühüm bir beynəlxalq konfrans üçün Azərbaycanda toplaşmış dini liderlər Qarabağ və Şərqi Zəngəzura səfər edirlər. Onlar 30 illik işğalın nəticələri və hazırkı bərpa-quruculuq işləri ilə tanış olaraq öz haqlı münasibətlərini, səmimi reaksiyalarını dilə gətirirlər. Xocalı soyqırımı, işğalın nəticəsi olan dəhşətli dağıntılar, məscidlərin, dini-mənəvi ünvanların viran qoyulub təhqir edilməsi təkcə Azərbaycanın deyil, bütün İslam aləminin və türk dünyasının tarixi yaddaşındakı çox ağrılı, faciəvi məqamlar kimi vurğulanır.
Digər tərəfdə, yəni Ermənistanda isə hakimiyyət dildə, pafoslu bəyanatlarda sülhdən, əməkdaşlıqdan bəhs edir. Hər həftə hökumət başçısı İrəvanda parlamentin əsas kürsüsündən bu mövzuda bərbəzəkli ibarələr, çılğınlıq saçan nitqlər yağdırır. Amma ordan enib iş başına gedəndən sonra daşı daş üstünə qoymaq istəmir. Məsələn, bu yolda ilk mühüm addımlardan olan konstitusiya dəyişikliyi üçün referenduma getməkdən yayınır. Ölkə daxilindəki revanşizmdən qidalanan separatçı tör-töküntüləri susdura bilmir və ya, böyük ehtimalla, susdurmaq istəmir. Belə çıxır ki, Ermənistan, faktiki olaraq, “sözdə sülh, əməldə revanşizm” niyyətindədir. Bu baxımdan Ermənistanın mövcud hakimiyyəti əvvəlki separatçı-daşnak nüvəli iqtidarlardan elə də fərqlənmir. Zahirən nisbi fərqləri olsa da, məzmun-mahiyyətcə oxşar, hətta təxminən eynidir. Görünür, qonşuluqdan, əməkdaşlıqdan danışıb “qisas üçün” fürsət gözləmək, aşkarda sülhdən dəm vurub gizlincə silahlanmaq Ermənistan iqtidarlarının hər birinə xas olan köhnə, sağalmaz mərəzdir”.
S.Hüseynlinin fikrincə, mədəniyyət nümunələrinin mühafizəsindən, qeyri-maddi irsin və dini-tarixi abidələrin qorunmasından bəhs etməyə erməni tərəfinin heç bir mənəvi haqqı yoxdur. Bununla bağlı xüsusən son zamanlar çirkin bir fəallaşma müşahidə olunur. Əsasən cinayətkar əməllərlə vəsait toplayan fondların yardımı hesabına separatçılığı körükləməyə yönəlmiş kampaniyalar aparılır: “Ermənilərin bu mövzuda qaldırdıqları hay-küy tamamilə əsassız, hətta bir neçə cəhətdən gülüncdür. Çünki onların Qarabağdakı “erməni mədəni irsi” adı altında nəzərdə tutduqlarının böyük bir qismi qədim alban mədəniyyətinə məxsusdur. O məbədlər, kilsələr, digər tikililər və sənət əsərləri Azərbaycan albanlarının dini-mənəvi həyatının günümüzə gəlib çatmış təzahürləridir. Yəni həmin nümunələri tarixin bəlli mərhələsində ermənilər məngirləsə də, bütün bunlar əslində alban mədəni irsinin təkrarsız inciləridir.
Haqqında hay-haşir qopardıqları tikililərin başqa bir qismi isə Qarabağda erməni separatizminin tüğyan etdiyi, yaxud müvəqqəti nəzarətə yiyələndiyi vaxtdan qalandır.
Digər “mənəvi irs nümunələri” barədə də ermənilərin iddialarının mahiyyəti saxta, içərisi boşdur. Eynilə bir ara Qarabağdakı məbədlərə, tarixi məkanlara düzdükləri qurub-qoşma “nəşrlər”, çölü bəzək, içi... heç nə olan “qədim nüsxələr” kimi!”
S.QARAYEVA