Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Globalinfo.az sabiq xarici işlər naziri Elmar Məmmədyarovla müsahibəni təqdim edir: – Elmar bəy, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda strateji tərəfdaşlıq haqqında saziş imzaladılar.
Donald Trampın prezidentlik dövrünün başlamasına sayılı günlər qala belə bir sənədin imzalanması nədən xəbər verir?
– Əslində, bunda təəccüblü nə isə yoxdur, imzalaya bilərlər. Məndə sual yaradan yeganə məqam Ermənistanın nə etmək istədiyidir.
Məsələn, İran və Rusiya bunu necə qəbul edəcək? Həmin sazişdən daha çox bu iki ölkə narahat olmalıdır.
Məsələ ondadır ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvüdür.
Bundan başqa, İranla da strateji tərəfdaşdırlar. İndi də ABŞ-la strateji tərəfdaşlıq haqqında sənəd imzalayırlar.
Bu sənədlər arasında uzlaşmayan məqamlar var. Hesab edirəm, Rusiyanın reaksiyasını gözləmək lazımdır.