Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Ermənistan parlamenti 27 oktyabrda TRIPP sazişinin ratifikasiyası məsələsinə baxmağa başlayıb.
“Cebheinfo.az”-ın məlumatına görə, bununla bağlı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxış edib.
O bildirib ki, sənədə əsasən, Ermənistan “TRIPP Development” şirkətində 26 faiz, ABŞ tərəfi isə 74 faiz paya sahib olacaq.
Bu nisbət 49 il müddətində qüvvədə olacaq və bundan sonra tərəflər tərəfdaşlığı daha 50 il uzada biləcəklər.
Sonra əlavə investisiya qoyulmadan Ermənistanın payı avtomatik olaraq 49 faizə, ABŞ-nin payı isə 51 faizə qədər artacaq.
Mirzoyanın sözlərinə görə, müqavilə layihənin hüquqi əsasını təşkil edən sənədlərdən biridir.
Yaxın gələcəkdə daha iki sənəd - tərəflər arasında səhmdar müqaviləsi və “TRIPP Development” şirkətinin nizamnaməsi hazır olacaq.
Nazir qeyd edib ki, “TRIPP Development” şirkəti hər zaman yalnız ABŞ hökumətinin nəzarəti və mülkiyyəti altında qalacaq.
Mirzoyan vurğulayıb ki, müqavilə, layihənin Ermənistanın maraqlarına uyğun və yurisdiksiyası daxilində həyata keçirilməsini təmin edəcək mexanizmlər təqdim edir.
O, sənədin sonrakı müzakirələri zamanı bu mexanizmləri daha ətraflı təqdim etməyə hazır olduğunu bildirib.
Xarici işlər naziri ümid etdiyini bildirib ki, Ermənistana iqtisadi və siyasi fayda gətirə biləcəyinə inandığı layihə parlament tərəfindən dəstəklənəcək.
Mirzoyan yalnız hakim fraksiyanın səslərinə deyil, həm də müxalifət fraksiyalarının müsbət mövqeyinə və dəstəyinə əsaslı şəkildə güvəndiyini bildirib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin