Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
Rusiyadan Ermənistana təbii qazın verilməsi sentyabrın 15-dən 25-dək müvəqqəti dayandırılıb.
Turkustan.az “Svobodnaya Pressa” nəşrinə istinadən xəbər verir ki, rəsmi açıqlamada səbəb magistral qaz kəmərində planlı profilaktik və təmir işlərinin aparılması göstərilir.
İrəvan isə əhalinin və digər istehlakçıların qazla təminatında problem yaranmayacağını, ölkənin kifayət qədər ehtiyatının olduğunu açıqlayıb. Bu müddətdə Ermənistanın əlavə qaz tələbatının İran hesabına qarşılanacağı bildirilir. Beləliklə, son illərdə Rusiya qazından asılılığı azaltmaq barədə danışan İrəvan üçün bu 10 günlük dövr faktiki olaraq alternativ mənbənin imkanlarını sınaqdan keçirmək baxımından da diqqət çəkir. Hazırda Ermənistan enerji sistemində Rusiya qazının çəkisi kifayət qədər böyükdür.
“Sputnik Ermənistan”ın məlumatına görə, 2025-ci ildə “Qazprom” Ermənistana təxminən 2,7 milyard kubmetr qaz tədarük edib. İran istiqamətindən isə “qaz-elektrik enerjisi mübadiləsi” proqramı çərçivəsində ildə təxminən 476 milyon kubmetr qaz daxil olur.
Məhz bu mənzərə fonunda sentyabrın 15-dən başlayan fasilə sırf texniki məsələ olmaqla yanaşı, siyasi müstəvidə də şərh edilməyə başlayıb.
Rusiya mətbuatında bəzi ekspertlər hesab edirlər ki, qaz məsələsi Moskva ilə İrəvan arasında münasibətlərin gələcəyi ilə bağlı daha geniş prosesin tərkib hissəsi ola bilər. Politoloq Sergey Stankevich “Svobodnaya Pressa”ya açıqlamasında qaz kəmərinin qısa müddətə dayandırılmasını “siyasi alt-mətnə malik texniki məqam” kimi qiymətləndirib.
Onun sözlərinə görə, qaz təchizatının dayandırılması Nikol Paşinyanın Moskvaya mümkün səfərinə hazırlıq dövrünə təsadüf edir və bu, səfərin informasiya fonuna təsir göstərə bilər. Ekspert Moskvanın İrəvandan Rusiya ilə Avropa İttifaqı arasında seçim məsələsində daha aydın mövqe gözlədiyini iddia edib.
Moskva son aylarda İrəvanın xarici siyasət kursunda yaranan dəyişikliklərə daha açıq reaksiya verir. Rusiya prezidenti Vladimir Putinin sentyabrın əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Nikol Paşinyanla görüşündə Ermənistanın Aİ-yə mümkün üzvlüyü məsələsinin müzakirə edildiyi bildirilmişdi. Bundan sonra Ermənistanın hansı inteqrasiya modelini seçəcəyi məsələsi Rusiya-Ermənistan gündəliyinin əsas mövzularından birinə çevrilib. İndi isə enerji faktoru bu siyasi qarşıdurmanın fonunda daha həssas görünür.
Rusiya qazının Ermənistana hansı qiymətlə satılması da ayrıca mübahisə predmetidir. Rusiyalı politoloq Andrey Suzdalçev “Svobodnaya Pressa”ya bildirib ki, Moskva Ermənistan üçün qazın min kubmetrini təxminən 177,5 dollara satır və bu qiymət 2026-cı ilin sonu – 2027-ci ilin əvvəlinə qədər qüvvədə olan razılaşma ilə müəyyənləşdirilib. Ermənistan üçün əsas problem isə alternativ mənbələrin həcmi və qiymətidir. İran qazı hazırda Rusiya qazını tam əvəz edə biləcək həcmdə deyil. İranla mövcud mexanizm əsasən elektrik enerjisi müqabilində qaz mübadiləsinə əsaslanır. Buna görə də Rusiya ilə uzunmüddətli qaz münasibətlərinin tamamilə dayandırılması halında İrəvanın daha böyük həcmdə alternativ qaz tapması lazım gələcək.
Burada coğrafi faktor da Ermənistanın qarşısında ciddi məhdudiyyət yaradır. İran istiqaməti mövcuddur, lakin onun imkanları Rusiya xəttinin tam əvəzi deyil. Digər potensial istiqamət Türkiyədir. Ancaq Ermənistan-Türkiyə münasibətlərinin hazırkı vəziyyəti və regiondakı geosiyasi proseslər bu variantın nə dərəcədə real və sərfəli olacağı ilə bağlı suallar doğurur./Musavat.com