525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Pərvanə SULTANOVA
[email protected]
Ermənistanla Rusiya arasında münasibətlərdə böhran davam edir. Son günlərin hadisələrini izləyəndə, bu böhranın daha da dərinləşdiyini görmək olur. İyulun 27-də Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığının detalları, eyni zamanda, rəsmi səviyyədə verilən digər bəyanatlar da gərginliyin artdığını nümayiş etdirir.
Moskva İrəvanın Qərbə üz tutmasını çox sərt qarşılayır və bunun əvəzində bir sıra addımlar atır. Hansı ki, bunlar İrəvanın iqtisadi vəziyyətini daha da ağırlaşdırır. Artıq may ayından başlayaraq Ermənistan məhsulları "Rosselxoznadzor"un sanksiya siyasətinə məruz qalıb. Qadağa və gücləndirilmiş yoxlamalar kənd təsərrüfatı sektorunun əsas məhsullarını - meyvə-tərəvəz, o cümlədən quru meyvələri, süd məhsullarını, balıq, konservləşdirilmiş məhsullar, güllər, mineral su və erməni konyaklarına tətbiq edilib. Bu günlərdə Ermənistandan Belarus vasitəsilə Rusiyaya gətirilməyə cəhd göstərilən 39 mindən çox qızılgül aşkarlanaraq ölkəyə buraxılmayıb. Məlumata görə, yükün fitosanitar sənədlərində uyğunsuzluqlar aşkarlanıb, idxalın qarşısı alınıb, güllər məhv edilib. Həmçinin "Rosselxoznadzor" İranın Bitki Mühafizəsi Təşkilatına müraciət edərək, Rusiyaya ixrac üçün gül sertifikatlarının müvəqqəti dayandırılmasını istəyib. Bildirilib ki, sənədlərdə mənşə ölkəsi İran göstərilsə də, məhsulun görünüşü və qablaşdırılması əvvəllər Ermənistandan gətirilən güllərlə eynidir. Qurum İrandan Rusiyaya gül ixracının kəskin artmasını da Ermənistan mənşəli güllərin təkrar ixracı ehtimalı ilə əlaqələndirib.
İrəvan tərəfinin rəsmi açıqlamasına görə, 27 iyulda telefon danışığında əsas mövzu məhz Ermənistan ixracatçılarının Rusiya bazarına məhsul tədarük edərkən üzləşdiyi ticarət maneələri olub. Nikol Paşinyan vurğulayıb ki, erməni mənşəli malların Rusiya bazarına ixracına qoyulan məhdudiyyətlər Ermənistan-Rusiya hüquqi bazasına və Avrasiya İqtisadi İttifaqının (Aİİ) müddəalarına ziddir. O, həmçinin bu məsələlərin həlli üçün tədbirlər görməyə çağırıb.
Kreml isə 29 may 2026-cı ildə Astanada qəbul edilmiş Aİİ üzv dövlətlərinin - Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın Birgə Bəyanatına sadiqliyini vurğulayıb. Bu sənəddə dörd dövlət faktiki olaraq İrəvanın Avropa İttifaqına (Aİ) qoşulmaq və ya Avrasiya İqtisadi İttifaqının tərkibində qalmaqla bağlı mümkün qədər tez bir zamanda milli referendum keçirilməsinin zəruriliyi əksini tapıb.
Ermənistanın Aİİ üzvlüyü təbii ki, ona bir sıra iqtisadi dividentlər verir, bura geniş rüsumsuz bazarlara çıxış, güzəştli enerji qiymətləri, kapital və işçi qüvvəsinin sərbəst hərəkəti və s. daxildir. Paralel olaraq Ermənistan Avropa İttifaqına yaxınlaşma kursuna başlayıb, hökumət hələ ötən il ölkənin Aİ-yə üzvlüklə bağlı qanun layihəsini təsdiqləyib. Sənəddə deyilir ki, Ermənistan Avropa İttifaqına "üzvlük prosesinin başladığını elan edir".
Paşinyan Avropa İttifaqına inteqrasiya hədəfini iyunun 7-də keçirilən parlament seçkiləri ərəfəsində təqdim olunan siyasi platformasına daxil etmişdi. Seçkilərin nəticəsində hakim partiya parlamentdə səs çoxluğunu qazanaraq bu kursu davam etdirmək mandatı əldə edib. Öz növbəsində Avropa Komissiyası Rusiyanın tətbiq etdiyi ticarət məhdudiyyətlərindən zərər çəkən Ermənistanın özəl sektoruna dəstək məqsədilə iyun ayında 34 milyon avro vəsait ayırıb. Aİ-nin Ermənistandakı nümayəndəliyindən bildirilib ki, qərar Avropa Komissiyasının sədri Ursula Fon der Lyen ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığından cəmi iki həftə sonra qəbul edilib. Bildirilib ki, bu, Brüsselin öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi deməkdir. Ayrılan vəsait İrəvana nəzərdə tutulan daha geniş yardım paketinin birinci tranşıdır. Maliyyə dəstəyi ilk növbədə Rusiyanın qadağalarından ən çox zərər çəkmiş sahələrə - aqrar-sənaye, balıqçılıq, gülçülük və digər ixracyönümlü sektorlara yönəldiləcək.
Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər təbii ki, Ermənistan iqtisadiyyatı üçün böyük zərbədir. Çünki məlumdur ki, Rusiya Ermənistan məhsullarının əsas alıcısı və ən böyük ticarət tərəfdaşıdır. Ermənistanın kənd təsərrüfatı sektoru demək olar ki, tamamilə Rusiyadakı istehlakçılardan asılıdır. Belə olan halda, ixrac məhdudiyyətlərinin nəticələrini təsəvvür etmək çətin deyil.
Ermənistan lideri ötən gün mövzuya yenidən toxunub, bildirib ki, ölkəsinə qarşı ixrac məhdudiyyətləri ilə bağlı vəziyyət təkcə Ermənistan üçün deyil, həm də Avrasiya İqtisadi İttifaqı üçün problemdir: "Əgər bu məsələ tezliklə həll olunmasa, bu, Aİİ-nin sonunun başlanğıcı ola bilər. İndi hamımız görürük ki, problem Ermənistanda deyil, Aİİ-dədir, çünki reallıq budur ki, bu təsisat iflic vəziyyətindədir və işləmir".
Paşinyan hesab edir ki, Ermənistanın bütün məsələlərdə alternativləri olmalıdır: "Ən əsası odur ki, Ermənistan Respublikasının alternativlər hazırlamaq üçün qanuni hüququ var. Mən Rusiya prezidentinə dedim ki, biz bu yolu açmışıq və onu davam etdirəcəyik, xüsusən də Ermənistan xalqının buna səs verdiyi üçün. Seçkiqabağı dövrdə dediyim kimi, siyasətimiz nəticəsində Ermənistanın alternativsiz qalacağını təsəvvür edə bilmirəm. Burada sual budur ki, bu alternativ nə vaxt reallaşdırılmalıdır".
Aİ və Aİİ arasında seçimlə bağlı referendum keçirmək məsələsində Paşinyanın mövqeyi belədir ki, səsvermədən əvvəl Ermənistan ən azı rəsmi olaraq Aİ-yə üzvlük üçün müraciət etməlidir. Görünən odur ki, Ermənistan rəhbərliyi vaxt qazanmağa çalışır və Avrasiya bazarının faydalarından yararlanmaq imkanını qaçırmaq istəmir. Amma Rusiyanın təzyiqləri də artmaqda davam edir.
Yeri gəlmişkən, Putin Paşinyanı seçkidə qələbəsi münasibətilə təbrik etməyib. Paşinyan bununla bağlı suala cavabında "İstəmədi, təbrik etmədi", - deyib.
Putinin təbrikinin onun üçün əhəmiyyətli olub-olmaması ilə bağlı Baş nazir deyib ki, "Bilirsiniz, burada belə bir sual yaranır: bəs onda kiminlə danışırdı?"
Ermənistan-Rusiya münasibətlərindəki böhranının necə davam edəcəyi, İrəvanın Aİİ, yoxsa Aİ üzərində dayanacağını Milli Məclisin deputatı Hikmət Babaoğlu "525"ə şərh edib.
Onun sözlərinə görə, Ermənistan-Rusiya münasibətləri 2018-ci ildən bu günə qədər gərginləşməkdə davam edir. Amma bunun özünün də bir limiti var: "Yəni bu münasibətlər nə qədər gərginləşə bilər və sonra qopma nöqtəsinə çata bilər. Mənə elə gəlir ki, qopma nöqtəsi düşünüldüyü və ya göründüyü qədər tez baş verəcək hadisə deyil. Ancaq hazırda Rusiya Federasiyası tələb edir ki, artıq mövqelərinizi dəqiqləşdirin və Paşinyanın da buna çox konkret cavab var ki, "bizim Avrasiya İqtisadi İttifaqından çıxmaq fikrimiz yoxdur. Əgər referendum keçirmək lazımdırsa, biz rəsmi şəkildə Avropa İttifaqına girməklə bağlı müraciət etsək, onda referendum keçirə bilərik". Mənə elə gəlir ki, bu, kifayət qədər məntiqli bir cavabdır".
Deputata görə, məsələnin başqa tərəfi ondan ibarətdir ki, hamı elə bilir ki, o cümlədən Rusiyada elə başa düşürlər ki, İrəvan müraciət edər-etməz dərhal onu Avropa İttifaqına qəbul edəcəklər, onu elə Avropa İttifaqında gözləyirlər:
"Məsələ belə deyil. Avropa İttifaqının nizamnaməsi hər şeydən öncə Ermənistanın Avropa İttifaqına qəbul olunmasına imkan vermir. Çünki Avropa İttifaqına üzv olan ölkə Avropa qitəsində yerləşməlidir. Ermənistan bu qitə ilə həmsərhəd də deyil. İkincisi, Avropa İttifaqının öz kriteriyaları var. Ermənistanın hazırkı iqtisadi, sosial və siyasi münasibətlər sistemi bu kriteriyalara cavab vermir. Ona görə, məncə, Putinin hədəfi başqadır. O başa düşür ki, qısa müddətdə Avropa İttifaqı ilə Ermənistan arasında münasibətlər üzvlük səviyyəsinə gəlib çata bilməz. Sadəcə, Putin hesab edir ki, ətrafında baş verən strateji, hərbi-siyasi proseslər kontekstində əmin olmalıdır ki, Ermənistan onun orbitindən çıxmayacaq. Amma bir şey aydındır ki, Avropa İttifaqına qəbul olunsa da, olunmasa da, Ermənistan mütləq bu orbitdən çıxmağa çalışacaq. Çünki Paşinyan yenə son günlərdə verdiyi açıqlamalarda bildirdi ki, bütün məsələlərdə alternativ xarici siyasət də müəyyənləşdirməliyik".
Konkret olaraq, bu hadisələrin necə inkişafına gəldikdə isə H.Babaoğlu deyib ki, hərbi, siyasi, iqtisadi platformalarda müxtəlif ssenarilər mövcud ola bilər: "Rusiyanın bu ssenarilərdən hansını daha məqsədəuyğun hesab edəcəyi Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılı olacaq".